Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) dərc etdiyi təqvimə əsasən, Məhərrəm ayının 1-i Azərbaycanda iyunun 26-na, Aşura günü isə iyulun 5-ə təsadüf edəcək. Məhərrəm ayı iyulun 25-də başa çatacaq və səfər ayı başlayacaq.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, QMİ-nin əməkdaşı, ilahiyyatçı-alim Samid Quliyev bildirib ki, məhərrəm ayının xüsusi vacibatları yoxdur:
"Bu ayda təşkil olunan mərasimlər, əzadarlıqlar peyğəmbərin sevimli nəvəsi imam Hüseynin Kərbəla döyüşündə şəhid olmasının il dönümü ilə əlaqədar təşkil edilir. Matəm mövsümündə imam Hüseynin şəninə yazılmış mərsiyələr, qəsidələr oxunur".
O, məhərrəm ayının önəmi barədə də məlumat verib:
"Bu ay özündə şəhidliyi, şəhadəti, vətənpərvərliyi ehtiva edir".
Samid Quliyev toyların qadağan edilməsi məsələsinə də toxunub:
"Məhərrəm ayında toy edib evlənməklə bağlı xüsusi qadağa yoxdur. Lakin tarixən azərbaycanlılar peyğəmbərin ailəsinə, dini terminlə desək, əhli-beytinə həmişə hörmətlə yanaşıblar. Buna görə də, nəinki məhərrəm ayı, eləcə də ondan sonrakı səfər ayında əhli-beytə ehtiramı gözləyib toy, nişan hazırlıqlarını təxirə salar, yeni evə köçməzdilər. Bunlar şəriətin qadağası deyildi, insanların əhli-beytə olan ehtiramından irəli gəlirdi".