BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınadı

22:21 - 25 Oktyabr 2021 - DÜNYA

“BMT-nin Baş katibi Antonio Qutereş Sudanın paytaxtı Xartumda davam edən hərbi qarşıdurmanı və Sudanın siyasi keçidinə, sabitliyinə təhlükə yarada biləcək bütün hərəkətləri şiddətlə qınayır. BMT Sudanda siyasi keçidinin reallaşmasına sadiqliyini və dəstəyini bir daha bəyan edir. Bu keçid prosesinə xələl gətirmək cəhdləri Sudanın təhlükəsizliyini, sabitliyini və inkişafını riskə atır”.

Manşet.az xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib. O, BMT-nin Baş katibi Antonio Qutereşin maraqlı tərəfləri dərhal dialoqa çağırdığını deyib:

“Baş katib keçid dövrü üçün imzalanmış Konstitusiya Bəyannaməsində nəzərdə tutulan idarəetmə mexanizmlərinin dərhal yenidən qurulmasını tələb edir. Baş nazirin, hökumət rəsmilərinin və siyasətçilərin qanunsuz olaraq saxlanılması qəbuledilməzdir. Baş verənlər Konstitusiya Bəyannaməsinin müvəffəqiyyəti üçün vacib olan ortaqlığa ziddir. Baş katib, baş nazirin və özbaşına saxlanılan digər şəxslərin dərhal azad edilməsini tələb edir. Maraqlı tərəflər dərhal dialoqa qayıtmalı və Sudanın keçid prosesini bərpa etmək üçün vicdanla hərəkət etməlidirlər. BMT Sudan xalqının sülh, firavan və demokratik bir gələcək üçün mücadilələrində onların yanlarında olmağa davam edəcək”.

Qeyd edək ki, oktyabrın 24-dən 25-nə keçən gecə Sudanda növbəti hərbi çevriliş olub. Hökumət və parlament binaları mühasirəyə alınıb, Xartum Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.

Report


Loading...

Xəbər xətti

3 Dekabr 2021