Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yaydı

23:51 - 22 Oktyabr 2021

Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi Xalq artisti Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq yayıb.

Manşet.az xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Bu gün Azərbaycan xalqının sevimli sənətkarı, bənzərsiz muğam ustası ömrünün 60 ilindən çoxunu muğama, Azərbaycan musiqisinə həsr edən Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli, professor Canəli Xanəli oğlu Əkbərov 2021-ci il oktyabrın 22-də vəfat etmişdir.

Canəli Əkbərov 1940-cı il mart ayının 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olmuşdur. О, Asəf Zeynallı adına musiqi texnikumunu bitirdikdən sonra uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışmışdır. Muğam sənətinin vurğunu olan xanəndə dünyanın bir çox ölkələrində milli musiqimizin təbliğində müstəsna xidmətlər göstərmişdir. Оnun Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Türkiyə, Polşa, Mərakeş, ABŞ, Fransa, Böyük Britaniyada çıxışları milli musiqimizə geniş şöhrət gətirmişdir.

Canəli Əkbərov xalq musiqimizin görkəmli ifaçılarından biri idi. Böyük sənətkarımız Seyid Şuşinskidən dərs almış Canəli Əkbərovun muğamın klassik ifa tərzinin qorunub saxlanılmasında xidmətləri danılmazdır.

1976-2000-ci illərdə Canəli Əkbərov Аzərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, Məcnun, İbn-Səlam (Ü.Hacıbəyli “Leyli və Məcnun”), Qərib (Z.Hacıbəyov “Aşıq Qərib”), Şah İsmayıl ( M.Maqomayev “Şah İsmayıl” ), Camal (Ş.Axundova “Gəlin qayası”), Azançı (F.Əmirov “Sevil”), Mir Seyid (C.Cahangirov “Xanəndənin taleyi”) kimi yaddaqalan obrazlar yaratmışdır.

Yaradıcılıq fəaliyyəti ilə yanaşı onun pedaqoq kimi çoxillik fəaliyyəti də xüsusi qeyd olunmalıdır. O, uzun illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor və kafedra müdiri kimi çalışmışdır. Bir çox gənc ifaçılar məhz sənətkarın köməyi ilə ilk yaradıcılıq addımlarını atmış, teatr və konsert səhnələrində öz istedadlarını nümayiş etdirmişlər.

Görkəmli xanəndə 1989-cu ildə milli mədəniyyətimizin inkişafındakı uğurlarına görə Azərbaycan Respublikasının Əməkdar artisti, 1992-ci ildə Xalq artisti fəxri adlarına, 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “Şərəf”, 2020-ci ildə isə 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülmüşdür. О, Prezident təqaüdçüsü idi.

Görkəmli sənətkar, muğam ustası Canəli Xanəli oğlu Əkbərovun işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!"


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin