Onlayn dələduzluqda şübhəli bilinən  şəxs saxlanıldı

10:11 - 13 Oktyabr 2021

Onlayn dələduzluqda şübhəli bilinən  şəxs saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkələr vasitəsi ilə vətəndaşlara mebel dəstləri satmaq adı ilə dələduzluq etməkdə şübhəli bilinən Şəki şəhər sakini Səbuhi Əsmənzadə saxlanılıb.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, S. Əsmənzadə instagram sosial şəbəkəsində “prenses_mebel_salonu”, “stil_mebel_salonu”, “estello_mebel_salonu” və “arzum_mebel_salonu” adlı səhifələr yaradaraq vətəndaşlara özünü başqa adlar ilə təqdim etmiş, ucuz mebel dəstləri satacağını vəd etmiş, müəyyən məbləğləri onlayn yolla kart hesabına köçürdükdən sonra həmin şəxslərlə əlaqəni kəsib. Bundan başqa saxlanılan şəxs Şəki şəhərində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhərəində müxtəlif evlər kirayələməklə və başqa-başqa şəxslərin adına bank kartı açaraq məsuliyyətdən yaxa qurtaracağını düşünərək mütəmadi olaraq mobil nömsəini və yaşadığı ünvanı dəyişmişdir. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində özünü tanınmış mebel firmalarının rəsmi nümayəndəsi kimi təqdim edən S. Əsmənzadənin cari ilin müxtəlif vaxtlarında hələlik 5 vətəndaşdan ümumilikdə 6200 manat pulu dələduzluq yolu ilə mənimsədiyi məlum olub. S. Əsmənzadənin əməllərindən digər vətəndaşların da zərər çəkməsi istisna olunmur, odur ki, həmin şəxslər DİN-in “102” Zəng Mərkəzinə, Gəncə şəhər Baş Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Saxlanılan şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəslləsinin 178.2.2 (Dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin