Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

16:40 - 16 Fevral 2024

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Bu gün qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri diaspor və lobbi təşkilatlarının rolunu daha da artırıb. Hər hansı bir dövlətin gücü, qüdrəti onun xaricdə formalaşdırdığı diaspor və lobbiçilik fəaliyyəti, həmçinin, millətinin həmrəyliyi ilə müəyyən edilir. Millətin dövlətin bir amal ətrafında birləşməsi və diaspor quruculuğu sahəsində ümummilli lider Heydər Əliyev əvəzolunmaz işlər görmüşdür. Ulu öndərin gördüyü işlər sayəsində dünyada olan bütün azərbaycanlıların birliyi, həmrəyliyi təmin olundu. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Hazırda diasporla iş sahəsində dövlət siyasəti yeni mərhələdə həyata keçirilir. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsini xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirən dövlət başçısı İlham Əliyev diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini vacib sayır. Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müxtəlif ölkələrin ictimai, siyasi və dövlət xadimləri, elm adamları, eləcə də KİV-ləri ilə əlaqələrin qurulması yönündə böyük işlər görülüb. 

Mövzu ilə bağlı Manset.az-a açıqlama verən “Diaspor Press” informasiya mərkəzinin rəhbəri Toğrul Allahverdili bildirib ki, hazırda Azərbaycan diasporu xaricdə istər keçmiş postsovet məkanında, istər Avropada, istərsə də okeanın o tayında yetərincə formalaşa bilib . 

Toğrul Allahverdili: Diasporumuzun bir çətir altında fəaliyyəti təmin  edilib - "İki sahil"

Toğrul Allahverdili qeyd edib ki, Diaspor Komitəsinin işini necə qurmağından asılı olmayaraq xaricdəki soydaşlarımız öz içlərindəki vətən sevgisi ilə fəaliyyət göstərməsələr nə olur olsun güclü diaspora yaradıla bilməz:

“Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə 90-cı illərin sonunda ulu öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə yaradılan “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi” olaraq fəaliyyətə başladı. Hətta son illər Ərəb ölkələrində də Azərbaycan Diasporasının daha güclü, daha effektli çalışdığının şahidi olmuşuq. Şükürlər olsun ki, həm Diaspora üzrə Dövlət Komitəsinin fəaliyyəti, həm xaricdə yaşayan soydaşlarımızın illərdir çəkdiyi əziyyətlər öz bəhrəsini verib. Azərbaycan güclü diaspor formalaşdırıb. Diaspor üzrə Dövlət Komitəsi bir neçə il bundan öncə olan dəyişikliklər nəticəsində Diaspor Komitəsinə bir yeni imic və nəfəs gətirdi. Təbii ki, hər şeyin ideal olduğunu demirəm. Lakin Azərbaycan diasporu illər ərzində xaricdə yetərincə formalaşıb və aktivləşə bilib. Amma təbii ki, çatışmazlıqlar var. Çünki bəziləri bizim mədəniyyətimizi başqa cür anlayırlar. Elə bilirlər Azərbaycan mədəniyyətinin təbliği Azərbaycandan müğənni aparıb konsert keçirtmək və ya bayramdan-bayrama masa ətrafına yığılıb bayram şənliyi keçirtməkdir. Mən onlara “Şəkərbura, paxlava və dolma diasporası” deyirəm. Amma bizim Azərbaycan xalqının milli-mənəvi dəyərlərini xaricdə yetərincə, akademik səviyyədə təbliğ edən həqiqətən, güclü diaspor təşkilatlarımız var. Onlar universitetlərdə, beyin mərkəzlərində akademik səviyyədə tədbirlər təşkil edirlər. Hətta, Azərbaycanda elə qeyri-hökumət təşkilatları var ki, Azərbaycan mədəniyyəti ilə bağlı xaricdə keçirdikləri tədbirlər bəzi diaspor təşkilatlarının keçirdikləri tədbirlərdən daha perspektivlidir. Diaspor birliyi ilə bağlı xaricdə yaşayan azərbaycanlıların fəaliyyətinə gəldikdə isə biz bunun ən böyük nəticəsini postpandemiya dövründə və ən əsası Vətən müharibəsi zamanı şahidi olduq. Xaricdə yaşayan azərbaycanlıların, özünə diaspor nümayəndəsi deyən hər bir fərdin ürəyi Azərbaycanla döyünürdü. Xaricdə yaşayan azərbaycanlıların Vətən müharibəsi savaşında xalqımıza dəstək nümayiş etdirməsi, Müzəffər Ali Baş Komandana məktublar, videomüraciətlər ünvanlanması, Vətən savaşında iştiraklarını xahiş etmələri bunu deməyə əsas verir ki, Azərbaycan diasporu bir vəhdət halında birləşə bilib”.

“Diaspor Press” informasiya mərkəzinin rəhbərinin sözlərinə görə, Azərbaycan diasporu hələki lobbiçilik fəaliyyətini lazimi səviyyədə qura bilmir:

“Lobbiçiliklə bağlı çox böyük çatızmazlıqlarımız var. Hələki biz lobbiçilik fəaliyyəinə keçə bilməmişik. Bunun başlıca səbəbi bizim diaspor təşkilatlarının “Dolma, şəkərbura, paxlava” diplomatıyasından çıxa bilməməsidir. Lobbiçilik fəaliyyəti doğrudan da bizim üçün ən önəmli fəaliyyətdir. Artıq biz diaspor fəaliyyətindən kənara çıxıb lobbiçilik fəaliyyəti ilə ciddi şəkildə məşğul olmalıyıq. Bizim çıxış yolumuz perspektivli bir şəkildə lobbiçiik fəaliyyəti ilə məşğul olmağımızdır. Hətta bizim bir çox diaspor təşkilatlarımız heç lobbiçilk sözünün anlamını dərk etmirlər. Bəzi şəxslər var ki, öz şəxsi imkanları hesabına lobbiçilik fəaliyyəti ilə məşğul olurlar. Biz illərdir Avropanın Azərbaycana qarşı həyata keçirdiyi ikili standarlarının, dövlətimizə qarşı qarayaxma kampaniyalarının şahidi oluruq. Gərək bizim diasporamız onlara layiqli bir cavab versin. Fransanın ölkəmizə qarşı yürütdüyü riyakarlığa Azərbaycan diasporu yetərincə cavab verə bilmir. Bu o deməkdir ki, bizim lobbiçilik fəaliyyətimiz düngün qurulmayıb. Azərbaycan Ukrayna, Misir, Moldova, Almaniya kimi ölkələrdə  öz lobbiçilik fəaliyyətini yetərincə qura bilib. Avropanın bi çox ölkələrində də fəaliyyət istiqamətləri var. Qardaş Türkiyədə lobbiçilik fəaliyyəti daha aktivdir. Yəni bununla bağlı hələ tam məqsədə çata bilməmişik”.  

Toğrul Allahverdili vurğulayıb ki, Azərbaycan xalqının birliyini, vəhdətini heç kəs, heç bir xarici qüvvə, heç bir ifrat dərəcədə ölkəmizə qarşı qarayaxma kampaniyası aparan antimilli ünsürlər parçalaya bilməz və xalqımız doğrudan da harada yaşamasından asıl olmayaraq milli xalqdır:

“Xaricdə yaşayan azərbaycanlılar Azərbaycan mədəniyyətinin təbliğində doğrudan da böyük addımlar atırlar. Yaşadıqları ölkələrdə, yaşadıqları xalqlarla həmin ölkənin dövlət və qeyri hökumət strukturları ilə çalışırlar və Azərbaycan mədəniyyətinin təbliğində böyük işlər görürlər. Xüsusən,  xaricdə yaşayan azərbaycanlılarımızın milliliyi, Müzəffər Ali Baş Komandanın yumruğu ətrafında birləşməsi qürurverici idi. Azərbaycanda yetərincə birlik var. Biz bu birliyin Vətən müharibəsi, Zəfər dövründə, Antiterror tədbirləri zamanı və ən əsası Müzəffər Ali Baş Komandanın 7 fevralda kiçirilən prezident seçkilərində bir daha şahidi olduq. Xaricdə yaşayan azərbaycanlılar A-dan Z-yə həmin ölkələrdə yaradılan seçki mətəqələrinə, konsulluqlara, səfirliklərə axın edərək Müzəffər Ali Baş Komandanın ətrafında birləşdi və bu seçkilərdə öz kütləvi dəstəyini nümayiş etdirdilər. Səs verməyə gələn hər bir azərbaycanlı “Biz bura prezident ilə yanaşı Xankəndinə, Şuşaya səs verməyə gəlmişik” deyirdilər. Bu o deməkdir ki, Azərbaycan xalqının birliyi var”. 
 
Əfsanə Rəcəb
6.3.14. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

 

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin