“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
22 Noyabr 2024
10:45 - 8 İyun 2021
Murad Sadəddinov: “Təəssüf ki, vaxtında atılmalı olan addımları atmadıq”
İkinci Qarabağ müharibəsindən sonra, Ermənistanın 30 illik işğal siyasəti nəticəsində Azərbaycana vurduğu maddi və mənəvi zərərə görə təzminat ödənilməsi məsələsi gündəmə gəldi. Uzun illər ermənilər Qarabağda talançılıq edib, təbii ehtiyatlardan geninə-boluna istifadə edərək külli miqdarda qazanc götürüblər.
Məsələn, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində rəsmi məlumata görə, 155 müxtəlif faydalı qazıntı yatağı var. Aralarında 5 qızıl, 6 civə, 2 mis yatağı olan həmin yataqlardan 12-si zəngin filiz yatağı olaraq təsnif edilir. İşğal dövrü boyu ermənilər həmin yataqlardan hasil etdikləri sərvətləri ixrac etməklə öz büdcələrinə külli miqdarda vəsait daxil ediblər. Həmin yataqların istismarına cəlb edilmiş “Sterlite Gold Ltd”, “Sirkap Armenian”, “Base Metals”, “Manex and Valex”, “Armenian Copper Programme” kimi onlarla şirkətin əksəriyyəti xarici erməni diasporu tərəfindən buraya yönləndirilib, yaxud əcnəbi ermənilər tərəfindən idarə olunub.
Bununla yanaşı, 30 il ərzində Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğalda saxlayaraq, həmin ərazilərdə dəhşətli dağıntılar törədiblər, mülki obyektləri, insanların ev-eşiklərini vəhşicəsinə talan ediblər. Nəticədə insanlarımıza, ölkə iqtisadiyyatına, tarixi, mədəni, dini obyektlərimizə, ekologiyamıza, təbii sərvətlərimizə milyardlarla manatlıq ziyan vurublar.
Mütəxəssislər bildirirlər ki, Ermənistandan təzminat tələb etmək Azərbaycanın haqqıdır və belə bir prosedur beynəlxalq hüquqda təsbit olunub. Ermənistan nəinki son 30 il ərzində, eləcə də Vətən müharibəsinin gedişində beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan ərazisində - döyüş bölgəsindən uzaqda dinc əhaliyə və mülkü infrastruktura yönəlik cinayətlər törədib.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında bu məsələyə toxunub və Ermənistanın bütün bunlara görə cavab verəcəyini bildirib. Dövlət başçısı bəyan edib ki, Azərbaycan beynəlxalq ekspertləri də cəlb etməklə, Ermənistanın torpağa, suya, meşəyə və faydalı qazıntılara, habelə əmlaka və mədəni sərvətlərimizə vurduğu ziyan dəqiq hesablanacaq. Ölkə başçısının 2020-ci il 6 noyabr sərəncamına əsasən, ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılıb.
Müharibə yeni bitdiyi zamanlarda Ermənistanın beynəlxalq hüquq qarşısında cinayətlərinə görə cavab verəcəyi, Azərbaycana təzminata cəlb olunacağı haqqında tez-tez fikirlər səsləndirilirdi. Amma son 2-3 ayda sanki bu məsələnin üzərinə gedilmir. Ekspertlər isə bildirirlər ki, Ermənistanın beynəlxalq məhkəmələrə verilməsi prosedurları, sənədlərin toplanması, zərərin dəqiq miqdarının müəyyənləşdirilməsi elə də asan və tez başa gələn deyil.
Məsələ ilə bağlı AYNA-nın suallarını cavablandıran Demokratiyanın İnkişafı və İnsan Haqları Müdafiəsi Fondunun sədri Murad Sadəddinov deyib ki, rəsmilərdən aldığı məlumata görə, bu istiqamətdə işlər aparılır:
- Birincisi, Avropa Məhkəməsinə Azərbaycan şikayət edib, dövlətin ərizəsi var. Artıq bu ərizə qəbul edilib və bildiriş göndərilib. Bu şikayət məhz dövlətlərarası şikayətdir. Azərbaycan dövləti Ermənistan dövlətini şikayət edib ki, onun içərisində təzminat məsələləri mövcuddur. Amma nəzərə almaq lazımdır ki, məsələ ilkin şikayətlə bitmir. Əlavə materiallar da təqdim olunmalıdır. Ziyanın miqdarını ilkin mərhələdə müəyyənləşdirmək olmur. Azərbaycana müxtəlif xarici ekspertlər dəvət edilib ki, Ermənistanın vurduğu ziyan müəyyənləşsin. Bu, vaxt aparan məsələdir. Səbəb də odur ki, ekspertlər ərazilərə daxil ola bilmirlər – mina təhlükəsi var, Qarabağın hər yeri minalıdır. Yəqin ki, ekspertlərin fəaliyyəti nəticəsində hesabat hazırlanacaq və bu hesabat Avropa Məhkəməsinə göndərilən şikayət ərizəsinə əlavə ediləcək.
- Sadəcə bir şikayətlə məsələ bitirmi?
- Əlbəttə ki, yox. Fərqli şikayətlər olacaq. Məlumdur ki, bir neçə xarici şirkət beynəlxalq qanunvericilik aktlarını kobud şəkildə pozaraq gizli yollarla Azərbaycan ərazilərində fəaliyyət göstərib. Bunlar əsasən Avropa dövlətlərinin şirkətləridir. Məsələn, Kəlbəcərdəki, Zəngilandakı qızıl yataqlarını qeyri-qanuni şəkildə istismar ediblər. Digər təbii sərvətləri istismara məruz qoyublar və s. Onların da vurduğu ziyan müəyyənləşəcək və onlar haqqında ölkələrinin məhkəmələrinə, Beynəlxalq Arbitraj Məhkəməsinə şikayət göndəriləcək. Məndə olan məlumata görə, bu iki istiqamətdə iş gedir. Bundan başqa da işlər aparılmalıdır. Məsələ burasındadır ki, bu gün beynəlxalq qanunvericilik o dərəcədə mövcud deyil ki, Azərbaycan hökuməti həmin məhkəmələrə üz tutsun, qərar alsın. Bir sıra məhkəmələr mövcuddur, məsələn, BMT-nin tərkibində 2 məhkəmə var – Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Məhkəmə. Bu məhkəmələrin prosedur qaydaları elə qəliz və çətindir ki, onlardan nəsə əldə etmək çətin olacaq.
Tutaq ki, Beynəlxalq Məhkəməyə müraciət edirik. Bu zaman hər iki tərəf – Azərbaycan və Ermənistan razılıq verməlidir ki, bu məhkəmə ölkələr arasında olan zidiyyətli məsələlərə aydınlıq gətirsin. Aydın məsələdir ki, Ermənistan bu razılığı verməyəcək və biz o proseduru keçə bilməyəcəyik. Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi var, hansı ki, oraya hərbi cinayətlərlə bağlı müraciətlər etmək olar. Amma orada “Rimski statusu” deyilən bir şərt var. Ermənistan da, Azərbaycan da o statusu qəbul etməyib. Ümumiyyətlə, o statusu Rusiya da, ABŞ da, İsrail də, digər bir çox ölkələr də qəbul etməyib. Bu baxımdan, Haaqa məhkəməsinə müraciət etmək də çətindir. Amma dediyim kimi, Avropa Məhkəməsi və ayrıca ölkələrin məhkəmələri, Beynəlxalq Arbitraj Məhkəməsinə verilən şikayətlər düzgün prosedurlarla həyata keçirilsə, biz Ermənistanın cəzalandırılmasına nail ola, təzminatı təmin edə bilərik.
- Məlumdur ki, 30 il Ermənistan işğalçılıq siyasəti ilə bir milyon azərbaycanlının mülki hüququnu kobud şəkildə pozub, evlərini dağıdıb, özlərini köçkünlüyə düçar edib. Azərbaycan dövləti ilə yanaşı, məcburi köçkünlərin də fərdi şəkildə Ermənistanı şikayət etməsi, hüquqlarını bərpa etməsi mümkündürmü?
- Bu, nəinki mümkündür, çox vacib və lazım idi - amma vaxtında. Məcburi köçkünlərə zamanında köməklik etmək, dəstək göstərmək lazım idi ki, beynəlxalq məhkəmələrə müraciət edə bilsinlər. Burada bir məqam var. Avropa Məhkəməsinin prosedur qaydasını götürsək, qurum hər iki tərəf müvafiq konvensiyanı qəbul edib ratifikasiya etdikdən sonrakı dövrdə törədilən cinayətlərlə bağlı şikayətləri qəbul edir. Azərbaycan və Ermənistan müvafiq konvensiyaya 2000-ci ildə imza atıb və 2002-ci ildə ratifikasiya ediblər. Bizim məcburi köçkünlərin mülkiyyət hüquqları ratifikasiyadan əvvəl pozulmuşdu. Lakin mülkiyyət hüququnun pozulması davam edirdi. 2002-ci ildən sonra da azərbaycanlı məcburi köçkünlərin hüquqları İkinci Qarabağ müharibəsinədək, işğal bitənədək Ermənistan tərəfindən pozulmaqda idi. Avropa Məhkəməsinin prosedur qaydalarına uyğun olaraq bu şikayətlər qəbul oluna bilərdi.
Əlbəttə, ayrı-ayrı insanlar üçün bu prosedurları keçmək çətin idi. Gərək müxtəlif dövlət orqanları, bu sahəyə baxan strukturlar zamanında imkan, şərait yaradaydılar ki, məcburi köçkünlər fərdi şəkildə şikayətlər göndərə bilsinlər. Dövlət mütəxəssislər, savadlı vəkillər tutmalı idi ki, şikayətlər əsaslı şəkildə hazırlansın. Kütləvi şəkildə bu müraciətləri təmin etmək mümkün idi. Mən bu barədə hələ o zamanlar, ilkin mərhələdə dəfələrlə təklif etmişdim. Təəssüf ki, biz buna diqqət yetirmədik.
- Məsələn, “Qaçqınkom” fərdi şikayətlərin kütləviliyini təmin edə bilərdi...
- Təbii ki, edə bilərdi. Amma etmədilər. Müxtəlif variantlar var. “Qaçqınkom” müsabiqə keçirə bilərdi, bir çox ixtisaslaşmış QHT-ləri bu işlərə cəlb edə bilərdi. Yaxud da, əvvəlki adı QHT-lərə Dövlət Dəstəyi Şurası olan (indiki adı QHT-lərə Dövlət Dəstəyi Agentliyi) dövlətdən ayrılan vəsaitin bir hissəsini bu işlərə yönləndirə bilərdi. Həmin ixtisaslaşmış QHT-lər də məcburi köçkün kateqoriyasından olan insanlarla işləyərdilər, şikayətləri hazırlayardılar, əsaslandırardılar və s. Təəssüflər olsun ki, edilmədi.
- Sizcə, indi bunu həyata keçirmək gecdirmi? Axı, indi əlimizdə sübut və faktlar daha çoxdur. Məsələn, məcburi köçkünlərin dağılmış evlərinin, mülklərinin əyani sübutları var.
- İndi dövlətlərarası şikayət var. Əlbəttə, məcburi köçkünlərin mülkləri ilə bağlı materiallar, statistik məlumatlar toplanmalıdır, itirilən mülklərin qiymətləndirilməsi aparılmalıdır. Bunlar bütünlüklə dövlətin Avropa Məhkəməsinə göndərdiyi şikayətə əlavə olunmalıdır. Bu, həm əlavə sübut kimi, həm də 30 ildir mülkü dağıdılan insanların kompensasiyasını təmin etmək üçün edilməlidir.
- Avropa Məhkəməsinin şikayəti qəbul etməsi, araşdırması və qərar verməsi neçə il çəkə bilər?
- Mən inanmıram ki, qərar tez zamanda verilsin. Burada iki faktor var. Birincisi, Avropa Məhkəməsində çoxlu işlər var ki, bu, böyük növbə deməkdir. İkincisi, dövlətlərarası şikayətlərə qısa müddətdə cavab verilməsi mümkün olmur. Məsələlər kifayət qədər geniş şəkildə araşdırılmalıdır, əsaslandırılmalıdır. Əlbəttə, böyük zaman tələb edir. Ona görə də bu, 1-2 ilə həll olunası məsələ deyil.
- Müharibə bitdikdən sonra belə rəqəm səsləndirilirdi ki, vurulan ziyan 50 milyard dollardan çoxdur. Məlumdur ki, Ermənistan 100 il sonra da bu məbləği təzminat kimi ödəyə bilməz. Belə olan halda, təzminatın torpaq verilməsi ilə həll edilməsi məsələsindən danışılır. Əgər illər sonra Azərbaycan haqqını ala bilərsə, Avropa Məhkəməsi lehimizə qərar verərsə, o zaman Ermənistan təzminatı hansı formalarda ödəyə bilər?
- Avropa Məhkəməsində belə bir qayda yoxdur ki, ölkə təzminatı verə bilmirsə, məsələ torpaq verilməsi ilə həll olunsun. Təzminatın torpaqla ödənilməsi variant kimi ortaya qoyulur. Məsələn, Ermənistan cərimələnib, amma ödəyə bilmirsə, o zaman Azərbaycan tərəfi ilə razılaşa bilər ki, “pulun yerinə müəyyən ərazini verirəm”. Yaxud da mülkiyyət verir, hansısa müəssisənin səhmlərini verir. Bu, iki ölkə arasında razılaşdırılmalıdır, bunu Avropa Məhkəməsi tələb edə bilməz. Razılıq olandan sonra təzminat alacaq tərəf Avropa Məhkəməsinə müraciət edə bilər ki, filan şərtlərlə razılaşıb, ərizəsini geri götürür. Belə bir prosedur var, amma Avropa Məhkəməsinin yox, qərardan sonrakı mərhələdə tərəflərin razılaşması prosedurudur.
- Bildirdiniz ki, beynəlxalq məhkəmələrə, məsələn, Haaqa Məhkəməsinə müraciət qəlizdir və bizim üçün mümkün görünmür, amma Avropa Məhkəməsinin qərar çıxarmasını təmin etmək nisbətən asandır. O zaman belə sual yaranır: Avropa Məhkəməsinin qərarının effektivliyi nə qədərdir?
- Bilirsiniz, Haaqa Məhkəməsi ilə Avropa Məhkəməsinin müqayisə edilməsi düzgün deyil. Haaqa Məhkəməsi cinayət məhkəməsidir, konkret olaraq ayrı-ayrı şəxslərin törətdikləri hərbi cinayətə görə onların məsuliyyətə cəlb olunmasına baxır. Bizim şikayətimiz fərqlidir. Azərbaycan Ermənistandan Avropa İnsan Haqları Konvensiyasını pozduğuna görə təzminat tələb edir. Bunlar fərqli məsələlərdir. Əlbəttə, biz erməni terrorçuları ilə bağlı Haaqa Məhkəməsinə müraciət edə bilərik. Bu, artıq ayrı işdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin