Azərbaycan–Çin əməkdaşlığının gələcək perspektivləri

22:41 - 29 Aprel 2025

Azərbaycan–Çin əməkdaşlığının gələcək perspektivləri

"2025-ci il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin nüfuzlu CGTN telekanalına geniş müsahibəsi Azərbaycan-Çin münasibətlərinin tarixi inkişaf mərhələsindən, hazırkı səviyyəsindən və gələcək perspektivlərindən bəhs etməklə yanaşı, iki ölkə arasında strateji əməkdaşlığın dərinləşdiyini bir daha nümayiş etdirdi".


Bu fikirləri Manset.az-a açıqlamasında millət vəkili Vasif Qafarov bildirdi.

Parlament üzvü qeyd etdi ki, iki ölkə arasında 2024-cü ilin iyul ayında imzalanan Strateji Tərəfdaşlıq Haqqında Bəyannamə Azərbaycan-Çin münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltdi:

"2025-ci ilin aprelində “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat”ın imzalanması isə əlaqələrin daha yüksək səviyyəyə çatdığını göstərir. Bu sənədlər iki ölkə arasında münasibətlərin yalnız iqtisadi deyil, siyasi, enerji, mədəniyyət və təhsil sahələrində də dərinləşməsinin əsasını qoyub.

Cənab Prezident müsahibədə Azərbaycanın “Vahid Çin” siyasətinə birmənalı dəstəyini xüsusi vurğuladı. Azərbaycan beynəlxalq hüquqa əsaslanan bu mövqeyi müdafiə etməklə Çinlə münasibətlərdə dürüstlük və qarşılıqlı inam prinsipinə əsaslanır. Azərbaycan Tayvanda keçirilən qeyri-qanuni seçkiləri açıq şəkildə pisləyən ilk ölkələrdən biri kimi çıxış edərək öz prinsipial və ardıcıl mövqeyini ortaya qoydu. Prezident İlham Əliyev və Çin lideri Si Cinpin arasında formalaşmış dostluq və qarşılıqlı hörmət münasibətləri dövlətlərarası əlaqələrin dərinləşməsində mühüm rol oynayır. Si Cinpinin Prezident İlham Əliyevi “Çinin yaxın dostu” adlandırması təkcə şəxsi münasibətin deyil, eyni zamanda yüksək səviyyəli strateji etimadın göstəricisidir". 

Deputatın sözlərinə görə, Azərbaycan-Çin əməkdaşlığının ən perspektivli istiqamətlərindən biri bərpaolunan enerji sahəsidir:

"Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibədə qeyd etdiyi kimi, 2030-cu ilə qədər Azərbaycan 6500 meqavat gücündə yaşıl enerji istehsalını hədəfləyir. Bu rəqəm ölkənin mövcud 8000 meqavatlıq enerji tutumu ilə müqayisədə əhəmiyyətli artım deməkdir və faktiki olaraq elektrik enerjisi istehsalının ikiqat artırılmasını nəzərdə tutur. Çin şirkətləri bu prosesdə həm texnoloji tərəfdaş, həm də podratçı kimi mühüm rol oynayır. Bu əməkdaşlıq çərçivəsində xüsusilə günəş və külək enerjisi layihələri önə çıxır – 6000 meqavatlıq güc bu sahələrdən əldə olunacaq, əlavə 500 meqavat isə hidroelektrik potensialdan təmin ediləcəkdir. Azərbaycanın yaşıl enerji strategiyası yalnız daxili enerji tələbatını ödəməyə deyil, eyni zamanda təbii qaz istehlakının azalması fonunda qazın ixrac potensialının genişləndirilməsinə xidmət edir. Bu model ölkənin həm ekoloji dayanıqlığını artırır, həm də iqtisadi mənfəət gətirir. 

Çin texnologiyasının və investisiyasının Azərbaycanda yaşıl nəqliyyat sektoruna inteqrasiyası da nəzərəçarpacaqdır. Prezidentin qeyd etdiyi kimi, artıq 160 ədəd elektriklə işləyən avtobus alınmış, əlavə 200 avtobus üçün podrat müqaviləsi imzalanmışdır. Xüsusilə vurğulanmalıdır ki, 2025-ci ildən etibarən Azərbaycanda Çin şirkəti BYD ilə birgə ildə 500 ədəd elektrik avtobus istehsalına başlanacaqdır. Bu, nəqliyyat sektorunun dekarbonizasiya olunması və şəhər mühitinin ekoloji cəhətdən təmizlənməsi istiqamətində mühüm addımdır. Bütün bu addımlar Azərbaycanın milli enerji strategiyasına tam uyğun gəlir və Çin Xalq Respublikasının "yaşıl inkişaf" gündəliyi ilə üst-üstə düşür. Bərpaolunan enerji sahəsində əməkdaşlıq təkcə texniki və iqtisadi fayda deyil, həm də iki ölkənin strateji vizyonlarının uzlaşdığı vacib platformaya çevrilir. Bu əməkdaşlıq Azərbaycanı regional yaşıl enerji mərkəzinə, eyni zamanda beynəlxalq enerji keçidinin fəal iştirakçısına çevirəcək".

V.Qafarov qeyd etdi ki, Azərbaycan və Çin arasında qarşılıqlı vizasız rejimin tətbiqi, ikitərəfli münasibətlərdə ciddi strateji və humanitar dönüş nöqtəsi kimi qiymətləndirilə bilər:

"Prezident İlham Əliyev CGTN telekanalına verdiyi müsahibədə bu qərarın siyasi və praktiki əhəmiyyətini xüsusi vurğuladı. Dövlət başçısının sözlərinə görə, bu, təkcə hüquqi-siyasi sənəd deyil, həm də “xalqlararası diplomatiya”nın inkişafına xidmət edən addımdır. Ötən il Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşları üçün vizanı ləğv etməsi, ölkənin dost və tərəfdaş dövlətlərə münasibətdə atdığı qeyri-adi diplomatik jest kimi qiymətləndirilə bilər. Prezidentin qeyd etdiyi kimi, bu, Azərbaycanın Çinə olan xüsusi münasibətinin və etimadının göstəricisidir. Çinin bu addımı qarşılıqlı şəkildə cavablandırması isə strateji tərəfdaşlıq münasibətlərinin qarşılıqlı hörmət və səmimiyyət üzərində qurulduğunu bir daha təsdiqlədi". 

Deputatın fikrincə, vizasız rejim yalnız iki ölkə arasında hüquqi çərçivəni asanlaşdırmır, eyni zamanda turizm, mədəniyyət, təhsil və işgüzar əlaqələrin genişlənməsi üçün də münbit şərait yaradır:

"Statistik göstəricilərə əsasən, viza rejiminin birtərəfli ləğvindən sonra Çindən Azərbaycana səfər edən turistlərin sayı iki dəfə artıb. Bu isə gələcəkdə aviareyslərin sayının artırılması və turizm infrastrukturunun inkişafı zərurətini gündəmə gətirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Çinin hər il 150 milyon vətəndaşının xaricə səfər etməsi faktı, Azərbaycan üçün böyük potensial bazar anlamına gəlir. Onların cəmi 1 faizinin belə Azərbaycana səfər etməsi, ölkənin turizm sektoru üçün ciddi iqtisadi gəlir mənbəyinə çevrilə bilər. 

Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibə Azərbaycan diplomatiyasının strateji baxışlarını və geosiyasi yönlərini aydın şəkildə ortaya qoydu. Çinlə münasibətlər çərçivəsində formalaşan çoxşaxəli əməkdaşlıq nümunəsi göstərir ki, Azərbaycan müasir dünyada balanslı və çoxtərəfli xarici siyasət modeli ilə milli maraqlarını qoruya və regional əməkdaşlığa töhfə verə bilir. Bu yanaşma həm daxili sabitlik, həm də beynəlxalq nüfuz baxımından Azərbaycanın gələcək uğurlarının təməlini təşkil edir".





Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv