“Sədərək” ticarət mərkəzini su basdı - VİDEO
3 Dekabr 2024
12:12 - 3 May 2024
Hazırda Azərbaycan dövlətinin diqqətində olan əsas məsələlərdən biri ailə institutunun möhkəmləndirilməsidir. Ailənin yaradılması, funksiyaları və idarə olunması bəzən cəmiyyətin maliyyə, sosial və iqtisadi vəziyyətində də asılı ola bilir. Dövlət ölkədə gender bərabərliyi, qadınların cəmiyyətdə öz yerini tutması üçün çalışır və bütün sahələrdə qadının rolunu vurğulayır. Azərbaycanda qədim zamanlardan qadına hörmətlə yanaşılıb. Buna misal olaraq, Azərbaycan birinci dəfə müstəqilliyini elan etdikdən sonra hökumətin həyata keçirdiyi tədbirlərdən biri Şərqdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər hüquqlar, həmçinin, seçkilərdə iştirak etmək hüququnun verilməsini göstərə bilərik. Azərbaycan ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə kişi və qadın bərabərliyini təmin etmək üçün maariflənmə prosesinə xüsusi önəm verir, Bu isə ölkədə gender bərabərliyinə və gələcək nəslin daha sağlam böyüməsinə şərait yaradır. Cəmiyyətdə gender, ailə və demoqrafiya məsələlərinin təmin edilməsi məqsədilə tərtib edilən proqramlarda önəmli və əsas rolu isə media oynayır.
Mövzu ilə bağlı Manset.az-a açıqlamasında Unikal.az xəbər portalının baş redaktoru Zaur Əhməd bildirib ki, medianın əsas vəzifələrindən biri də maarifləndirmədir. Təbii ki, məlumatlandırmaq vacibdir, amma hər məlumatı cəmiyyətə ötürmək olmaz.
Zaur Əhməd qeyd edib ki, bir vaxtlar hətta ailə fərdləri arasında açıq şəkildə danışılmayan mövzular indi milyonların gözü önündə çılpaqlığı ilə ortaya tökülür:
“Media gender, ailə və bu kimi həssas məsələlərdə xüsusiylə diqqətli olmalıdır. Mən qanunlar çərçivəsində fəaliyyətin tərəfdarıyam. Amma milli-mənəvi dəyərlər, ailə və bu kimi məsələlərdə yazılmayan qanunlar da var. Hər hansı məsələ barədə məlumat yayanda bu yazılmayan qanunlar da nəzərə alınmalıdır. Təəssüflə qeyd etmək lazımdır ki, son illər mediada, xüsusən də telekanallarda ailə-məişət məsələləri elə formada müzakirə olunur ki, adam utanır. Əslində, bu kimi mövzuların hansı formada ictimailəşdirilməsi, hansı məlumatların şəxsi həyat, hansıların ictimai əhəmiyyətli olub-olmaması qanunvericilikdə təsbit olunub. Yenilənən Media Haqqında qanunun da müvafiq bəndləri var və bunlara əməl olunsa, hər hansı problem yaşanmaz. Əgər bir informasiyanın ictimai əhəmiyyəti və ya təhlükəsi yoxdursa, nəyə görə bu barədə mediada xəbərlər yayımlanmalıdır? Bəzən elə xəbərləri gündəm edirlər ki, sadəcə, biabırçılıqdır”.
Zaur Əhmədin sözlərinə görə, insanlar artıq efirə çıxıb az qala, məhrəm münasibətlərindən tutmuş, qayınana-gəlin davalarına qədər hər şeydən danışırlar:
“Təəssüflə qeyd edim ki, son illər ailədaxili münasibətlərın ictimailəşdirilməsi elə hal alıb ki, heç bir sərhəd gözlənilmir. Bu gün istər mediada, istər televisiyalarda, sosial şəbəkələrdə ailə institutunun dağılmasına yönəlik nə lazımdırsa edilir. Sanki hansısa bir fövqəlqüvvə bunu idarə edir və çalışırlar ki, Azərbaycanın bütün dünyaya örnək ola biləcək ailə dəyərlərini tamamilə məhv eləsinlər. Əslində, buna müəyyən qədər nail olublar. Mediada, sosial şəbəkələrdə aparılan təbliğat nəticəsində ailə dəyərlərimizə zərbə vurulub, ailədaxili münaqişələr ən biabırçı mərhələyə gəlib, boşanma ən pik həddə çatıb, zorakılıq əndazəni aşıb. Bu ifrat biabırçılıqda ən böyük pay təbliğatdır. Ona görə mediada bu cür məsələləri işıqlandırarkən daha həssas və diqqətli olmalıyıq”.
Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva bildirib ki, Azərbaycan yeganə dövlətlərdəndir ki, ailə instituna çox yüksək qiymət verilir. Ailədən yazarkən insan mütləq şərəf və ləyaqətin qorunmasına fikir verməlidir. Ailə üzvləri böhtan, təhqir və qərəzli yazılardan uzaq tutulmalıdır.
Sevinc Əliyevanın sözlərinə görə, çox təəssüflər olsun ki, son dövrlər bütün etik kodekslər pozularaq ailələrə çox müdaxilə olunur. Jurnalistlərimiz düşünmürlər ki, hər faktı açıqlamaq olmaz. Bu etik cəhərdən düzgün deyil:
“Hər bir insanın şəxsi həyatı başlıca olaraq 3 sahədən formalaşır. Bunlardan birincisi ümumi həyat sahəsi, ikincisi şəxsin özəl həyat sahəsi, üçüncüsü isə gizli həyat sahəsidir. Ümumi həyat sahəsi başqaları tərəfindən bilinməsi mümkün və cəmiyyətə açıq olan bilgiləri əhatə edir. Məsələn, şəxsin kinoya, teatra, mağazaya getməsi və s. Bu barədə informasiyaların gizliliyi qanunla qorunmur. Şəxsin özəl həyatı dedikdə bu sahədəki informasiyanı 3-cü şəxslərin bilməsi özəl həyatın pozulması sayılır. Özəl həyat şəxsin peşə və ailə həyatı, yəni qapısını bağlayıb yaşadığı daxili həyatıdır. Əgər şəxs bu barədə açıqlama vermək istəmirsə onun özəl həyatına toxunmaq lazım deyil. Şəxsin gizli həyatı, ümumiyyətlə, başqaları tərəfindən bilinməməsidir. Belə informasiya şəxsin gizli duyğuları, fikirləri, ümidləri, qorxuları, arzuları, intim həyatı, gizli saxladığı düşüncələri, şəxsi yazışmaları və dini inancı kimi daxili aləminə aid məlumatlar daxildir. Gizli həyat toxunulmaz olmaqla yanaşı şəxsi həyatın özəyini təşkil etdiyindən hər cür müdaxilələrdən qorunur. Bu sahəyə aid bilgilər hər kəsə, eləcə də jurnalistlərə qapalıdır. Jurnalistlərimiz çox təəssüflər olsun ki, ailələrdə əgər hər hansı bir problem yaşanıbsa uşaqların, yaxınların və cəmiyyətin hadisəyə necə reaksiya verəcəyini önəmsəmirlər. Ailədə əgər uşaqlar varsa həmin o uşaqların da hüquqlarını pozurlar. Ailə mövzusu çox həssas mövzudur. Ola bilər ki, ailə başçısı ictimai fiqurdur və onun həyatı insanlara maraqlıdır. Nə qədər maraqlı olsa da özəl və gizli həyata toxunulmamalıdır. Burda mütləq etik prinsiplər gözlənilməlidir. Tanınmış bir şəxsdən yazarkən vurğunu daha çox onun peşəsinə, sənətinə vurmaq lazımdır. Çünki insanlar həmin şəxsləri peşəsinə görə tanıyır. Hər hansı bir məşhur şəxsin ailəsində baş verən bəzi etikadan uzaq məsələləri qərəzli şəkildə qabartmaq düzgün deyil”.
Sevinc Əliyeva qeyd edib ki, əslində bu gün bizim televiziyalarımızda ailə dəyərlərini çox aşağılayırlar:
“Bəzi şou proqramlar sanki bütün ailə dəyərlərinin üstündən xətt çəkib. Yəni bir növ onlar bizim xanımlarımızı cəmiyyətə 2-3 dəfə ailə quran, pula görə evlənən, dolana bilmədiyi üçün ərə gedən və ya uşağını qoyub evdən qaçan kimi mənfi tərəfdən təqdim edirlər. Bu yolverilməzdir. Jurnalistikanın prinsiplərində maarifləndirmək, məlumatlandırmaq və əyləndirmək deyilən funksiyalar var. Bu ailə münaqişələrini cəmiyyətə təqdim edəndə insanlar hansı məlumatı alır, nədən maariflənir, yəni bunun cəmiyyətdə marağı nədir ki, bu qədər çox şişirdilir? Ailə problemlərini aidiyyatı orqanlara müraciət edib orda həll etmək lazımdır. Onları bir hadisəyə, informasiyaya çevirib cəmiyyətə çatdırmaq düzgün deyil. Çalışmaq lazımdır ki, jurnalistlər vətəndaşların şəxsi həyatına hörmətlə yanaşsınlar. Məsələn, Türkiyə Mətbuat Şurasının mətbuatının profisional prinsipləri kodeksinin 5ci maddəsində deyilir ki, hər hansı bir şəxsin özəl həyatına dair məlumat yalnız o zaman üzə çıxarıla bilər ki, ictimai əhəmiyyət kəsb etsin. Böyük Britaniya Jurnalistləri Milli Şurasının davranış kodeksinin 6cı maddəsində göstərilir ki, jurnalist insanların şəxsi həyatına qarışmaqdan çəkinməlidir. Bu nə deməkdir ki, kimin neçə dəfə ailə qurması, kimin neçə dəfə dünyaya uşaq gətirməsi və onun dünyaya gətirdiyi uşaqların atalarının ayrı-ayrı olması etikadan kənar bir nüansdır. Biz gender bərabərliyindən danışırıqsa burda balans da pozulur. Bizim mediada həmişə əzilən, günahkar göstərilən və zorakılığa məruz qalan tərəf qadınlar olur. Kişilərimiz nədənsə çox vaxt ya qəhrəman, ya da cinayərkardırlar. Bax bu orta balansı tapmaq lazımdır. Bizim milli mentalitetimiz və dəyərlərimiz var. Bizdə evdə ataya hörmət var. Belə bir deyim də var ki, kişi ailənin prezidentidirsə, qadın da baş naziridir. Bu nüanslara fikir vermək lazımdır. Nə atanı, nə ananı aşağılamaq olmaz. Düşünmək lazımdır ki, ailədə uşaq varsa və həyat yoldaşları arasında münasibətlər gərginləşibsə, orda birinci zərbəni uşaqlar alacaq. Ona görə də o uşaqların hüquqlarını qorumaq lazımdır. Əgər bir məsələ məhkəməyə gedib çatıbsa məhkəmənin qərarları çox da işıqlandırılmamalıdır”.
Əfsanə Rəcəb
6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin