“Azərişıq” ASC paytaxt və regionlarda yenidənqurma və əsaslı təmir işlərinin aparılmasına paralel olaraq maarifləndirici tədbirlər keçirir, bölgələrdə yerli sakinlərlə görüşlər təşkil edir. Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov aprelin 15-də Neftçala Elektrik Şəbəkəsinin inzibati binasında Neftçala və Salyan rayonlarından olan vətəndaşlarla görüşüb.
Manset.az xəbər verir ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə
qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən
həyata keçirilib. Vətəndaşlarla görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin
Neftçala rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub,
xatirəsi ehtiramla yad edilib.
Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan
müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli
ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar
yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Hər
iki rayonunun sakinləri regionların elektrik şəbəkələrində həyata keçirilən
yenidənqurma işlərinə, eləcə də vətəndaşlara göstərilən diqqət və qayğıya görə
Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Azərişıq” ASC abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə bütün regionlarda mütəmadi olaraq yenidənqurma və maarifləndirmə tədbirlərini davam etdirir.