Əfv və amnistiya gözlənilir - Komissiya üzvündən və hüquqşünasdan AÇIQLAMA

12:07 - 18 Oktyabr 2021

Əfv və amnistiya gözlənilir - Komissiya üzvündən və hüquqşünasdan AÇIQLAMA

Bir neçə gündən sonra Azərbaycan Milli Məclisi Amnistiya verilməsi haqqında qərar layihəsini qəbul edəcəyi bildirilir. Qeyd olunur ki, İkinci Qarabağ Müharibəsində qazandığımız  Zəfər Günü münasibəti ilə veriləcək Amnistiya aktı  15 mindən çox məhkumu əhatə edəcək.

 

Manset.az xəbər verir ki, məsələ ilə bağlı Ölkə.Az-a danışan Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, əfv bu il artıq bir dəfə olduğundan, yalnız amnistiya qəbul edilə bilər:

“Milli Məclis tərəfindən amnistiya aktı qəbul olunacaq. Bu ilin martında artıq bir dəfə əfv prezidentin sərəncamı olub və 1500-dən artıq şəxs əfv olunub. Ona görə növbəti dəfə də əfv olmasını güman etmirəm.

Ə.Nuriyev amnistiya ilə əfvin fərqindən də söz açıb:

“Əfv etmək Azərbaycan Respublikası prezidentinin səlahiyyətidir. Prezident tərəfindən hər zaman əfv sərəncamı verilə bilər. Amnistiya aktı isə fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. 
Amnistiya hamıya aid ola biləcək məsələdir. Yəni orada normalar göstərilir və hər kəs amnistiyadan faydalana bilər. Amnistiya konkret fərdlərə aid deyil, əfv isə fərdi aktdır, konkret  şəxsə aiddir. Milli Məclis tərəfindən belə bir aktın qəbulu zəruridir. Çox yaxşı olardı ki, bu il amnistiya aktı qəbul edərkən böyük qələbəni nəzərə alsınlar və bu qələbədən hər bir şəxsə pay düşsün”.

Ə.Nuriyev söyləyib ki, bu amnistiyada hər kəsin cəzasının heç olmasa qismən azaldılması, bir il götürülməsi çox yaxşı olar:

“2016-cı ildəki 10 min nəfəri əhatə edən amnistiya aktında azadlıqdan məhrumetmə cəzası olan şəxslərdən 2000-ə yaxın nəfəri azad olundu. Fikrimcə, amnistitya aktı azadlıqdan məhrumetmə cəzası çəkən şəxsərlə yanaşı, həm də sanksiyası daha çox olan cinayətləri də əhatə etməlidir.
İndiyə qədərki qələbələr hansısa sülalə və tayfanın adı ilə bağlı idisə, bu dəfə Azərbaycan dövləti olaraq qazanmışıq. Bu böyük qələbədir, ona görə də amnistiya daha çox insana şamil olunmalıdır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da Ölkə.Az-a açıqlamasında söyləyib ki, amnistiya aktının müxtəlif kateqoriyadan olan cinayətləri əhatə etməsi üçün müvafiq yerlərə məktub göndərib:

“Düşünürəm ki, bu amnistiya aktı daha çox kateqoriyanı əhatə etməlidir. Pandemiya qaydalarının pozulmasına görə nə qədər həbs olunan insan var.  Fikrimcə, bu cinayətlərin də amnistiya aktına daxil edilməsi cəzaçəkmə müəssisələrində sıxlığı azaldacaq”.

N.Cəfəroğlu dekabr ayında əfv sərəncamı gözlədiklərini deyib:
“Dekabrda əfv sərəncamı olacağını gözləyirik. Bizə çoxsaylı müraciətlər daxil olur. Bununla bağlı müvafiq dairələrə məktublar da yazmışıq”.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin