"Mən və Aygün ayaq üstündə..” – Bakıda yataq otağında ŞOK OLAY

18:58 - 10 İyul 2021

Bakının Sabunçu rayonunda 1980-ci il təvəllüdlü Elvin Nəsibov ailə münaqişəsi zəminində arvadı Aygünə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Manset.az Teleqraf.com-a istinadən xəbər verir ki, Elvin yataq otağında arvadı Aygünün mobil telefonuna baxan zaman “İnstagram” sosial şəbəkəsindəki şəxsi səhifəsinə girdiyini görüb.

O, arvadına sosial şəbəkəyə girməyi qadağan etməsinə məhəl qoymadığı üçün əli ilə Aygünün üzünə şillə ilə vurub, qadın zərbədən çarpayının üzərinə üzü üstə yıxılıb.

Elvin yumruqla bir neçə dəfə Aygünün bel və bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona çoxsaylı bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Elvinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin olan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Şuşa şəhərciyində olan tikintidən atası ilə çıxıb və birbaşa evə gəliblər: “Həmin gün saat 23.30-da yatmaq qərarına gəldim. Böyük qızım Elayın yanında çarpayıda uzandım. Aygün isə balaca qızım Nərmini beşiyə qoyaraq yanında olan masada oturdu. Nərmin yatmadı, babasını istədi. Mən də Nərmini götürərək atamın yanına apardım. Dedim ki, Nərmin səni istəyir. Atam da Nərmini alaraq ayağına uzatdi və yelləməyə başladı”.

Təqsirləndirilən şəxs bildirib ki, öz yataq otağına qayıdaraq böyük qızı Elayın yanında çarpayıda uzanıb: “Aygün isə Nərminin çarpayısında uzandı. Dedi ki, sənin telefonunda uşaqlarla birlikdə çəkdirdiyimiz şəkilləri vatsapdan mənə göndər. Mən də Aygünün dediyi şəkilləri telefonumda seçərək ona göndərdim.

Ancaq Aygün şəkilləri yenidən göndərməyimi istədi. Yerimdən duraraq mobil telefonunu onun əlindən aldım. Baxdım ki, göndərdiyim şəkillər ona çatıb, ancaq vatsapın ayarlarında şəkillərin və ya mətinin çatma işarəsini göstərməsini bağlayıbdır. Aygündən soruşdum ki, bunu niyə edibsən? Aygün də and içdi ki, xəbəri yoxdur”.


Elvin Nəsibov qeyd edib ki, telefonunun vatsap proqramının ayarlarını düzəldib: “Bu zaman gördüm ki, “Google Chrome” proqramından “İnstagram” proqramına girib. Əvvəllər Aygün “İnstagram” proqramına girdiyi üçün onunla mübahisə etmişdim, ona “İnstagram”a girməyini qadağan etmişdim.

Buna görə də Aygündən soruşdum ki, niyə "İnstagram"a giribsən? Əvvəlcə and içdi ki, “İnstagram”a girməyib. Tarixçəni Aygünə göstərdim, o, gülə-gülə dedi ki, sənin adından profil açmışam, "İnstagram"a girərək makyajlara baxıram. Dedimi, sənə demişdim axı, "İnstagram"a girmə...

Həmin vaxt mən və Aygün ayaq üstündə durmuşduq, aramızda bir metr məsafə olardı. Bu vaxt Aygün gözləmədiyim halda üzümə tüpürdü, dedi, ayıb olsun, sən mədən şübhələnirsən. Bu hərəkət məndə qıcıq yaratdı. Sağ əlimlə Aygünün sol tərəfdən sifət nahiyəsinə vurdum. Zərbədən Aygün yataq otağında olan Elayın çarpayısının yastıq olan tərəfinə düşdü və çarpayının baş tərəfində olan taxta Aygünün qarın nahiyəsinə dəydi. Həmin vaxt Elay çarpayının ortasında oturmuşdu”.

Elvinin sözlərinə görə, bundan sonra Elay otaqdan çıxaraq gedib: “Səsimizə anam Ceyran gəldi. Məni vuraraq çölə çıxartmaq istədi. Anama dedim ki, söhbətə qarışma. Gördüm ki, atam yataq otağının qapısının qarşısındadır. Aygün iki əli ilə başını tutdu. Anam-atam məni çölə çıxartmaq istəyən zaman Aygün dedi ki, atasına zəng edir, gəlib onu aparsın.

Aygünə bildirdim ki, kimə zəng vurursan, vur. Bundan sonra anam-atam məni çölə çıxartdı. Təxminən 10-15 dəqiqə sonra Aygünün atası Abil, qardaşı Alı və ögey anası Kəmalə bizə gəldi. Evdə Abil məndən soruşdu ki, nə olub, niyə Aygünü vurubsan? Dedim ki, qızın Aygün yenə "İnstagram"a girib. Bu zaman Alı qışqırdı ki, yaxşı edib. Ona heç bir söz demədim. Həmin vaxt qonaq otağında idik. Aygün də qonaq otağında divanda əyləşdi.

Bu zaman Aygün dedi ki, sol böyrü bərk ağrıyır. Alı, Kəmalə, Aygün, böyük qızım Elay, atam Əfəndi və anam Ceyran Abilin idarə etdiyi avtomobilə əyləşdilər, Aygünü 3 saylı Şəhər Kliniki Xəstəxanasına apardılar”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, əvvəllər Aygünlə rəsmi nikahda olub, sonra boşanıblar. O, ifadəsinin sonunda Aygünlə barışdığını deyib və törətdiyi cinayət əlimdən peşman olduğunu söyləyib.

Zərərçəkmiş şəxs qismində ifadə verən Aygün deyib ki, əri tərəfindən döyülməsi ilə bağlı həkimə müraciət olunub: “Həkim baxdıqdan sonra məni dərhal cərrahiyyə şöbəsinə qaldırdı. Orada qarın boşluğumdan əməliyyat olundum və nəticədə dalağım götürüldü. Elvinlə “İnstagram” proqramına girdiyim üçün dalaşmışam. Xəstəxana xərclərini qayınatam ödəyib. Elvinlə barışmışam. Ona qarşı heç bir şikayətim yoxdur”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb.

Elvinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin