Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib - FOTO

23:05 - 24 Aprel 2024

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib - FOTO

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi arasında birgə əməkdaşlıq haqqında Memorandumun imzalanma mərasimi keçirilib.

 

Vəkillər Kollegiyasından Manset.az-a bildirilib ki, memorandumun məqsədi birgə fəaliyyətin təşkili, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbə və məzunların peşəkar hüquqşünas kimi hərtərəfli inkişafı, eləcə də gənc hüquqşünaslar arasında vəkilliyə marağın artmasına nail olmaq üçün ARVK və “Femida Könüllüləri” Təşkilatı arasında münasibətlərin daha da genişləndirilməsindən ibarətdir.

Əməkdaşlıq çərçivəsində hüquqşünas gənclərin ARVK-nın Aparatında, Vəkillər Kollegiyasının Akademiyasında, o cümlədən vəkil bürolarında mərhələli şəkildə (STEP I, STEP II) könüllülük fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda, gələcəkdə tərəflər arasında qarşılıqlı şəkildə layihə, konfrans, seminar, müzakirələrin təşkili və digər layihələrin həyata keçirilməsi planlaşdırılır.

Görüşdən əvvəl könüllülər Hüquqi Yardım Mərkəzinin (HYM) inzibati binası ilə tanış olub, HYM-in fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.

Mərasimdə çıxış edən ARVK-nın sədri Anar Bağırov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, son illərdə Kollegiya ilə Hüquq fakültələri olan bütün universitetlər arasında memorandumlar imzalandığını, xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu bildirib. Dövlətimizin başçısının təşəbbüsü və təşviqi ilə ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatının önəmindən bəhs edən sədr gənclərlə işin ARVK-nın fəaliyyətində vacib istiqamətlərdən biri olduğunu, bu sahənin onların işgüzarlığının, bilik və bacarığının artırılmasında, dünyagörüşünün genişlənməsində mühüm rol oynadığını vurğulayıb.

Femida könüllülərinin fəaliyyətini yüksək qiymətləndirdiyini deyən sədr tələbələrin və gənclər təşkilatlarının təşəbbüslərinin Kollegiya tərəfindən dəstəklənərək, həyata keçirilən tədbirlərin daima diqqət mərkəzində olduğunu qeyd edib. Həmçinin Anar Bağırov əməkdaşlıq çərçivəsində könüllülərin vəkil qurumlarında təcrübə keçmələri üçün hər cür şərait yaradıldığını, onların formallıqdan tam uzaq, yeni model təcrübə proqramları vasitəsilə təcrübi biliklərini artıracaqlarını söyləyib. Eyni zamanda, Kollegiya sədri Azərbaycanda hüquq elminin yenidən formalaşmasını, müasir elm məktəblərinin yaradılmasını, dövlət və qeyri-hökumət təşkilatları tərəfindən gənc hüquqşünaslara dəstək verilməsini bildirərək, bu sahədə müvafiq təkliflər irəli sürüb.

“Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova da çıxışında birgə əməkdaşlığın önəmini vurğulayıb və təşkilatın gələcək hədəfləri barədə ətraflı məlumat verib.

Daha sonra Kollegiya sədri Anar Bağırov “Femida Könüllüləri” Təşkilatının “Legal Meetup” platforması çərçivəsində könüllülərlə görüş keçirib. Görüşdə sədr təcrübələrini bölüşüb, Femida könüllülərini maraqlandıran sualları cavablandırıb.

Sonda “Femida Könüllüləri” Təşkilatının sədrinə ARVK-nın fəaliyyətinə aid nəşrlər və Kollegiyanın rəsmi emblemi təqdim edilib.

Qeyd edək ki, görüşdə ARVK-nın sədri Anar Bağırovla yanaşı, sədr müavini Şahmar Məmmədov, Kollegiyanın baş katibi Bayram Orucov, mətbuat katibi İsmayıl Nəsibli və Kollegiya Aparatının hüquqşünas-məsləhətçisi Əli Mirzəyev də iştirak ediblər.



Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin