Vardanyanın məhkəməsində baş verənlər - FOTOLAR  

20:38 - 29 Aprel 2025

Vardanyanın məhkəməsində baş verənlər - FOTOLAR  

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 29-da davam etdirilib.


Manset.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi, tərcüməçilər, katiblər, dövlət ittihamçıları və digərləri ilə tanış edib.

Sonra təqsirləndirilən Ruben Vardanyan və onun vəkili Avraam Berman məhkəmə kollegiyasına etiraz ediblər.

Təqsirləndirilən şəxsin müdafiəçisi A.Berman etirazı əsaslandıran zaman əvvəlki məhkəmə proseslərində verilən çoxsaylı vəsatətlərinin bir qisminin təmin olunmadığını, eləcə də hazırkı vaxtadək olan bütün məhkəmə iclas protokolları ilə tam tanış ola bilmədiklərini qeyd edərək, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu və bu səbəbdən məhkəmə kollegiyasına etiraz etdiklərini deyib.

R.Vardanyan etirazı müdafiə edib.

Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək deyib ki, qeyd olunan məsələlərlə bağlı məhkəmə əvvəlki proseslərdə artıq mövqeyini ifadə edib. O əlavə edib ki, məhkəmə iclas protokolları ilə tanış olmaq üçün müdafiə tərəfinə lazımi şərait yaradılır. V.Əliyev, həmçinin deyib ki, ümumilikdə bu cür əsaslar, yəni, müdafiə tərəfinin vəsatətlərinin məhkəmə tərəfindən təmin olunmaması, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olması qənaətinə gəlməyə əsas verə bilməz

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

Belə ki, iclasa sədrlik edən qərarı əsaslandıran zaman diqqətə çatdırıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret dəlillər təqdim etməyib.

Sonra zərərçəkənlər məhkəmədə ifadə veriblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv