Prezident İsrailin nazirini qəbul etdi
22 Noyabr 2024
10:05 - 7 İyun 2024
Abşeron rayonunda 1996-cı il təvəllüdlü Kənan yüngül həyat tərzi keçirən 1990-cı il təvəllüdlü Rəvanəni (adlar şərti verilib - red.) qətlə yetirib.
Manset.az Teleqraf.com-a istinadən xəbər verir ki, Kənan borclarının yaranması ilə əlaqədar düşdüyü çətin maddi vəziyyətdən çıxmaq üçün yüngül həyat tərzi keçirən, fahişəliklə məşğul olan qadınların hər hansı birinin pulunu ələ keçirmək qərarına gəlib.
30 oktyabr 2022-ci ildə gecə saat 23 radələrində o, Abşeron rayonunda "Masazır dairəsi" kimi tanınan əraziyə yollanıb. Orada pul qarşılığında intim xidmət göstərmək niyyəti ilə dayanıb müştəri gözləyən Rəvanənin əlində müxtəlif əskinaslarda pul məbləği olduğunu görüb, onun daha çox pul qazanacağını ehtimal edib və bir müddət gözləyib.
Gecə saat 1 radələrində Rəvanəyə yaxınlaşıb, 80 manat müqabilində intim münasibət barədə razılığa gəlib. Birgə gecə saat 2 radələrində mehmanxanaya gediblər.
Onlar mehmanxananın 1 nömrəli kabinetinin içərisindəki girişlə üzbəüz otağa daxil olub və orada təxminən 30 dəqiqə cinsi əlaqədə olublar. Rəvanə razılaşdıqıları 80 manatı istədikdə Kənan əvvəlcədən planlaşdırdığı kimi ondan üzərində olan nağd pulu tələb edib. Buna etiraz etdikdə, hər iki əli ilə onun boğaz nahiyəsindən tutaraq bir neçə dəqiqə bərk sıxıb. Qadını boğub öldürdükdən sonra onun 150 manatını götürüb.
"Borcum var idi"
İstintaq orqanı tərəfindən Kənanın barəsində Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, evlərdə günəmuzd fəhlə işləyib, tutulana qədər isə Kürdəxanı qəsəbəsində 20 gün malyar işi görüb:
"Əvvəllər Bakının müxtəlif yerlərində kirayə yaşasam da, 2022-ci ildə Kürdəxanı qəsəbəsində Rafiq adlı şəxsin evində qalmağa başladım. Rafiqlə əvvəllər evində iş gördüyüm Orxan adlı şəxs vasitəsilə tanış olmuşam. Orxan mənə Rafiqin evində də usta işləri görməyimi təklif etdi. Mən də Rafiq ilə görüşdüm.
Aramızdakı razılıq bundan ibarət oldu ki, Rafiqin Kürdəxanı qəsəbəsində yaşadığı evin həyətində yerləşən evi təmir edəcəyəm. Sonrakı mərhələdə qiyməti danışacağam.
Bakıda daimi yaşayış yerim olmadığı üçün daha rahat iş görüm deyə Rafiqin icazəsi ilə həmin evdə qalmağa başladım. Rafiq mənə dedi ki, evin kommunal xərcləri üçün hər ay 100 manat verərəm. Əlavə olaraq bir yerdə fəhlə kimi işlədiyim, adı yadımdan çıxan şəxsə 150 manat borcum da var idi".
"Cinsi əlaqədə olmaq, pulunu ələ keçirmək istəmişəm"
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan başqa dolanışığı zəif, maddi vəziyyəti aşağı olub, evdən də maddi dəstək ala bilməyib:
"Bu səbəbdən ağlımda yalnız hansısa yolla olursa-olsun, pul əldə etmək fikri olub. Bunun üçün "Masazır dairəsi"ndə dayanaraq yüngül həyat tərzi keçirən qadınların hər hansı birindən pul əldə etmək qərarına gəldim. Daim intim münasibətdə olduqları üçün onlarda həmişə pul olur. Həm onların biri ilə cinsi əlaqədə olmaq, həm də pulunu ələ keçirmək istəyirdim.
Bir neçə il Masazırda bacımgildə qaldığım üçün oraları müəyyən qədər tanıyırdım. Gecələr Masazır və Xırdalan dairəsində yüngül həyat tərzi keçirən qadınların dayandığını bilirdim".
"Əvvəllər intim münasibətə girməmişəm"
Təqsirləndirilən şəxsin sözlərinə görə, axşam saat 8 radələrində Kürdəxanı qəsəbəsində müvəqqəti qaldığı evdən çıxıb və metronun "Koroğlu" stansiyana gəlib:
"Orada metroya minib "20 Yanvar"da düşdüm. 525 nömrəli avtobusla "Masazır dairəsi" istiqamətinə gəldim. Gecə saat 11 radələri olardı. Artıq ərazidə yüngül həyat tərzi keçirən 3-4 qadın dayanmışdı. Öldürdüyüm qadın da onlar arasında idi. Onun adını bilmirdim. Mərhumun adını sonradan polislərdən öyrəndim.
Rəvanəni yalnız hadisə günü görmüşəm və yalnız o zaman onunla əlaqəm olub. Əvvəllər heç vaxt heç bir qadınla intim münasibətə girməmişəm".
"Qız taksi çağırdı"
Kənan bildirib ki, gecə saat 1 radələrində Rəvanənin bu işdən xeyli pul qazandığını düşünüb və onun pullarını ələ keçirməyi qərarlaşdırıb: "Beləcə, qıza yaxınlaşdım. Ondan hansı qiymət qarşılığında intim münasibətə girdiyini soruşdum. "1 saatlıq 80 manat" deyə cavab verdi. Mən də bununla razılaşdım. Yaxınlıqda yerləşən mehmanxanaya getmək razılığına gəldik.
Qız özü taksi çağırdı. Maşınla mehmanxanaya çatdıq. Gecə təxminən 02:00 olardı. Qız hotelin işçisi olan tanımadığım şəxsə yaxınlaşdı, danışığının məzmununu eşitmədim. Qız hotelin işçisinə 10 manat verdi, sürücü də getdi. İşçi bizə hotelin 1 nömrəli kabinetindəki girişlə üzbəüz otağı verdi. Hər ikimiz otağa daxil olduq. Həmin hotelə əvvəllər 1-2 dəfə gecələmək məqsədilə getmişəm. Lakin həmin kabinetdə olmamışam. Kabinetdə başqa otaq da vardı. Biz kabinetə daxil olduqda digər otaq boş idi.
Otağa daxil olduqdan sonra qapını bağladıq. Rəvanə ilə bir qədər sevişdikdən sonra hər ikimiz paltarlarımızı çıxardıq. Qız hamama girdi. Təxminən 3-5 dəqiqə ərzində yuyundu, sonra yanıma gəldi".
"Köməyə heç kimi çağıra bilmədi"
Kənanın ifadəsinə görə, Rəvanə ilə otaqdakı çarpayıda yarım saata yaxın cinsi əlaqədə olub: "Cinsi əlaqədən sonra Rəvanə məndən 80 manatı istədi. Mən üzərimdə pul olmadığını bildirdim və qərarlaşdırdığım kimi əksinə, ondan üzərində olan bütün pulları tələb etdim. O, qəti surətdə mənə pul verməyəcəyini bildirdi.
Rəvanənin pul verməyəcəyini və israr etsəm, qışqır-bağır salacağını gördüm. Artıq gecə 3 radələri olardı. Rəvanəni çarpayıda hər iki əlimlə boğmağa başladım. Baş barmağımla boğazını, qırtlaq nahiyəsini bərk sıxdım. Qız xırıldadı, amma hələ nəfəs alırdı. Mənə müqavimət göstərə bilmədi, yalnız əl-ayaqları ilə çabaladı.
Bir anlıq huşu özündən getdi. Lakin bir neçə saniyə sonra yenidən nəfəs almağa başladı. Bu dəfə artıq nəfəs almaması, yəni ölməsi üçün boğazını eyni nahiyədən daha bərk sıxdım. Xırıltı səsləri çıxmaması üçün digər əlimlə ağzını örtdüm. O, heç kimi köməyə çağıra bilmədi".
"Öldüyünə əmin oldum"
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2-3 dəqiqə əlləri Rəvanənin boğazında olub və sıxmağa davam edib: "Nəhayət, Rəvanənin xırıltısı kəsildi və öldü. Ağız nahiyəsindən azacıq qan gəlməyə başladı. Öldüyünə əmin olduqdan sonra onu lüt vəziyyətdə hamama apardım. Məqsədim qapını açan şəxsin meyiti dərhal yox, yalnız hamama girəndə görə bilməsi və beləcə, vaxt qazanmağım idi.
Meyiti hamamda döşəmə üzərinə uzatdıqdan sonra yenidən çarpayı olan otağa qayıtdım. Əvvəlcə Rəvanənin əl çantasının içinə baxdım. Orada pul görmədim. Çantanın içində yalnız günəbaxan tumu, sovurma konfet və bəzi kosmetik ləvazimatlar vardı. Rəvanənin üzərində mobil telefon da yox idi.
Daha sonra Rəvanənin paltarlarındakı cibləri yoxladım. Cins şalvarın sağ yan cibindən 150 manat çıxardım. Həmin pulu götürdüm".
"Meyitinin aşkar olunduğunu düşündüm"
Kənanın sözlərinə görə, daha sonra otaqdan çölə çıxıb və qapını bağlayıb: "Kabinetdə yerləşən ümumi zaldakı masada tanımadığım 1 qız və 1 oğlan oturmuşdu. Onlar, deyəsən, kabinetdə hansısa otağın boşalmasını gözləyirdilər. Qızla oğlana dedim ki, olduğum otağa girməyin, 1 saat artıq qalacağam.
Sonra onlardan siqaret almaq üçün dükan yeri soruşdum. Hotelin yaxınlığında dükan olduğunu dedilər. Həyətdə hotelin işçisi ilə qarşılaşdım və ondan da siqaret almaq üçün yer soruşdum. O da hotelin yaxınlığındakı dükanın yerini göstərdi. Mən siqaret alıb geri qayıdacağımı dedim.
Çölə çıxdıqdan sonra "Masazır dairəsi" istiqamətinə, yəni hotelin girişindən sol tərəfə məhəllələrin arası ilə qaçdım. Həyəcanlı olduğum üçün məhəllə arası qaça-qaça təxminən 20-25 dəqiqə sonra yenidən təsadüfən hotel istiqamətinə qayıtdım. Artıq polis maşınının hotelin ətrafında olduğunu gördüm.
Rəvanənin meyitinin aşkar olunduğunu düşündüm və bu dəfə başqa istiqamətə məhəllələr arası qaçaraq oradan uzaqlaşdım".
"Cəmi 1 manat qaldı"
Kənan qeyd edib ki, saat təxminən 5 radələrində bacısı Vəfanın Masazırda yerləşən evinə tərəf gəlib: "Qapını yeznəm açdı və niyə bu saatda evə gəldiyimi soruşdu. Mən baş vermiş hadisə barəsində məlumat vermədən yeznəm və bacıma dostlarımla yeyib-içmək məclisində olduğumu, məclisdən gec çıxdığımı, maşın tapa bilmədiyi üçün evə qayıda bilmədiyimi dedim.
Bacımgildə təxminən 1 saat uzandım. Saat 6 olan kimi evdən çıxdım. Daha sonra "Masazır dairəsi" istiqamətinə gedərək orada dövlət qeydiyyat nişanını xatırlamadığım maşına 1 manat verməklə "20 Yanvar" dairəsinə getdim.
Oradan da 1 manat verməklə taksidə "Koroğlu" metrostansiyasına, ardınca Kürdəxanı qəsəbəsində kirayə yaşadığım ünvana getdim. Səhər təxminən 8 radələrində evə çatdım. Paltarlarımı çıxardım. Bir neçə dəqiqə hamamda yuyundum sonra yatdım.
Günorta radələrində götürdüyüm puldan 100 manat ev sahibi Rafiqə verdim. Qalan 50 manat pulun 49 manatını taksi, yemək, siqaret və su xərclərinə sərf etdim. Götürdüyüm puldan cəmi 1 manat qaldı".
"Öldürdüyümü etiraf etdim"
Kənan deyib ki, səhəri günü bütün günü evdə olub: "Əvvəlcə polis orqanlarına gedərək təslim olmaq istədim. Lakin televizor kanallarına baxdıqda Rəvanənin ölümü ilə bağlı heç bir xəbər verilmədiyini görüb rahatlaşdım. Təxminən günorta saat 2 radələrində Abşeron Rayon Polis İdarəsi əməkdaşları qapını döydü. Mənim ad-soyadımı soruşduqdan sonra Rəvanənin ölümü ilə əlaqəli olub-olmadığım barəsində suallar verdilər.
Artıq polislərin nəyə görə gəldiyini başa düşdüm və elə oradaca polislərə Rəvanəni boğaraq öldürdüyümü etiraf etdim".
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Kənan 19 il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin