"2025-ci il aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasının aparıcı dövlət informasiya agentliyi olan “Sinxua”ya verdiyi geniş müsahibəsində Azərbaycan-Çin əlaqələrinin dinamik inkişafı, ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri və regional təşəbbüslərdə birgə iştirakla bağlı əhəmiyyətli fikirlər səsləndirdi".
Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov bildirib.
Millət vəkili vurğulayıb ki, Azərbaycan ilə Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və etimada əsaslanır: "İki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyəsi, liderlər arasında formalaşmış səmimi dialoq və qarşılıqlı səfərlər bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində mühüm rol oynayıb. Xüsusilə 2023-cü il iyulun 3-də Astanada imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” bu istiqamətdə dönüş nöqtəsi kimi qiymətləndirilməlidir".
Deputatın sözlərinə görə, Azərbaycan və Çin arasında iqtisadi-ticari əməkdaşlıq da dinamik şəkildə inkişaf edir:
"Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Çinin xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. Prezident İlham Əliyev ölkəmizdə yaradılmış əlverişli investisiya mühitinin Çin iş adamları üçün yeni imkanlar açdığını və bu istiqamətdə əməkdaşlığın daha da dərinləşəcəyini vurğuladı. Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir.
Prezident İlham Əliyev “Sinxua” agentliyinə verdiyi müsahibəsində “Kəmər və Yol” təşəbbüsünün qlobal əhəmiyyətini vurğulayaraq, Azərbaycanın bu layihəni ilk gündən dəstəkləyən ölkələrdən biri olduğunu xatırlatdı. Azərbaycan bu təşəbbüsün həyata keçirilməsində, istər öz ərazisində, istərsə də beynəlxalq miqyasda Çindən sonra ən çox investisiya qoyan ikinci ölkədir. Prezident İlham Əliyev 2019-cu ilin aprel ayında Pekində keçirilmiş 2-ci “Kəmər və Yol” Forumunda çıxışı zamanı da bu təşəbbüsün təkcə nəqliyyat sahəsində deyil, ümumilikdə ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi, dialoq və əməkdaşlığın inkişafı baxımından strateji əhəmiyyətini vurğulayıb. Layihə beynəlxalq ticarət üçün yeni imkanlar yaradan mühüm platforma kimi qiymətləndirilib. Çinlə bu istiqamətdə əməkdaşlığın mühüm nəticələrindən biri də Azərbaycanın geostrateji mövqeyindən istifadə edərək beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına xüsusi önəm verməsidir".
V.Qafarov qeyd edib ki, ölkəmizdə müasir infrastrukturun qurulması, onun ötürücülük qabiliyyətinin artırılması məqsədilə böyük investisiya layihələri həyata keçirilib. Son 20 ildə Azərbaycan ərazisində 21 min kilometr avtomobil yolu salınıb və təmir olunub, 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib:
"Dəmir yolu infrastrukturunun modernləşdirilməsi üzrə də mühüm nailiyyətlər əldə edilib. 1500 kilometrdən artıq dəmir yolu çəkilib, 1800 kilometrə yaxın sahə isə yenidən qurulub. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Xəzər dənizində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın “Kəmər və Yol” təşəbbüsü çərçivəsində qlobal logistik qovşaq kimi rolunu möhkəmləndirir.
Orta Dəhliz hazırda Avropa ilə Mərkəzi Asiyanı və Çini birləşdirən etibarlı və təhlükəsiz marşrut kimi çıxış edir. Çin məhsullarının Avropaya və əks istiqamətdə çatdırılmasında ən optimal yol hesab olunan bu marşrutun əhəmiyyəti ilbəil artır. Rəqəmlər də bunu təsdiq edir: 2024-cü ildə Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 378 min tona çatıb ki, bu da 2023-cü illə müqayisədə 86 faiz artım deməkdir. Eyni zamanda, 2024-cü il ərzində Orta Dəhlizlə Çindən Azərbaycana ixrac və tranzit rejimində 287 marşrut qatarı yola salınıb. Bu nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan nəinki “Kəmər və Yol” təşəbbüsünün fəal iştirakçısıdır, eyni zamanda bu təşəbbüsün gerçəkləşməsində lokomotiv rolunu oynayan ölkələrdən biridir.
Prezident İlham Əliyevin “Sinxua” agentliyinə verdiyi müsahibə, təkcə Azərbaycan-Çin münasibətlərinin hazırkı vəziyyətini deyil, həm də onun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən strateji sənəd kimi qiymətləndirilə bilər. Müsahibə, eyni zamanda, beynəlxalq ictimaiyyətə Azərbaycanın regional əməkdaşlığa, iqtisadi inteqrasiyaya və qlobal təşəbbüslərə açıq mövqeyini nümayiş etdirir. Azərbaycan Çinlə qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır".