Deputat bu şəxslərə güzəştli şərtlərlə mənzil, kreditlər verilməsini təklif etdi - VİDEO

14:15 - 26 İyun 2024

Deputat bu şəxslərə güzəştli şərtlərlə mənzil, kreditlər verilməsini təklif etdi - VİDEO

“Hazırda təhsil sistemi ilə əmək bazarı arasında bir uyğunsuzluq mövcuddur. Yəni, ali təhsilli mütəxəssislər çox olduğu halda, ölkədə sözün əsl mənasında mütəxəssis çatışmazlığı yaşanır.”

 

Manset.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında çıxış edən deputat Emin Hacıyev səsləndirib.

Emin Hacıyev bildirib ki, Azərbaycanda peşə təhsili daha çevik hala gətirilməli, müxtəlif imtiyazlar vasitəsilə daha çox gənc peşə təhsili almağa stimullaşdırılmalıdır: “Düzdür, son illər ölkədə peşə təhsilinin inkişafına xüsusi diqqət yetirilir, bu sahəyə əvvəlki illərlə müqayisədə marağın artması müşahidə olunur. Amma bu proses ləng gedir. Azərbaycanda hər il orta məktəblərdən məzun olan 100-102 min nəfərin yalnız 10-12 faizi peşə təhsili müəssisələrinə yönəlir. Müqayisə üçün deyim ki, Almaniyada bu rəqəm 50-60 faiz, İsveçrədə 60-65 faiz, Niderlandda 40 faizdir. Hesab edirəm ki, Azərbaycanda peşə təhsili daha çevik hala gətirilməli, müxtəlif imtiyazlar vasitəsilə daha çox gənc peşə təhsili almağa stimullaşdırılmalı, sənayelərin ehtiyaclarına cavab verən yüksək keyfiyyətli təhsili təmin etmək üçün peşə təhsili kurrikulumu yenilənməli, praktiki təlim imkanları üçün bizneslərlə tərəfdaşlıq gücləndirilməlidir. Peşə təhsili sistemi iqtisadiyyatın drayverinə çevirilməlidir.”

Deputat sonda öz təklifini də səsləndirib:  “Təklif edərdim ki, ölkəmizdə müxtəlif müəssisələrdə çalışan - peşə təhsilli mütəxəssislərə də güzəştli şərtlərlə mənzil, kreditlər əldə etmək imkanı təmin edilsin. Bu kimi hallar gənclərin erkən yaşda karyera planlamasına müsbət təsir edən addımlardan olardı”.

Deputatın çıxışını təqdim edirik:

 


Xəbər xətti

29 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin