Millət vəkili Pərvanə
Vəliyeva 23 apreldə Milli Məclisdə keçirilən "Aqrar sektorda sahibkarlığa
dəstək: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə çıxıb edərək
iqlim dəyişmələrinin, ətraf mühitə təsirlərin ərzaq və su təhlükəsizliyinə mənfi
təsirlərindən danışıb.
Manset.az xəbər verir ki, deputat qeyd edib ki, iqlim dəyişmələri və su ehtiyatlarının azalması ilə bağlı narahatlıqlar kənd təsərrüfatı sektoruna, xüsusilə də ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərir:
"Son illərdə dünya
üzrə müşahidə olunan quraqlıq kənd təsərrüfatı məhsullarının istehsalına mənfi
təsir göstərir. Bu, yalnız Azərbaycanın problemi deyil, qlobal ekoloji
tarazlığın pozulmasının nəticəsidir. Qlobal istiləşmə bitkilərin böyüməsini ləngidir,
bu da kənd təsərrüfatına geniş təsir göstərərək ərzaq təhlükəsizliyini risk
altına qoya bilər. COP29 zamanı ərzaq təhlükəsizliyi əsas müzakirə
mövzularından biri oldu. Milli Məclislə Parlamentlərarası İttifaqın birgə təşkil
etdiyi Səhiyyə və ərzaq təhlükəsizliyi adlı sessiyada iqlim dəyişmələrinin
dünya ərzaq təhlükəsizliyinə mənfi təsirləri və adaptasiya tədbirlərinin
dayanıqlı kənd təsərrüfatına töhfəsi müzakirə olundu".
Deputat bildirib ki, Azərbaycanda yağıntıların qeyri-bərabər paylanması kənd təsərrüfatı üçün problem yaradır:
"Aqrotexniki tədbirlərin keyfiyyətli aparılmasına baxmayaraq, bitkilərin böyümə
dövrlərində yağıntının az olması məhsuldarlığa və keyfiyyətə mənfi təsir göstərir.
Hazırda suvarma
suyuna olan tələbatın yalnız 20%-i daxili ehtiyatlar hesabına ödənilir, qalan
80%-i isə tranzit suların payına düşür. İndi Həkəriçay, Bərgüşad və Araz
çaylarının üzərində su anbarlarının tikilməsi nəzərdə tutulur, ancaq bunu da
qeyd etmək lazımdır ki, bu üç çay da tranzit çaylarımızdır və Ermənistanın
qanunsuz və ekoloji normaları pozan dağ-mədən sənayəsi fəaliyyəti nəticəsində
uzun illərdir ağır metallarla çirkləndirilir. Bu sahədə advokasiyamızı
artırmalıyıq. Çirklənmiş suyun ətraf mühitə, bitkilərə və heyvanlara dolayısı
ilə təsiri nəticəsində baş verir. Bioakkumulyasiya və biomagnifikasiya nəticəsində
ağır metallar balıqlarda, iribuynuzlu heyvanlarda və digər kənd təsərrüfatı məhsullarında
yığılır. İnsanlar bu məhsulları yedikdə tədricən sağlamlıqlarına zərər dəyir.
Çirkli su ilə suvarılan bitkilər (tərəvəz, meyvə və taxıllar) bu metalları
udur. Uzun müddət bu qidaların qəbulu qaraciyər, böyrək və sümük problemlərinə
səbəb ola bilər".