Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
13:10 - 20 İyun 2024
Azad sahibkarlığın və bütövlükdə liberal iqtisadiyyatın formalaşması bu gün həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir. Ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” gizli iqtisadiyyatın məhdudlaşdırılmasını, eyni zamanda liberal iqtisadiyyatın genişləndirilməsini özündə ehtiva edir.
Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir. Dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir.
Liberal iqtisadiyyat - xüsusi mülkiyyətin iqtisadiyyatda payının çox olması və üstün mövqe tutması, qanunvericiliyin sahibkarlığı müəyyən dövlət qurumları tərəfindən ola biləcək təsirlərdən qoruması, dövlət tənzimlənməsinin məhdud xarakter daşıması və əsasən makroiqtisadi prosesləri əhatə etməsi, ümumi daxili məhsulda dövlət büdcəsinin payının az olması, yəni yeni yaradılmış dəyərin daha az hissəsinin büdcə vasitəsilə yenidən bölüşdürülməsi və sair bu kimi prinsiplərlə xarakterizə olunan təsərrüfat sistemidir. Bu əsasda bazar iqtisadiyyatının liberal modelinin əsas elementləri dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi şəraitində azad sahibkarlığa, tələb-təklif əsasında formalaşan azad qiymətlərə və azad rəqabətə geniş meydan verilməsidir.
Millət vəkili Vüqar Bayramov Manset.az-a açıqlamasında vurğulayıb ki, bu gün iqtisadiyyatın liberallaşdırılması Azərbaycanda ən kreativ məsələlərdən biridir:
"Eyni zamanda 2030-cu ilə qədər olan prioritetlərdə də liberal iqtisadiyyatın qurulması və "gizli iqtisadiyyat"ın payının azaldılması, bu istiqamətdə islahatların dərinləşməsi ilə bağlı xüsusi tədbirlər nəzərdə tutulub və strategiyada milli prioritetlərdən biri də məhz bu istiqamətdə liberal iqtisadiyyatın daha da gücləndirilməsi, iqtisadi imkanların daha da artırılmasından ibarətdir. Bu baxımdan "2022-2026-cı illər iqtisadi və sosial inkişaf strategiyası"na uyğun olaraq dövlət tərəfindən bir sıra addımlar atılır. 2023-cü ildə qanunvericiliyin təkmilləşdirilməsi ilə Azərbaycan Respublikasının Rəqabət məcəlləsi qəbul olundu"
Deputat onu da qeyd edir ki, liberal iqtisadiyyat azad sahibkarlığın formalaşmasını, həm də iqtisadiyyatdaki inkişafın dayanıqlığını qoruyub saxlayır. Bununla da daha dayanıqlı strateji inkişafın əldə edilməsinə imkan yaradır:
"Bizim qiymətləndirmələr onu göstərir ki, azad sahibkarlıqla bağlı əsas bariyerlərdən biri, xüsusilə regionlarda, bir sıra hallarda sahibkarların fəaliyyətinə olan müdaxilələrdir. Bu davranışlar sahibkarlıq fəaliyyətinə qarşı arzuolunan deyil. Ölkə rəhbərliyi tərəfindən də dəfələrlə yersiz müdaxilələrin tamamilə aradan qaldırılması ilə bağlı göstərişlər verilib. Eyni zamanda daha çox elektron xidmətdən istifadə olunması və elektronlaşmanın genişləndirilməsi vacibdir.
Vüqar Bayramov bildirir ki, "Asan xidmət" mərkəzlərinin yaradılması bu istiqamətdə kifayət qədər geniş və şəffaf xidmətlərin göstərilməsinə imkan yaratdı. Hazırda elektron xidmətlərin artımı da dövlət tərəfindən müşahidə olunmaqdadır:
"Düşünürəm ki, sahibkarlığın istifadə etdiyi elektron xidmətlərin də dairəsi eynilə bu şəkildə genişləndirilməlidir.
Digər mühüm məqamlardan biri isə sahibkarların kredit resurslarına çıxış imkanının artırılması bununla da kiçik-orta sahibkarlığın genişləndirilməsidir. Çünki maliyyə resurslarına çıxış imkanlarının artırılması kiçik-orta sahibkarlığın daha yaxından irəliləməsinə və bununla da liberal iqtisadiyyat və azad sahibkarlığın daha da inkişaf etməsinə xidmət etmiş olur. Bu səbəbdən sahibkarlığın dəstəklənməsi və liberal iqtisadiyyatın təşviq edilməsi bizim üçün prioritetdir".
Millət vəkili Vahid Əhmədov isə bildirib ki, liberal iqtisadiyyatın öz kəmiyyət və keyfiyyət göstəriciləri var:
"Azərbaycanda bu iqtisadiyyat 1992-ci il yanvarın 1-dən tətbiq edilir. Keçən dövr ərzində Azərbaycanda liberal iqtisadiyyatın inkişafı ilə bağlı böyük addımlar atılıb. Dövlət başçısı cənab İlham Əliyevin göstərişinə əsasən bir çox qanunlar qəbul edilib, fərmanlar imzalanıb. Faktiki olaraq bu gün Azərbaycanda liberal iqtisadiyyat var, lakin o hələ özünün ən yüksək səviyyəsinə çatmayıb. Bunun üçün bizə xeyli vaxt lazımdır. Çünki orada vergi, gömrük, bank sistemi və onun qurulması və s. kimi bir çox məsələlər kifayət qədər böyük bir yol tələb edir. Biz isə bu yolda layiqincə irəliləyirik".
Deputat qeyd edib ki, ölkəmizdə bu istiqamətin düzgün irəliləməsi üçün Sahibkarlığın İnkişafı Fondu fəaliyyət göstərir, aşağı faizlərlə kreditlər verilir, yəni bu sahədə dövlət başçımızın dəstəyi ilə uğurlu əməliyyatlar keçirilir. Həmçinin Milli Məclisdə də lazımi qanunlar qəbul edilir:
"Mənim fikrimcə, azad sahibkarlığın və liberal iqtisadiyyatın təbliğı və təşviqində bəzi maneələr var. Bizim üçün hazırda liberal iqtisadiyyatda ən böyük maneə monopoliya və ya inhisardır. Uzun müddətdir ki, biz monopoliya və inhisarı aradan qaldırmaq üçün Aərbaycan Respublikasının Rəqabət Məcəlləsini qəbul etmək istəyirdik. Nəhayət, 2023-cü ildə biz bu məcəlləni qəbul etdik. Hazırda bu sahədə normativ sənədlər hazırlanır. Yəqin ki, ikinci yarımildən qüvvəyə minəcək. Azad sahibkarlıq liberal iqtisadiyyatın əsas prinsiplərindən biridir, çünki liberal iqtisadiyyat azad rəqabətlə formalaşır."
Deputatın dediyinə görə digər bir maneə isə odur ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil deyil:
"Biz bu təşkilata daxil olmaq üçün böyük səy göstəririk. Sözsüz ki, Ümumdünya Ticarət Təşkilatına qoşulmağın bəzi mənfi cəhətləri də var. Məsələn, əgər təşkilatın bir üzvüsənsə, artıq gömrük tariflərinə və gömrük rüsumlarına müdaxilə edə bilməyəcəksən. Və məhsulun keyfiyyəti aşağıdırsa onu satmaq sənin üçün problemli olacaq. Bu məsələlərin həllini tapması üçün müəyyən danışıqlar aparılır və bütün bunlar sübut edir ki, liberal iqtisadiyyatln inkişafı üçün dövlət daim hərəkətdə və axtarışdadır".
Fidan Əliyeva
6.3.12. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin