"Qərbi Azərbaycana qayıdışın siyasi, ideoloji, faktoloji və hüquqi bazası hazırdır".
Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev bildirib.
Deputat qeyd edib ki, Antaliya Diplomatiya Forumu çərçivəsində “Qlobal idarəetmədə parlament diplomatiyası” mövzusunda keçirilən dəyirmi masada Qərbi Azərbaycanla bağlı həqiqətlərin, müxtəlif ölkələrdən olan nüfuzlu siyasətçilərin, o cümlədən deputat həmkarlarımın iştirakı ilə müzakirə olunması Azərbaycanın diplomatik uğurlarından biri kimi qiymətləndirilməlidir:
"Cənab Prezidentin müəyyən etdiyi milli strategiyaya və hədəflərə uyğun olaraq, Ermənistandan deportasiya olunmuş soydaşlarımızın doğma torpaqlarına qayıdış hüququnun təmin edilməsi istiqamətində son illərdə mühüm işlər görülmüş, Qərbi Azərbaycana qayıdışın siyasi, ideoloji, faktoloji və hüquqi bazası hazırlanmış, bu məsələ beynəlxalq ictimaiyyətin diqqətinə ardıcıl şəkildə çatdırılmışdır.Necə ki, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi hər birimizin qarşısında milli vəzifə kimi qoyulmuşdu və bu məqsədə milli birlik və siyasi həmrəyliklə nail olduq, eyni şəkildə Qərbi Azərbaycana qayıdış məsələsi də bu gün 50 milyonluq azərbaycanlının qarşısında duran strateji vəzifə, ümummilli hədəfdir.Azərbaycanın bu məsələdə nümayiş etdirdiyi milli iradə, siyasi həmrəylik və o cümlədən Milli Məclisin ardıcıl fəaliyyəti Ermənistanda ciddi narahatlıq doğurur, lakin rəsmi İrəvan hələ ki, qayıdış çağırışlarını qəbul etmək istəmir.Ancaq əminik ki, gec-tez Ermənistan rəhbərliyi Azərbaycanın bu haqlı və qanuni tələbini qəbul etməyə, soydaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək üçün üzərinə düşən öhdəliyi yerinə yetirməyə məcbur olacaq".