Hazırda bazarda mal ətinin 1 kiloqramının qiyməti 17-18 manat civarındadır. Lakin diqqət çəkən məqamlardan biri də odur ki, mağazalarda və marketlərdə satılan farş (qiymə) ətlərin qiyməti bundan xeyli aşağı — təxminən 9-10 manat arasında dəyişir. Bu isə haqlı olaraq insanlarda sual yaradır: əgər təzə ətin qiyməti bu qədər yüksəkdirsə, onda farş ət necə bu qədər ucuz ola bilər? Maraqlıdır, bu fərqin səbəbi nədir? Görəsən, farş ətlər hansı keyfiyyətdə olan ətlərdən hazırlanır ki, bu qədər ucuz başa gəlir?
Mövzu ilə bağlı Manset.az-a danışan qida eskperti Ağa Salamov bildirib ki, farş ətləri adətən ətin çıxıntılarından — yəni dana, mal, qoyun və s. heyvanların əsas hissə kimi satıla bilməyən ət parçalarından hazırlanır:
"Bu çıxıntılar birbaşa satış üçün yararlı olmadığından, onları farş halına gətirərək satışa təqdim edirlər. Sadəcə olaraq, burada bəzi yanlış anlayışlar olur. Məsələn, bəzi istehlakçılar düşünür ki, "bu ət niyə ucuzdur, yəqin ki, xarabdır" və s. Bu kimi fikirlər yaranır".
Ekspert qeyd edib ki, bəzi işbazlar da var ki, farş ətə toyuq dərisi, toyuğun istifadə olunmayan hissələri və ya müxtəlif rəngverici maddələr əlavə edərək onu satışa çıxarırlar.
"Hətta bəzi hallarda ət ilə toyuq qarışdırılaraq farş halına gətirilir və beləliklə məhsulun maya dəyəri aşağı salınır, nəticədə daha ucuz qiymətə satılır.
Bu isə o demək deyil ki, bütün marketlər və ya ət satış məntəqələri belə edir. Xeyr, bu hal ümumi qayda deyil. Bu, daha çox məsuliyyətsiz və qazanc məqsədilə çalışan bəzi şəxslərin işidir. Amma normativlərə uyğun şəkildə hazırlanmış, mikrobioloji çirklənməyə məruz qalmayan, bakteriya yükü aşağı olan və sağlam ət çıxıntılarından hazırlanan farş — yəni əsas ət hissəsi olmasa da, yenə də yararlı hesab olunur. Sadəcə bu parçalar bud, antrikot və ya kürək kimi əsas hissələrə daxil olmadığından farş halında satılır. Bu da onun maliyyətini aşağı salır və qiymətinin ucuz olmasına səbəb olur".
Seyranə Quliyeva