44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə - Zəfər yolu

14:57 - 11 Aprel 2025

44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə - Zəfər yolu

2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqı və dövlətinin tarixində şanlı bir səhifə açmışdır. Bu müharibə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan Silahlı Qüvvələrinin gücünü, döyüş əzmini və qəhrəmanlığını nümayiş etdirdi. Azərbaycan əsgərləri, dövlətin siyasi rəhbərliyi və xalqı birləşərək, işğal altında olan torpaqlarını azad etmək üçün böyük fədakarlıq göstərdilər. Müharibənin nəticəsində Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlar azad edildi, tarixi zəfər qazandı. Bu tarixi qələbə, yalnız bir hərbi uğur deyil, həm də Azərbaycanın beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanaraq öz suverenliyini bərpa etməsi anlamına gəlirdi. Azərbaycanın bu müharibədəki qələbəsi, həm də beynəlxalq aləmdə haqqın, ədalətin və haqq işinin qalib gəlməsi kimi qiymətləndirilməlidir.


Mövzu ilə bağlı Manset.az-a danışan Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, ermənilər yaxın iki yüz illik tarix boyu Azərbaycan xalqına qarşı müxtəlif cür faciələr yaşadıblar:


"Tarixi Azərbaycan torpaqlarında etnik təmizləmə aparmaqla vandallıq aktına imza atıblar. 1918-1920-ci illərdə Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Lənkəran, İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Sürməli və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiliblər. Tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövlət orqanları etnik nifrət və irqçi ideologiya zəminində azərbaycanlılara qarşı sistematik soyqırımı siyasəti həyata keçirərək azərbaycanlıları öz doğma yerlərindən zorla çıxarıb və mədəni irsini sistemli şəkildə məhv ediblər. 1948-53, 1987-91-ci illərdə də bu çirkin siyasət davam etdirilib". 

Deputat qeyd edib ki, Ermənistanın 1991-1994-cü illərdə Azərbaycan ərazilərinin 20 faizini işğal edərək orada çoxsaylı qətliamlar törətməsini, 800 min azərbaycanlını öz yurdundan qovmasını, Azərbaycan mədəni irsini dağıtmasını unutmaq olmaz:

“Bu gün Ermənistan öz məsuliyyətini etiraf edib sülh, ədalət və barışığın əldə olunmasına həvəs göstərmir. 44 günlük müharibədə “qazandıqları” kapitulyasiya da onlara dərs olmayıb. Revanşist qüvvələr etnik nifrət və irqçiliyi təşviq edən siyasətin yürüdülməsini, ölkəmizə qarşı ərazi iddiasının davam etdirilməsini istəyirlər. Hələ də azərbaycanlılara qarşı bəşəri cinayətlər və terror aktları törətmiş Qaregin Njde, Andranik Ozanyan, Drastamat Kanayan, Monte Melkonyan kimi ünsürləri şöhrətləndirilir və Njdeizm kimi nasist ideologiyanı dövlət səviyyəsində təbliğ edilir. Ermənistan hökumətinin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə hazırda Azərbaycanda davam edən məhkəmə prosesinə yardım etmək əvəzinə, ona hər vəchlə mane olmağa çalışmasını da diqqətə almaq lazımdır. 31 Mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Xalqımız inanır ki, qətiyyətli rəhbər, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət və beynəlxalq hüquq normaları əsasında ədalətli sülh əldə etmək mümkün olacaq”.


Politoloq Xəyal Bəşirov mövzu ilə bağlı danışarkən vurğulayıb ki, Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi və ya 2-ci Qarabağ müharibəsi bütün dünyaya bəllidir:


"Düşünürəm ki, bu müharibə qısa müddət ərzində olsa da, Cənubi Qafqaz regionunda Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi keçmiş Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm nəticələrə gətirib çıxarmışdır.

Bu müharibənin nəticələri 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması və bu müddət ərzində hər gün, hər saat Azərbaycan dövlətinə, xalqına və ərazilərinə qarşı törədilən ağır cinayətlərin qarşısını almışdır. Müharibə nəticəsində, artıq bu gün həmin hadisələrin nəticələri göz önündədir.

Birinci Qarabağ müharibəsi zamanı Ermənistan, havadarlarının və müttəfiqlərinin dəstəyindən yararlanaraq Azərbaycanın 20% ərazilərini işğal etmişdir. 1994-cü ildə Bişkek razılaşması imzalanmış və Ermənistan atəşkəs öhdəliyi götürmüşdür. Lakin Ermənistan heç vaxt bu öhdəliklərə əməl etməmiş, beynəlxalq hüquq və humanitar prinsipləri kobud şəkildə pozmuşdur. 94-cü ildə atəşkəs əldə edilsə də, Ermənistan hələ də ateşkəsə qarşı çıxmış və Azərbaycan ərazilərində cinayətlər törətmişdir.

Azərbaycan müharibəyə başlamazdan əvvəl bir neçə dəfə Ermənistana mesajlar göndərmiş, xəbərdarlıqlar etmişdir. Bunlardan ən önəmlisi 2016-cı ilin aprelində olub. Azərbaycan güclü orduya malik olduğunu və işğala son qoyma gücündə olduğunu Ermənistana bildirmişdir. Lakin Ermənistan bu çağırışlara məhəl qoymamış, 2018-ci ildə Naxçıvan istiqamətindəki təxribatı davam etdirmişdir.

2020-ci ilin iyul ayında Tovuzda baş verən qanlı hadisələr və 2020-ci ilin avqust ayında baş verən diversiya əməliyyatları ilə Ermənistanın təxribatları davam etmişdir. Nəhayət, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan ordusu əks hücuma keçmiş və 44 günlük müharibə başlamışdır. Müharibənin gedişində, üç dəfə Ermənistanın təklif etdiyi humanitar atəşkəs çağırışlarına baxmayaraq, Azərbaycan ordusu öz iradəsini sərgiləmiş və Ermənistana ağır zərbələr endirmişdir.

8 noyabr 2020-ci ildə Şuşa şəhəri işğaldan azad edildikdən sonra, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla müzakirələrə başlayaraq, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb etmişdir. Ermənistan bu tələbə əməl edərək, Ağdam, Kəlbəcər və Laçın bölgələrini Azərbaycana təhvil vermişdir. Bu əməliyyatlar bir itkiyə yol vermədən həyata keçirilmişdir.

Ermənistan 10 noyabr 2020-ci il tarixli bəyanata uyğun olaraq, müəyyən gecikmələr olsa da, Azərbaycan ərazilərini boşaltmışdır. Bundan sonra, 19-20 sentyabr 2023-cü ildə Azərbaycan antiterror tədbirləri həyata keçirərək, terrorçu qruplaşmaların yuvalarını təmizləmişdir. Bu əməliyyatlarla Azərbaycan  öz ərazilərində tam müstəqilliyini bərpa etmişdir".


Politoloq qeyd edib ki, bu gün, Azərbaycanın tarixi, mədəni və dini abidələri, təbiəti və ekologiyası üzərində törədilən cinayətlərə qarşı mübarizə davam edir.

"Ermənistanın 2-ci Qarabağ müharibəsindən sonra törətdiyi minalama əməliyyatları və digər cinayətlərdən sonra, Azərbaycan bu torpaqları minalardan təmizləyir və infrastrukturun bərpasına başlayır.

Bu gün Azərbaycan xalqı və dövləti, erməni işğalına son qoyaraq, öz ərazilərində tam suverenliyini bərpa edib və regionda yeni reallıqlar formalaşdırır. Azərbaycan, Cənubi Qafqaz regionunu sülhə, əməkdaşlığa yönəldərək, infrastrukturun bərpası, beynəlxalq əlaqələrin inkişafı üçün bütün səyləri göstərir. Bu müharibə Azərbaycan xalqının qələbəsi, həmçinin regionda sabitlik və əməkdaşlıq üçün yeni üfüqlər açır".


Seyranə Quliyeva

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə

qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə

cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə

çatdırılması;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv