Martın 2-də keçirilmiş buraxılış
imtahanlarının nəticələri açıqlanıb. İmtahanda 23 nəfər 300 bal toplayaraq
maksimum nəticə göstərib. Yüksək nəticə göstərənlərin sayı çoxluq təşkil etsə də,
nəticələrdən narazı olan abituriyentlər də var. Bəs onlar nə etməlidir?
Manset.az Modern.az-a
istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki,
aprelin 10-da imtahan nəticələri ilə yanaşı, cavab vərəqinin qrafik təsviri (yəni
şagirdlərin yazdıqları), hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli
tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın doğru cavabları, həlli, qiymətləndirmə
şkalası ) iştirakçının səhifəsinə yerləşdirilib:
"Hər kəs girib öz yazdığı və doğru cavablarla
tanış olmalıdır. Qiymətləndirmə meyarlara uyğun aparılır və şagirdin imtahan nəticəsi
səhifəsində açıq şəkildə yerləşdirilir. Meyarlarda hansı cavaba hansı balın
veriləcəyi konkret göstərilir. Təəssüf ki, iştirakçıların bəziləri dim.gov.az
saytında fərdi imtahan nəticəsi səhifəsinə yerləşdirilən bu materiallarla tanış
olmur və sadəcə ümumi fikir yürüdürlər".
"Ancaq yenə də xatırladırıq ki, imtahan nəticələri
ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət
göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 14‑16 aprel
tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla
qeydiyyatdan keçə bilərlər.
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət
olunan bütün işlər araşdırılır.
Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə
ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə ediləcək"-məlumatda
bildirilib.