Son illərdə Xəzər dənizində suyun səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalması mütəxəssislər və yerli sakinlər arasında ciddi narahatlıq doğurur. Bu tendensiyanın əsas səbəbləri arasında bölgədə temperaturun artması ilə buxarlanmanın güclənməsi və Xəzərə axan çayların suyunun azalması göstərilir. Bəs, bunun hansı təhlükəsi ola bilər?
Mövzu ilə bağlı Manset.az-a danışan ekoloq Rövşən Abbasov bildirib ki, iqlim dəyişiklikləri bu prosesi daha da sürətləndirir:
"Regionda yağıntıların azalması və istilik dalğalarının artması nəticəsində çay hövzələrinin su ehtiyatları tükənməyə başlayıb. Nəticədə, dənizə daxil olan su həcmi azalıb, bu isə birbaşa olaraq Xəzərin səviyyəsinə təsir edir.
Dəniz səviyyəsinin aşağı düşməsi sahilboyu yaşayan əhalinin gündəlik həyatına da mənfi təsir göstərir. Balıqçılıq və digər su təsərrüfatı fəaliyyətləri çətinləşir, həmçinin bu proses regionun mikroiqliminə də təsirsiz ötüşmür. Səviyyənin azalması nəticəsində torpaqların quruması və duzlaşması kimi problemlər də yarana bilər".
Ekoloq qeyd edib ki, bu prosesin qarşısını tam almaq mümkün olmasa da, onun təsirlərini minimuma endirmək üçün Xəzəryanı ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, su ehtiyatlarının səmərəli idarə olunması və iqlim dəyişikliklərinə qarşı birgə tədbirlərin görülməsi olduqca vacibdir.
Seyranə Quliyeva