Diaspor quruculuğu - Bizi güclü edən həmrəyliyimiz!

11:12 - 14 İyun 2024

Diaspor quruculuğu - Bizi güclü edən həmrəyliyimiz!

Azərbaycan dövlətinin tərəqqisi naminə ölkədən kənarda yaşayan həmvətənlərimizin həmrəyliyinin, diaspor quruculuğu və lobbiçilik institutunun inkişafı vacib faktorlardandır. Ona görə də harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı mədəniyyətimizi, milli mənəvi dəyərlərimizi qorumaq, azərbaycançılıq ideologiyasını layiqincə təbliğ və təmsil etmək üçün daim səy göstərməlidirlər.

Ölkənin xarici siyasətində diaspor və lobbiçiliyin inkişafı, həmçinin, münaqişələrin həllində də ciddi əhəmiyyətə malikdir. Hazırda əcnəbi ölkələrdə yaşayan azərbaycanlılar müxtəlif təşkilatlar yaradır, ölkə həqiqətlərini dünyaya çatdırır və dövlətə dəstək nümayiş etdirirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Manset.az-a bildirilib ki, bu gün xaricdə fəaliyyət göstərən 561 diaspor təşkilatı dünyanın 51 ölkəsini əhatə edir. Hazırda dünya azərbaycanlılarını birləşdirən 15 Koordinasiya Şurası fəaliyyət göstərir, müxtəlif ölkələrdə 29 Azərbaycan Evi açılıb. Yaxın illərdə daha 10 Azərbaycan Evinin açılması planlaşdırılıb. Diasporla İş üzrə Dövlət Komitəsi diaspor təşkilatları və Koordinasiya Şuralarının interaktiv xəritəsini yaradıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri açılıb. Ümumilikdə xarici ölkələrdə 100-dən çox həftəsonu Azərbaycan məktəbləri fəaliyyət göstərir. Minlərlə azərbaycanlı uşaq və gənc həmin məktəblərdə dilimizi, tariximizi, mədəniyyətimizi öyrənir. Komitə Elm və Təhsil Nazirliyi ilə birlikdə həmin məktəblər üçün müasir üslubda “Azərbaycan dili” dərsliyi hazırlayaraq soydaşlarımıza göndərib.

Komitədən verilən məlumata görə, Zəfər Gününün dünyada təbliği, diasporumuzun təşkilatlanmasına hesablanmış, xaricdəki elmi potensialla əlaqənin möhkəmlənməsi sahəsində layihələr, beynəlxalq tədbirlər həyata keçirilir.           Həmçinin Xocalı soyqırımının tanıdılması və “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində geniş təbliğat aparılır, mina probleminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində işlər aparılır.

Millət vəkili Rüfət Quliyev Manset.az-a açıqlamasında vurğulayıb ki, ölkəmizdə diaspor quruculuğu ilə bağlı böyük işlər gedir:

Deputat Rüfət Quliyev böyük məbləğdə CƏRİMƏLƏNDİ

“Bu prosesin düzgün irəliləməsi üçün istər dövlət tərəfindən, istər hökümət tərəfindən, həmçinin ictimaiyyət tərəfindən də böyük dəstək vardır. Biz burada maliyyə dəstəyindən, siyasi dəstəkdən və bizim xaricdə fəaliyyət göstərən səfirliklərin verdiyi dəstəkdən söhbət aça bilərik. Düşünürəm ki, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunandan sonra kifayət qədər müsbət dəyişikliklər baş verib və hələ də davam etməkdədir.

Komitə sədri ayda iki və ya üç dəfə xaricə səfər edir. O, ən son Yaponiyada olub, hətta orada bizim azərbaycanlı bir vətəndaşla yaponiyalı bir xanımın ailə qurmasına köməklik göstərib. Nazirliklər və dövlət qurumları ilə rəsmi görüşlər keçirilib. Diasporlar birləşir, bir nöqtəyə vururlar, çalışırlar ki, birgə addımlar atsınlar, yəni artıq bir ölkədə iki və daha artıq diaspor təşkilatları var. Onlar eyni platformada birləşirlər. Əlbəttə, azərbaycançılıq, dövlətçilik, milli maraqlar və s. bu tip ideallara xidmət etmək üçün artıq bütün işlər qurulub. Bu səbəbdən, mən hesab edirəm ki, diaspor fəaliyyəti kifayət qədər yüksəkdir”.

Deputat qeyd edir ki, ölkəmizin amalı  adət-ənənələrimizi, milli tariximizi, gələcəyimizi, cənab prezidentin keçirdiyi siyasəti beynəlxalq miqyasda işıqlandırmaq, birləşmək və hər kəsin eyni nöqtəyə vurmasını təşkil etməkdir:

“Sözsüz, biz istəyərdik ki, daha aktiv olsunlar. Mən daha çox Rusiya və Ukrayna diasporları ilə görüşlər keçirirdim. Hazırda isə Tailandda  qrup rəhbəriyəm, orada kiçik bir diaspor qrupu fəaliyyət göstərir. Həmçinin digər ölkələrdə, Qazaxıstanda, Qırğızıstanda da fəaliyyət göstərən müxtəlif diaspor qurumları mövcuddur. Orada milli-siyasi ruhda yazan bloggerlərlə də görüşlər keçirilir. Mən hər zaman məsləhət görürəm ki, xarici ölkələrdə baş verən  siyasi məsələlərdə diasporlar aktiv olsunlar. Ən azından vilayət deputatı, şəhər deputatı, əgər mümkündürsə birləşib milli parlamentin üzvü olmalıdırlar. Çünki Azərbaycanın mövqeyini müdafiə etmək üçün gərək siyasi alətlər əlimizdə olsun”.

Rüfət Quliyev bildirir ki, hazırda Azərbaycan brendlərinin təbliğatı və təşviqatı ilə məşğul olmaq bizə daha çox uğur gətirə bilər:

“Mən istəyirəm , hər yerdə bilsinlər ki, Azərbaycan necə məhsullar istehsal edir, bizim şirkətlər hansı xidmətləri insanlara təqdim edə bilir. Bütün bunlar bizim üçün çox önəmlidir. Çünki biz cənab prezidentin səyləri nəticəsində beynəlxalq ticarətdə çox aktiv bir yer tutmuşuq və bunu inkişaf etdirməkdə davam edirik. 2024-cü ildə ən azı yeddi və ya səkkiz  beynəlxalq toplantılar keçiriləcək, bir çox beynəlxalq proseslərə ev sahibliyi ediləcək.Hazırda bunun ən gözəl nümunəsi COP29-dur. Bu yığıncaq BMT-nin Baş Assambleyası ilə eyni səviyyədədir. Bu məsələlərin təbliğatında diasporlar da çox geniş iştirak etməli və öz öhdəliklərini düzgün, ardıcıl və məqsədyönlü şəkildə həyata keçirməlidirlər”.
 

Fidan Əliyeva

6.3.14.Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

 

 



Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin