Xəbər verdiyimiz kimi, Milli Məclisin dünən
- aprelin 11-də keçirilən iclasında keçmiş hərbi prokuror Xanlar Vəliyevin Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə
baxılıb.
Manset.az Modern.az-a istinadən xəbər verir ki,
iclasda Xanlar Vəliyevin Baş prokurorun müavini, Azərbaycan Respublikasının Hərbi
prokuroru kimi fəaliyyət göstərdiyi, ədliyyə general-leytenantı, hüquq elmləri
üzrə fəlsəfə doktoru olduğu, “Əməkdar hüquqşünas” adına layiq görüldüyü, “Vətənə
xidmətə görə” I və II dərəcəli ordenlərlə, “Azərbaycan Bayrağı” ordeni ilə, “Hərbi
xidmətlərə görə” medalı ilə təltif edildiyi diqqətə çatdırılıb.
Daha sonra Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin
hakimi təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul
edilib.
Səsvermənin nəticəsi açıqlananda məlum olub ki, Xanlar
Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasının əleyhinə cəmi 1
deputat səs verib.
Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat
REAL Partiyasını partalamentdə təmsil edən Erkin Qədirli olub.
Bəs Erkin Qədirli niyə Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin
hakimi təyin olunmasını istəməyib?
Bunun səbəbini öyrənmək üçün deputat Erkin Qədirli ilə
əlaqə saxlamaq mümkün olmayıb.
Əvəzində REAL Partiyasının sədri Natiq Cəfərli sualı
cavablandırıb.
Onun sözlərinə görə, Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin
hakimi təyin olunması ictimaiyyətdə birmənalı qarşılanmadı:
“Çünki ən azından həmin şəxsin adı müxtəlif məsələlərdə neqativ fonda hallanmışdı. O şəxsin adı müxtəlif məsələlərə görə tez-tez mətbuatda neqativ fonda hallanır ki, cəmiyyətdə onun fəaliyyəti ilə bağlı ciddi sorğular olur. Buna görə də REAL-ı təmsil edən deputatın və partiyamızın ümumi fikri bu idi ki, belə bir şəxsin Konstitusiya Məhkəməsi kimi vacib, dövlətin təməllərindən birini təşkil edən bir qurumda təmsil olunması həmin orqana güvənin zəifləməsinə gətirib çıxara bilər. Çünki Konstitusiya Məhkəməsi bütün ölkələrdə ən ali, heç bir şübhə doğurmayan hüquqi instansiyadır. Yəni bizim hamımız üçün ölkəmizin konstitusion təməllərinin qorunmasının ən son dayağıdır”.
N.Cəfərli qeyd edib ki, Azərbaycanda müxtəlif
üsullarla Konstitusiya Məhkəməsinə həm vətəndaşların, həm də bəlli dövlət və
hökumət qurumlarının müraciət etmək hüququ var:
“Ona görə də biz düşündük ki, cəmiyyət tərəfindən birmənalı
qarşılanmayan bir şəxsin oraya təyinatı həmin qurumun özünün güvənirliyini müəyyən
dərəcədə zədələyə bilər. Məhz buna görə də biz əleyhinə səs verdik. Bu qərar
ona xidmət edir ki, biz ölkədə dövlət institutlarının güclənməsinə, vətəndaşların
həmin institutlara güvəninin daha da artmasına çalışırıq. Bu bizim siyasi
partiya olaraq mövqeyimizdir ki, dövlət institutları həmişə güvənilən
olmalıdır”.