Dönərlər belə ətlərdən hazırlanır - DİQQƏTLİ OLUN

15:50 - 16 Aprel 2025

Dönərlər belə ətlərdən hazırlanır - DİQQƏTLİ OLUN

"Son dövrlərdə dönərdən zəhərlənmə halları artmaqdadır. Xüsusilə bu hallar azyaşlılarda daha ağır və təhlükəli nəticələrlə sonlanır. Bu vəziyyətin əsas səbəblərindən biri istifadə olunan qida məhsullarının – xüsusilə də ətin – keyfiyyətsiz, ucuz və xəstə heyvanlardan əldə olunmasıdır. Bununla yanaşı, ətin düzgün saxlanma şəraitinin təmin olunmaması da ciddi problem yaradır".


Bu sözləri Manset.az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, ət yüksək temperaturda saxlanıldıqda onun tərkibində bakteriya və mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli şərait yaranır:

"Eyni zamanda, bəzi hallarda dönərlər sanitar-gigiyena normalarına və qaydalarına əməl edilmədən hazırlanır. Bu zaman qida həm fiziki, həm də kimyəvi çirklənməyə məruz qalır və nəticədə onu qəbul edən şəxslərdə həzm pozğunluqları və zəhərlənmələr baş verir.

Dönərin tərkibində bəzən sintetik mənşəli mononatrium glutamat (xalq arasında "çin duzu") adlı maddədən də istifadə olunur. Bu maddə məhsul dadlı olmasa belə insanda asılılıq yaradır və həmin qidanı təkrar-təkrar qəbul etmək istəyinə səbəb olur. Bu təsir xüsusilə 20 yaşa qədər olan şəxslərdə, yəni uşaqlarda, yeniyetmələrdə və gənclərdə daha çox müşahidə olunur. Belə qidaların tez-tez qəbul olunması ağızda dad reseptorlarının təbii fəaliyyətinə zərər verərək sağlam qidalanma vərdişlərini pozur.

Bu tip qidaların tərkibində qidalılıq dəyəri, vitamin və mineral tərkibi olmadığı üçün insan orqanizminin inkişafı da ləngiyir. Xüsusilə dönərlə birlikdə istifadə olunan ketçup və mayonezlərin təhlükəsizliyi də şübhə doğurur. Bu souslar bəzən böyük qablarda saxlanılır, üzərində istehsal və son istifadə tarixi göstərilmir və isti şəraitdə açıq saxlandığı üçün onların tərkibində də dəyişikliklər baş verir. Bu da zəhərlənmə riskini artırır.

Bundan başqa, dönərlə verilən göyərtilər və tərəvəzlər kifayət qədər yuyulmadıqda, işçi heyət sanitar-gigiyena qaydalarına əməl etmədikdə və ya tibbi müayinədən keçmədikdə, bu da qidanın təhlükəsizliyinə birbaşa təsir göstərir".


M.Hüseynova qeyd edib ki, bütün bu amilləri nəzərə alaraq, mənşəyi bəlli olmayan, yol kənarında və nəzarətsiz şəraitdə satılan dönər və digər qidalardan uzaq durmaq vacibdir:

"Dönər satılan məkanlarda mütəmadi olaraq dezinfeksiya işləri aparılmalı, həşərat və gəmiricilərə qarşı profilaktik tədbirlər görülməlidir. Bundan əlavə, qidanı hazırlayan şəxslər əlcəkdən istifadə etməli, şəxsi gigiyenaya ciddi şəkildə riayət etməlidirlər. Yalnız bu qaydalara əməl olunduqda belə xoşagəlməz və sağlamlıq üçün təhlükəli halların qarşısını almaq mümkündür."


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv