"Azərbaycan Türk Şurasının mediaforumunda təkliflər irəli sürüb" - Rövşən Məmmədov

11:13 - 25 Oktyabr 2021

"Qürurverici hadisədir ki, Türk Şurasının mediaforumunun əsas mövzularından biri məhz Qarabağ mövzusu, Azərbaycanın Qarabağda əldə etdiyi zəfər və ortaya qoyduğu reallıqlar oldu. Sevindirici haldır, çünki bu gün türk dövlətlərinin və xalqlarının bir araya gəlməsində Qarabağ zəfəri müstəsna rol oynayır".

 

Manset.az xəbər verir ki, bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında Türkiyənin İstanbul şəhərində keçirilən Türk Şurasının mediaforumunda iştirak edən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov bildirib.

R.Məmmədov qeyd edib ki, xarici ölkələrin nümayəndələri azərbaycanlılara yaxınlaşaraq Qarabağ zəfəri ilə bağlı suallar ünvanlayıbla: "Bu, Azərbaycan xalqının yalnız türk dünyasında deyil, qlobal müstəvidə tanıtımıdır. Həmçinin Azərbaycan dövlətinin, xalqımızın əldə etdiyi uğurun bütün türk dövlətləri arasında paylaşılmasıdır".

Onun sözlərinə görə, Azərbaycanın Qarabağdaki möhtəşəm qələbəsini bütün türk dünyası öz qələbəsi hesab edir: "Bu mənada düşünürəm ki, bütün türk birliyinin, türk dövlətləri arasındaki ittifaqın əsas tezisi, ana xətti məhz budur - Azərbaycanın Qarabağ zəfəri və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin istər hərb meydanında, informasiya cəbhəsində, istərsə də diplomatiyada yürütdüyü siyasətin və əldə etdiyi qələbənin real nəticələrini öyrənmək istəyirlər. Bu uğur düsturunu öyrənmək istəyirlər".

R.Məmmədov əlavə edib ki, Azərbaycanın bu ideoloji xəttin başında getməsi sevindirici haldır. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən Türk Şurasının mediaforumunda panel çıxışçılarından olan R.Məmmədov Azərbaycan tərəfinin müəyyən təkliflər irəli sürdüyünü də vurğulayıb: "Təbii ki, belə forumların əhəmiyyəti həm də onunla ölçülür ki, iştirak edən tərəflər, dövlət müəyyən təkliflər verirlər. Azərbaycan tərəfi olaraq bizim də verdiyimiz əsas təkliflərdən biri, türkdilli ölkələrin və xalqların ortaq media platformunun yaradılmasıdır. Bunun qlobal müstəvidə istər Avropa, Asiya, istərsə də Afrika miqyasında bir sıra nümunələri var. Beləliklə, Azərbaycanın və digər bütün türkdilli dövlətlərin birgə, ortaq media platformasının, agentliyinin yaradılması və beynəlxalq səviyyədə digər media qurumları ilə hərtərəfli əməkdaşlıq etməsi mühüm faktordur".


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin