Aprelin
11-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla
İspaniya Krallığının müvəqqəti işlər vəkili Xose Pedro Torrubia ilə görüş
keçirib.
Manset.az xəbər verir ki, görüş zamanı
rektor Kamal Abdulla qonağı salamlayaraq onu universitetdə görməkdən məmnun
olduğunu bildirib. O, ADU-da 20-dən çox dilin, o cümlədən Avropa və Asiya dillərinin
tədris olunduğunu, universitetin QS reytinqlər cədvəlində dünyada ilk 200
universitet sırasında yer aldığını qeyd edib. Rektor ispan həmkarlarla əlaqələrin
möhkəmləndirilməsinin, gənclər arasında münasibətlərin dərinləşdirilməsinin və
qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb. Həmçinin tələbə və müəllim
mübadiləsinin vacibliyini vurğulayıb.
Xose
Pedro Torrubia ADU-da olmaqdan məmnunluğunu ifadə edərək, Elm və Təhsil
Nazirliyi ilə qurulan sıx əməkdaşlıqdan bəhs edib. O, iki ölkə universitetləri
arasında elmi və mədəni sahələr üzrə əlaqələrin genişləndirilməsinin
vacibliyini vurğulayıb və bu istiqamətdə dəstəyə hazır olduqlarını bildirib.
ADU
rektoru qonağı universitetdə fəaliyyət göstərən “Səfir saatı” layihəsinə dəvət
edib və tələbələrin maraq dairəsində olan mövzu üzrə onlarla görüş keçirə biləcəyini
bildirib.
Görüşdə tərəflər,
həmçinin ispan universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin
yaradılması təşəbbüsünü də müzakirə ediblər. ADU-nun rektoru bu istiqamətdə
birgə layihələrin həyata keçirilməsinə açıq olduqlarını və real nəticələrə nail
olmağın mümkünlüyünü bildirib. Hazırda dünyanın 8 ölkəsində belə mərkəzlərin
mövcud olduğu qeyd edilib.
Görüşdə səfirlik
vasitəsi ilə tələbə-müəllim mübadiləsinin yeni inkişaf perspektivləri də
müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir
mübadiləsi aparılıb.