Son illər ərzində arıqlamaq məqsədi ilə bir sıra çay və kofelərdən istifadə olunur. Bu kimi çay və ya kofelərin daha çox sosial şəbəkələr vasitəsi ilə satıldığını görürük. Bəs, arıqlamaq üçün istifadə olunan bu məhsullar təhlükəlidirmi?
Mövzu ilə bağlı Manset.az-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, arıqlama məqsədilə istifadə olunan çaylar, həblər və kapsulların əksəriyyəti biznes maraqları əsasında hazırlanır və təhlükəli nəticələrə səbəb ola bilər.
O, qeyd edib ki, bu məhsulların "bitki mənşəli" olması onların zərərsiz olduğu anlamına gəlmir.
"Bitki tərkibli məhsullar orqanizmdə süni müdaxilələrə səbəb olaraq maddələr mübadiləsini pozur, ishal, qusma kimi hallar yaradır və nəticədə vitamin-mineral çatışmazlığına, immun sistemin zəifləməsinə yol açır. Bu isə avtoimmun xəstəliklərə, hətta xərçəng və diabetə qədər aparan ağır fəsadlara səbəb ola bilər.
Ən çox gənc qadınlar arasında yayılan bu məhsulların təsiri ilə hormonal balans pozula, saç tökülməsi, dəri problemləri, mədə-bağırsaq sistemində pozulmalar baş verə bilər. Xüsusilə də hamiləlikdən əvvəl istifadə edilən bu preparatlar gələcəkdə doğulan uşaqlarda sağlamlıq problemlərinə səbəb ola bilər".
Mütəxəssis xəbərdarlıq edir ki, tez və süni arıqlama cəhdləri əzələ itkisi, dəri sallanması və metabolik pozğunluqlarla nəticələnə bilər.
"Sosial şəbəkələrdə məşhurlar vasitəsilə reklam olunan bu məhsulların mənşəyi, tərkibi və istehsalçı şirkətlər barədə etibarlı məlumatlar olmaması isə vəziyyəti daha da təhlükəli edir.
Sağlam çəkiyə nail olmaq üçün düzgün qidalanma, yuxu rejimi və fiziki aktivliyə önəm verilməsi tövsiyə olunur. Yalnız bu yollarla arıqlamaq həm davamlı, həm də sağlam nəticələr verir".
Seyranə Quliyeva