Beş ölkənin baş prokuroru Xəzərlə bağlı bəyannamə İMZALADI

18:23 - 7 İyul 2021

Beş ölkənin baş prokuroru Xəzərlə bağlı bəyannamə İMZALADI

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Baş Prokurorluğu, Avropa Şurası və Beynəlxalq Prokurorlar Assosiyasiyasının birgə təşkilatçılığı ilə Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak məqsədilə Rusiya Federasiyasının Sankt- Peterburqa səfəri başlayıb.

Konfransı açıq elan edən Rusiyanın Baş prokuroru İqor Krasnov Avropa İnsan hüquqları konvensiyasının tələbləri kontekstində fərdi hüquqların və ictimai maraqların müdafiəsində prokurorluğun rolu haqda məlumat verib.

Manset.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, müasir dövrün çağırışlarına uyğun olaraq prokurorluq sisteminin inkişafı, insan hüquqlarının qorunmasında prokurorluğun rolu, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, o cümlədən kibercinayətkarlıq, rəqəmsal valyutalardan istifadə etməklə törədilən cinayətlər və digər sahələrdə prokurorluqlar arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Elə həmin gün Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan baş prokurorları tərəfindən Xəzər dənizində ətraf mühitin mühafizəsi və təbii resurslardan istifadə sahəsində əməkdaşlıq haqqında bəyannamə imzalanıb.

Bəyannamə Xəzər dənizi akvatoriyasında beynəlxalq hüquq və ətraf mühitin mühafizəsi haqqında milli qanunvericiliyin icrası mexanizmlərini, habelə vətəndaşların ekoloji hüquqlarının qorunması və müvafiq hüquqpozmalara qarşı preventiv kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlali ilə görüşüb. Baş prokuror otuz ilə yaxın dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən azad edildiyini, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyini bildirib.

Kazem Cəlali dost Azərbaycan dövlətini və xalqını tarixi qələbə münasibətilə təbrik edərək Azərbaycan-İran sərhədinin tam şəkildə bərpa olunduğunu da məmnuniyyətlə vurğulayıb.

Həmçinin, ölkələrimiz arasında hüquq mühafizə sahəsində əməkdaşlıq, o cümlədən cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələləri müzakirə edilib.

Nümayəndə heyətinin Rusiya Federasiyasına işgüzar səfəri davam edir.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin