BŞİH-də qara hazırlıq müzakirə edildi - Tapşırıqlar verildi
26 Noyabr 2024
10:34 - 3 İyul 2021
Dağlıq Qarabağdan həmişəlik imtina edib Ermənistanı qazanmaq: rəsmi İrəvan üçün tarixi seçim anı yetişir; rusiyalı politoloq: “Ermənilər Qarabağı əbədilik itiriblər...”
Ermənistan bölgədə qalıcı sülhə töhfə verməyi ləngitməklə, şübhəsiz, ən böyük pisliyi özünə edir. Çünki dəfələrlə yazıldığı kimi, 44 günlük müharibədən sonra təcili bərpaya və iqtisadi dirçəlişə ciddi ehtiyac duyan məhz Ermənistandır. Savaşdan ağır məğlubiyyətlə çıxan ölkənin rəhbəri Nikol Paşinyanın 20 iyun seçkilərində ən çox səs almasının birinci səbəbi də budur - ermənilərin əksəriyyəti müharibədən bezib və sülh, əmin-amanlıq içində yaşamaq istəyir, təminatlı həyat arzu edir.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, Paşinyan və onun yeni qurulacaq kabineti üçün əsas sosial sifariş elə budur. Əfsus ki, hələlik bu yöndə real işlərin və bəyanatların şahidi olmuruq. Ermənistan və onun toplumu seçkilərdən əvvəl hansı durumda, harada idisə, orada da qalır. Ölkənin media sektoru və ekspert camiyəsi isə qonşu Azərbaycan və Türkiyə ilə barışığına əngəl olmaq üçün yenə əlindən gələni edir, Türkə nifrəti və revanşist ovqatı körükləyir, Azərbaycana qarşı əsassız və sərsəm ərazi iddialarının təbliğini, bütövlükdə müharibə təbliğini davam etdirir.
Bütün bunlar isə Ermənistana, onun sülhə səs vermiş toplumuna, təbii ki, yaxşı bir şey vəd eləmir və Nikol Paşinyanın işini ağırlaşdırır. İndi o, həm də bölgədə böyük sülhə mane olan və onun altını “qazıyan” qüvvələri qısa zamanda neytallaşdırmağı bacarmalıdır. Bundan ötrü isə o, öz xalqı ilə açıq və səmimi danışmalı, gerçək inkişafın və böhrandan qurtuluşun yolunu səbirlə ona izah eləməlidir.Bu yol isə, əlbəttə ki, bütün “daşları ətəkdən töküb”, yəni heç vaxt reallaşmayacaq ağılsız iddialardan imtina edib vaxt itirmədən qonşu Azərbaycan və Türkiyə ilə birgə addımlamaqdan keçir, nəinki Bakı və Ankara ilə şərt dilində danışmaqdan. Onsuz da gec-tez belə də olacaq. Çünki yeni şərtlər, zaman bunu diktə edir...
“İrəvan Ermənistan-Türkiyə, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinə dair bütün iddialarından və tələblərindən tam imtina edəcək. Əgər Ermənistan sülh və həmrəylik şəraitində yaşamaq istəyirsə, bu ölkə qonşularına olan iddialarından əl çəkməlidir.”
Bu sözləri rusiyalı alim, türkoloq Viktor Nadein-Rayevski Ermənistan KİV-ə müsahibəsində bildirib (Axar.az). Onun sözlərinə görə, seçkilərdən sonra Ermənistanın xarici siyasətində böyük çağırışlarla yeni mərhələ başlanacaq.
“Yaxın zamanlarda bütün sərhəd məsələləri tənzimlənəcək, Naxçıvanı Azərbaycanın yerdə qalan hissəsi ilə birləşdirən Zəngəzur dəhlizi qurulacaq. Qeyd etmək lazımdır ki, müəyyən ərazilərin hələ də ermənilərin nəzarətində qalması Azərbaycan üçün bu münaqişənin tam şəkildə həll olunmaması anlamına gətirib çıxarır. Mən bu məsələlərin necə müzakirə ediləcəyini və Ermənistanın hansı mövqe tutacağını təsəvvür belə etmirəm. Çünki Ermənistan hakimiyyətindən bircə dənə də olsun, məntiqli açıqlama gəlmir. Lakin əminliklə bildirmək istəyirəm ki, yaxın günlərdə İrəvanın mövqeləri daha aydın olacaq və vəziyyət tənzimlənəcək”, - deyə rusiyalı ekspert əlavə edib.Artıq 7 aydır hamı rəsmi İrəvandan bunu gözləyir: öz mövqeyini konkret ortaya qoymaq və konstruktivizmə köklənmək. Çünki artıq seçki mərhələsi arxada qalıb və Paşinyan pis-yaxşı xalqın əksəriyyətindən yeni etimad mandatı ala bilib. Əgər İrəvan Qarabağ coğrafiyasında yenə ermənilərin yaşamasını istəyirsə, tələsməli, Bakı ilə sülh sazişini gecikdirməməlidir.
Həm də o səbəbə ki, Azərbaycanın ərazi bütövlüyünün tanınmasını əks etdirən həmin sazişin imzalanması ilə Qarabağdakı erməni əhali dərhal Azərbaycan dövlətinin daha güclü qarantiyası altına alınacaq. Əks halda, anklavda gələcəklə bağlı qeyri-müəyyənlik, separatçı-kriminal ünsürlərin varlığı, ağır sosial-iqtisadi problemlər oradakı olan-qalan əhalini bezdirəcək və onu sövq-təbii başqa ölkələrə çıxıb getməyə vadar edəcək. Həmin problemləri isə yalnız güclü Azərbaycan dövləti yoluna qoya bilər.
“Xankəndidə böyük problemlər var və onlar həll olunmur. Əsas problem suyun olmamasıdır. Bir az da belə davam etsə, ermənilər bu şəhərdən könüllü olaraq çıxacaqlar və onu Azərbaycana buraxacaqlar”.
Bu barədə “İcmal” verilişinin efirində erməni ekspert Nairi Oxikyan bildirib.“Hazırda Azərbaycan Kəlbəcər rayonunda çox ciddi işlər aparır. Qarabağın demək olar ki, bütün su resursları hazırda onların əlindədir. Xüsusən Xankəndinin içməli suyu Kəlbəcər mənbələrindən gəlir. İndi Azərbaycan bu boruları bağlayır. Doğurdan da, onlar ermənilərə hansı səbəbə görə su göndərsinlər ki?!” - deyə ekspert bildirib.
Onun sözlərinə görə, müharibədən əvvəl “arsax”da 24 böyük və kiçik su anbarı var idisə, indi bu rəqəm 2-dir. “Bu iki su anbarı da tükənmək üzrədir, çünki onlar lazımi qədər dolmur”, - deyə Oxikyan bildirib
Əlbəttə ki, hazırkı hüquqi qeyri-müəyyənlik davam etdikcə, Xankəndi ermənilərinin vəziyyəti daha da ağırlaşacaq və indikindən də betər olacaq. Çıxış yolunu isə Azərbaycan dövləti artıq bəyan edib və zaman-zaman bu mövqeyi təkrarlayır - dinc erməni əhalinin ölkəmizin Konstitusiyasını qəbul eləməsi, oradakı cinayətkar ünsürlərin təslim olması və ya rədd olub getməsi...
“Ermənistanın Qarabağın gələcəyinə təsir etmək imkanları yoxdur”.“Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistan yönümlü Rusiya xəbər agentliyi “Regnum”un baş redaktoru, politoloq Modest Kolerov “Turan”a müsahibəsində deyib. Onun fikrincə, Ermənistan tarixən məğlub olub. Ermənistandakı revanş çağırışlarını isə o “psixoterapevtik” kimi qiymətləndirir.
“Ermənistan öz dövlətçiliyinə ardıcıl şəkildə məhv eləmək yoluna qədəm qoydu və bu, yalnız son müharibənin nəticəsi deyil, hərçənd Qarabağ faktoru Ermənistanın xarici siyasət çəkisinin 99%-ni təşkil edirdi. Qarabağ isə artıq yoxdur”, - deyə o vurğulayıb.
Və heç vaxt da olmayacaq. Ermənistan üçün...
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin