Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

11:24 - 24 May 2024

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Dövlətçilik tarixi və milli adət-ənənələr hər bir xalqın mövcudluğu baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqı milli, siyasi, elmi, ədəbi, mədəni sahələrdə zəngin qədim tarixə malikdir. Hazırda inteqrasiyanın sürətləndiyi bir vaxtda milli dövlətçilik ənənələrinin yeni nəsillərə ötürülməsi, keçmişə sahiblənərək gələcəyə müasir baxışın sərgilənməsi kimi mühüm məsələlərə xüsusi diqqət yetirilir.

 

Mövzu ilə bağlı Manset.az-a açıqlamasında Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə xanım Hüseynova bildirib ki, milli məfkurəmizi, tariximizi və mənəvi dəyərlərimizi gələcək nəslə ötürmək cəmiyyət olaraq bizim vacib missiyalarımızdan biridir. Özümüzə məxsus adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi gündəlik həyatımız, davranışımız, əxlaqi keyfiyyətlərimiz ilə uzlaşdırmalıyıq.  

 

İradə Hüseynova qeyd edib ki, 44 gün sürən Vətən Müharibəsi əslində adət-ənənələrimizin, milli mənəvi, əxlaqi dəyərlərimizin və Heydər Əliyevin işıqlı ideyalarının qalibiyyətidir:


“Hazırda qloballaşma və inteqrasiya şəraitində yaşayırıq. Bunun da özünəməxsus təzahürləri var. Amma eyni zamanda biz öz mental keyfiyyətlərimizi, milli mentalitetimizi hər zaman nəzərə almalı, qorumalı və inkişaf etdirməliyik. Hər bir xalqın varlığının əsası, bəlkə də yeganə təminatçısı onun dilidir. Ana dilimiz bizim milli varlığımızı müəyyən edən başlıca amillərdəndir. Varlığımızı qorumaq istəyiriksə, dilimizə, dinimizə, adət-ənənələrimizə, tariximizə layiqincə sahib çıxmalıyıq. Müasir şəraitə uyğun olaraq bunu həyat tərzimizə çevirməliyik.  Azərbaycan həm Şərqin, həm də Qərbin kəşisdiyi əlverişli coğrafi ərazidə yerləşir. Bizim milli-mənəvi dəyərlərimizi dünyanın heç bir ölkəsinin dəyərləri ilə müqayisə etmək istəməzdim. Çünki bizim milli, mənəvi dəyərlərimiz çox zəngin və ibrətamizdir. Xalqımızın böyük oğlu, qüdrətli tarixi şəxsiyyət Heydər Əliyev hər zaman gənclərimizin azərbaycançılıq ideologiyası və milli məfkurə ruhunda tərbiyə olunmasını xüsusi vurğulayırdı. Gənc nəslin milli ruhda, vətənə, xalqa sevgi ruhunda tərbiyə olunması son dərəcə vacib məsələlərdən biridir. Son 30 ildə, təməlini Heydər Əliyevin qoyduğu siyasət nəticəsində bu gün bizim cəmiyyətimiz irəliləyir, dinamik inkişaf edir, dünya müstəvisində özünü geniş perspektiv imkanı olan qüdrətli dövlət, etibarlı tərəfdaş kimi təsdiq edir. Hazırda Heydər Əliyevin işıqlı, nurlu ideyalarının davamçısı, Azərbaycan dövlətçiliyinin, suverenliyinin, müstəqilliyinin möhkəm keşiyində duran, ərazi bütövlüyümüzü bərpa edən rəşadətli qəhrəman Ali Baş Komandanımız Cənab İlham Əliyev bu ideyaları yüksək səviyyədə həyata keçirir. İkinci Qarabağ Müharibəsi, şanlı zəfərimiz bir daha onu göstərdi ki, doğrudan da bizim xalqımızın qəhrəman oğul və qızları məhz o yüksək milli mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə olunub”. 

İradə xanım vurğulayıb ki, istər vətəndə, istərsə də Azərbaycanın hüdudlarından kənarda fəaliyyət göstərməsində asılı olmayaraq gənclərimiz vətəninin milli maraqlarının daşıyıcısı və hər zaman onları yüksək səviyyədə müdafiə etməyi bacaran bir vətəndaş kimi özünü təsdiq etməlidir:

“Kütləvi informasiya vasitələrimizin əsas vəzifələrindən biri milli adət-ənənələmizin, mədəniyyətimizin təbliğ olunması istiqamətində əsərlər, məqalələr, publikasiyalar, verilişlər hazırlamaqdır. Televiziyalarda milli mentalitetimizin qorunması, mənəvi dəyərlərimizin inkişafı istiqamətində maarifləndirici verilişlər hazırlanmalıdır ki, gənc nəslin nümayəndələri baxanda lazımlı biliklər, dəyərlər, düzgün zövq əldə etsinlər. Düşünürəm ki, bu sahədə görüləsi işlər çoxdu. Hazırda  Azərbaycan Dövlət Televiziyasının “Mədəniyyət” kanalını bu baxımdan çox bəyənirəm. Orda doğrudan da maarifləndirici, səviyyəli, cəmiyyətimiz üçün lazım olan verilişlər hazırlanır. Digər özəl kanallarda da bu cür verilişlər çoxluq təşkil etsə cəmiyyətimizin xeyrinə olar. 
Onu da qeyd etmək istəyirəm ki, bizim təhsilimizi, elmimizi, mədəniyyətimizi yüksək səviyyədə təcəssüm etdirən ölkənin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna əhəmiyyətə malik fəaliyyəti var. Xalqımızın milli incisi olan muğamımız, aşıq musiqisi, zəngin mətbəximiz, kəlağayımız, müasir dövrdə yüksək səviyyədə dünya müstəvisində təbliğ olunur, tanıdılır, bütün cahana bəyan edilir. Muğamımız və aşıq sənətimiz YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Bunlar xalqımızın, dövlətimizin xeyrinə olan vacib amillərdir. Biz cəmiyyət olaraq bu dəyərləri qorumalıyıq. Bir ziyalı olaraq bunu söyləməyi özümə borc bilirəm ki, bizim geniş fəaliyyət dairəmiz var, bu da bizim tələbə gənclərimizdir. Həmişə çalışıram ki, tarixi biliklərlə yanaşı, gənclərimizin təfəkkürünün, dünyagörüşünün formalaşmasında, yüksək əxlaqi dəyərləri təlqin edim. Hər zaman tələbələrimə müraciət edərək deyirəm ki, savadlı, bilikli olmaqla yanaşı, həm də yüksək insani keyfiyyətlərin sahibi olmalısınız. İlk növbədə öz vətəninizi, ölkənizi sevməli, qorumalısınız. Gəncimiz tarixi həqiqətlərimizi, Azərbaycanın milli maraqlarını, dövlətin maraqlarını hər zaman yüksək səviyyədə müdafiə etməyi bacarmalıdır.Yəni vətəndaşlıq, milli təəsübkeşlik ruhu hər birimizin canında, qanında olmalıdır”.

Politoloq Mütəllim Rəhimli isə bildirib ki, Azərbaycan vətəndaşı olaraq hər kəsin dövlətin maraqlarını ifadə etməsində məsuliyyəti olmalıdır. Biz yalnız birlikdə bizə qarşı olan təhdidləri və təqibləri aradan qaldıra, eyni zamanda inkişaf edə bilərik: 

“Hər bir xalq tarixdə qazandığı uğurlara görə fəxarətlə yaşayır. Bu baxımdan hər bir xalqın da haqqı var ki, öz dövlətçilik tarixini, adət-ənənələrini, əxlaqi dəyərlərini və mədəniyyətini yaşatsın və təbliğ eləsin. Bu həm də cəmiyyətin formalaşması və dövlətin inkişafı baxımından olduqca vacibdir. Xüsusilə, indiki qloballaşma prosesində sırf xalqlara məxsus mədəniyyətlərin dağılması, əxlaqi dəyərlərin aşınması prosesi getdiyinə görə, demək olar ki, kiçik xalqlar böyük xalqlar arasında əriyib məhv olmaqdadır. Bunun qarşısı alınmalıdır. Azərbaycan dövlətinin çox qədim tarixi var. Biz gələcəyimizi qurmaq üçün təbii ki, keçmişimizi dərindən bilməliyik. Bu baxımdan Azərbaycanın elm adamlarına elm sahəsində çalışan institutlara və universitetlərə imkan yaradılmalıdır ki, bu sahədə tədqiqatlar aparsınlar. Çünki biz cəmiyyətdə nə qədər ümumi təbliğat işi qursaq da, əgər bunun elmi əsasları olmayacaqsa bu əsaslı və inandırıcı təsir bağışlamayacaq və uzun müddətdə getməyəcək. Bu, sadəcə olaraq su üzərində yazılan bir yazıya bənzəyə bilər. Ona görə də sözügedən dövlətçilik tarixinin milli adət-ənənələrin, elm və ya mədəniyyətin təbliği üçün ilk növbədə elm adamları bu sahədə fundamental tədqiqatlar aparmalıdır. Bu tədqiqatlar sayəsində biz həm öz cəmiyyətimizdə, beynəlxalq aləmdə bir tanıtma işini apara bilərik. Bunun üçün çoxsaylı dövlət sifarişləri olmalıdır. Çünki elə sahələr var ki, bu sahələrdə alimlərin tədqiqatları onlara əlavə maddi gəlirlər gətirir. Amma sözü gedən məsələlərlə bağlı tədqiqatlara isə özəl şirkətlərin hər hansı bir səviyyədə vəsait yatırmaq maraqları yoxdu. Bu sahə bilavasitə dövlətin nəzarətində olmalıdır. Bundan başqa, dövlətin istənilən probleminin həllində hər bir vətəndaş məsuliyyət hiss etməlidir. Təəssüf ki, bizdə uzun müddətdi ümumi olana qarşı biganəlik formalaşıb. Biz şəxsi əmlakımızı, mülkümüzü daha çox qoruyuruq, nəinki ictimai olanı. Bu səbəbdən ictimai şüurda bu dəyişikliyi yaratmaq lazımdır. Bunun üçün hər bir vətəndaş səfərbər olmalıdır. Hər birimiz Azərbaycanda uzun illər tarixən formalaşan dəyərləri qorumalıyıq. Nə qədər sərhədlər açılsa da, ayrı-ayrı dünya ölkələrinə gediş gəliş çoxalsa da, beynəlxalq aləmə inteqrasiya etsək də özümüzün ənənələrimizi saxlamalıyıq. Adət-ənənələrin saxlanmaması, mədəniyyətimizin kənar təsirlərə məruz qalması, əxlaqi dəyərlərimizin aşınması Azərbaycanda son vaxtlar boşanmaların sayının da həddən artıq artmasına gətirib çıxarır. Biz müəyyən yeni dəyərlər qəbul etmək zorundayıq və bu dəyərlər özümüzün milli dəyərləri ilə ziddiyyətə girir. Bu konflikt isə sonda yaxşı olanları vurub sıradan çıxarır. Ona görə də hər bir vətəndaş ölkədə və xaricdə mənsub olduğumuz dəyərləri qorumağa çalışmalıdı. Çox təəssüf ki, biz başqalarına uyğunlaşmağa daha çox meyilliyik. Məsələn, milli təəssübkeşliyin azlığındandır ki, azərbaycanlılar xaricə gedeəndə ortada tərcümə prosesi olmasına baxmayaraq rus, dilində danışırlar. Bu zaman rus dilindən ingilis dilinə tərcümə olunur. Amma biz Azərbaycan dilində danışıb bu tərcümənin Azərbaycan və ingilis dilləri arasında olmasını təmin edə bilərik. Yəni bu da dilimizə bağlılığın bir nümunəsidir. Bu cür yanaşmalarda səhvlərimiz var”. 

Mütəllim Rəhimli qeyd edib ki, hazırda “Cəmiyyəti kimin fikri ilə tərbiyə etmək istəyirik?” sualına cavab tapmalıyıq:

“Biz informasiya cəmiyyətinə qədəm qoymuşaq. İndiki zamanda milli dəyərlərin təbliği üçün kütləvi informasi vasitələrinin, sosial medianın, o cümlədən mətbuatın və televiziyanın üzərini çox böyük işlər düşür. Bu aspektdə maarifləndirici tədbirlərin aparılması yaxşı olar. Amma bu maarifləndirici tədbirlər şou əhlinin hesabına baş verməməlidir. Biz dövlətçilik tarixindən, milli adət-ənənələrdən, elm və mədəniyyətdən danışırıqsa təbii ki, burda müxtəlif peşə sahiblərinin fikirləri ola bilər. Hər bir fikir hörmət doğurur. Amma məsələ bundan ibarətdir ki, biz cəmiyyəti kimin fikri ilə tərbiyə etmək istəyirik? Bununla bağlı qərar verməliyik. Biz cəmiyyəti şou əhlinin fikri ilə tərbiyə etməliyik ya sadəcə olaraq qeyri-hökumət təşkilatlarının gözü ilə baxıb yönəltməliyik, yoxsa biz bütün bu problemlərə kompleks şəkildə elm adamlarının gözü ilə baxmalıyıq? Bu qərarın verilməsi çox vacibdir. İndi müşahidələr göstərir ki, təəssüf ki, bütün bu cür məsələlərə indi artistlər və şou əhli daha çox münasibət göstərirlər, onlar daha aparıcıdırlar. Söhbət onların aşağılanmağından getmir, təbii ki, onların fikri də hörmətlə qarşılanmalıdır. Amma məsələ bundandır ki, fundamental məsələlərdə elm adamlarının və ziyalıların baxışlarının, fikrinin alternativi yoxdur. Bu səbəbdən KİV-də bu cür məsələlərə həsr olunan verilişlərə ziyalılar dəvət olunmalıdır. Təəssüf hissi ilə bir faktı da qeyd etmək istərdim ki, ölkədə populyar adamların siyahısında şou biznes əhlinin saylı daha çoxdur, nəinki ziyalıların. Bu cür statistik rəqəmlər özü hər şeyi deyir. Bu baxımdan münasibət kökündən dəyişməlidir. Ölkədə problemlərin və təbliğ olunacaq məsələlərin həllinə ziyalılar cəlb olunmalıdır. Belə olsa bu televiziya və medianın hörmətinin qalxmasına səbəb ola bilər və biz problemlərimizi köklü şəkildə həll edə bilərik. Əsas arqumentlərdən biri ondan ibarətdir ki, bəzən ziyalıların və elm adamlarının dili çətin olur və sadə vətəndaşlar bunu başa düşməkdə çətinlik çəkirlər. Amma şou əhli daha asan başa düşülür. Fikrimcə bu əsassız arqumentdir. Ziyalılar ən mürəkkəb problemləri sadə dildə ifadə edə bilərlər. İkinci, hər bir kəs cəmiyyətdə sadə şeylərə meyillidir. Amma inkişaf o sadəlikdə deyil. Bunu da qəbul etməliyik. Əgər biz milləti tərbiyə etmək istəyiriksə, təbii ki, əzab-əziyyətə qatlaşmalıyıq. Bu baxımdan insanların düşüncə tərzinə müəyyən qədər müdaxilələr olmalıdır. Hansı ki, bu müdaxilələr onlara əziyyət verir. Amma sonda onlar həqiqəti bununla dərk edirlər. Asan qavranılan şeylərə meyillilik sonda ona gətirib çıxara bilər ki, Azərbaycan milləti bütövlükdə dünyada baş verən köklü və fundamental məsələləri anlaya bilməzlər.”

 

Əfsanə Rəcəb

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin