11 aprel tarixində Şərur rayonunda Regional Fermer Təlim Mərkəzi fəaliyyətə başlayıb
Manset.az xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası kənd
təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları-İqtisadi Siyasət Komitəsinin
sədr müavini Mübariz Bayramov və komitə üzvü Məmməd Məmmədov, Aqrar Sığorta
Fondunun Naxçıvan Filialının rəhbəri Sərxan Məmmədov, o cümlədən rayon icra
hakimiyyətinin əməkdaşları və fermerlər iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Xəyalə Dadaşova bildirib
ki, kənd təsərrüfatının inkişafında fermerlər mühüm rol oynayır. Bu səbəbdən
onların bilik və bacarıqlarının artırılması, eləcə də aqrar sektor üzrə dünyada
baş verən yeniliklərdən xəbərdar olması xüsusi əhəmiyyət kəsb edir. Bu amil nəzərə
alınaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mütəmadi
olaraq təlimlər keçirilir, fermerlərin maarifləndirilməsi diqqətdə saxlanılır.
Qeyd olunub ki, “Naxçıvan
Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün
Dövlət Proqramı”nda da fermerlərin aqrar sahədə bilik və təcrübələrinin
artırılması əsas hədəflərdən biri kimi müəyyən edilərək Regional Fermer Təlim Mərkəzlərinin
yaradılması tapşırığı verilib. Dövlət Proqramının icrasını təmin etmək
məqsədilə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində aparılmış struktur islahatı nəticəsində
yaradılan 3 regional mərkəz- Naxçıvan, Şərur və Culfa Regional Dövlət Aqrar
İnkişaf Mərkəzlərinin inzibati binalarında Regional Fermer
Təlim Mərkəzləri yaradılıb. Naxçıvan şəhərindəki Təlim Mərkəzi Naxçıvan şəhəri,
Babək və Şahbuz rayonlarından olan fermerləri, Culfa rayonundakı Təlim Mərkəzi
Ordubad və Culfa rayonlarından olan fermerləri, Şərur rayonundakı Təlim Mərkəzi
isə Şərur, Kəngərli və Sədərək rayonlarından olan fermerləri əhatə edir.
“Növbəti günlərdə Naxçıvan şəhəri və Culfa rayonunda da
Regional Fermer Təlim Mərkəzləri fəaliyyətə başlayacaq”- deyən nazir müavini Təlim
Mərkəzlərinin fermerlərin yerində təlimlərə cəlb edilməsinə şərait yaratmaqla
muxtar respublikada təcrübəli və bacarıqlı kənd təsərrüfatı məhsulları
istehsalçılarının formalaşmasına mühüm töhvə verəcəyini qeyd edib
Daha sonra Regional Təlim Mərkəzinə baxış olub, ilk təlim keçirilib. Məlumat verilib ki, təlim mərkəzi eyni anda 80 fermerin təlim keçməsinə imkan verir. Təlimlər həm əyani, həm də onlayn formada təşkil ediləcək. Kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edəcək təlimlər Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliklərinin, o cümlədən tabeli qurumlarının mütəxəssisləri tərəfindən keçiriləcək. Təlimlərdə fermerlər nəzəri biliklər əldə etməklə yanaşı, praktiki bacarıqlara yiyələnmək imkanı da əldə edəcəklər.