Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Onun sözlərinə görə, 1977-ci ildə SSRİ Konstitusiyasının qəbulundan sonra respublikaların yeni konstitusiyaları hazırlanmağa başlandı. Azərbaycan SSR-də isə bu proses daha fərqli və milli baxımdan əhəmiyyətli istiqamətdə inkişaf etdi:
"Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və şəxsi təşviqi ilə Azərbaycan SSR-in yeni Konstitusiya layihəsinə “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi daxil edildi. Bu, həmin dövrdə nadir və cəsarətli qərar idi, çünki digər ittifaq respublikalarında bu cür təşəbbüslərə ya icazə verilmirdi, ya da rəhbərlik tərəfindən ehtiyatla qarşılanırdı. Heydər Əliyev isə bütün siyasi təzyiqlərə baxmayaraq, milli dildə israr etdi. Bu təşəbbüs yalnız konstitusion dəyişikliklə kifayətlənmədi, həm də geniş ictimai dəstəyə çevrildi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyev təklif etdi ki, 73-cü maddə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” şəklində verilsin. Bu təklif yekdilliklə qəbul olundu.
Ana dili hər bir xalqın kimliyinin, milli yaddaşının və mənəvi dəyərlərinin əsas daşıyıcısıdır. Azərbaycan xalqı üçün də ana dili təkcə ünsiyyət vasitəsi deyil, həm də milli qürur, tarixi yaddaş və dövlətçilik rəmzidir. Ulu Öndər bu həqiqəti çox gözəl anlayırdı və dilin hüquqi statusunun təmin edilməsini gələcək müstəqil dövlətçiliyin ideoloji bazası kimi dəyərləndirirdi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin uzaqgörən siyasətinin bariz nümunəsidir. Bu qərar gələcək müstəqil Azərbaycanın Konstitusiyası, qanunvericilik bazası və milli ideologiyasının formalaşması üçün hüquqi zəmin yaratdı".
Millət vəkili əlavə edib ki, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev milli dövlət quruculuğunun əsas prioritetlərindən biri kimi ana dilinin inkişafına və qorunmasına yönəlmiş sistemli siyasət həyata keçirməyə başladı:
"1995-ci ildə yeni Konstitusiyanın hazırlanması zamanı dövlət dilinin adlandırılması ilə bağlı müzakirələr gedərkən Heydər Əliyev öz qətiyyətli mövqeyini ortaya qoydu. O bildirdi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır.” Nəticədə, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dili ölkənin rəsmi dövlət dili kimi təsbit olundu. Bu, ana dilimizin hüquqi baxımdan qorunması və gələcək nəsillərə ötürülməsi üçün mühüm sənəd oldu. 2001-ci ilin 18 iyun tarixində imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Eyni zamanda, 2001-ci il 9 avqust tarixində “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanla hər il avqustun 1-i Azərbaycan dili və əlifbası günü kimi qeyd olunmağa başlandı. Bütün bu tədbirlərin davamı olaraq, 2002-ci il 30 sentyabrda “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edildi. Bu Qanun Azərbaycan dilinin hüquqi statusunu daha da möhkəmləndirdi, onun qorunması və inkişafı üçün əsaslı zəmin yaratdı.
Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması, inkişaf etdirilməsi və dövlət səviyyəsində hüquqi təminatla təsbit olunması istiqamətində gördüyü işlər milli yaddaşımızın, mədəniyyətimizin və dövlətçiliyimizin təməl sütunlarındandır. O, tarixi şəraitdən asılı olmayaraq dilə münasibətdə daim prinsipial və ardıcıl siyasət yürüdərək, Azərbaycan dilini həm Sovet dönəmində, həm də müstəqillik illərində dövlət səviyyəsində qorumağı bacardı. Bu gün müstəqil Azərbaycan Respublikasında Azərbaycan dili dövlət dili kimi tamhüquqlu şəkildə fəaliyyət göstərir, beynəlxalq səviyyədə tanınır və dünya azərbaycanlılarının milli-mədəni birliyinin simvoluna çevrilib. Bütün bu uğurların təməlində isə Ulu Öndər Heydər Əliyevin dərin zəkası, milli iradəsi və tarixi uzaqgörənliyi dayanır".