Azərbaycan
Dillər Universitetində (ADU) “Milli musiqi mədəniyyətimizlə bağlı söhbətlər”
layihəsi çərçivəsində Xalq artisti, professor, Azərbaycan Milli
Konservatoriyasının Muğam kafedrasının müdiri Mənsum İbrahimovla görüş
keçirilib. Layihənin ilk qonağı olan Mənsum İbrahimovu universitetin rektoru
Xalq yazıçısı, akademik Kamal Abdulla, müəllim və tələbə heyəti qarşılayıb.
Manset.az xəbər verir ki, tədbirdə
“Qarabağ” muğam ansamblı iştirak edib.
Rektor
Kamal Abdulla çıxışında layihənin ADU ilə Azərbaycan Milli Konservatoriyası
arasında mədəni körpü rolunu oynayacağını bildirib. O, universitetin son illərdə
QS reytinqlər cədvəlində böyük uğur qazandığını, universitetdə 20-dən çox
xarici dilin tədris olunduğunu və həmin dillərə uyğun mədəniyyət mərkəzlərinin
fəaliyyət göstərdiyini qeyd edib. Rektor, həmçinin Pakistan, Rusiya, Çin,
Serbiya, Rumıniya, Macarıstan, Çeçenistan və Belarusiya kimi ölkələrdə fəaliyyət
göstərən Azərbaycan Dili və Mədəniyyəti mərkəzlərindən danışıb. Bildirib ki, bu
mərkəzlər vasitəsilə Azərbaycan dili, mədəniyyəti, musiqisi və tarixi xarici tələbələrə
tədris olunur.
Kamal
Abdulla qeyd edib ki, universitet gələcəkdə həmin ölkələrdə ictimai-mədəniyyət
xadimlərinin iştirakı ilə görüşlər təşkil etməyi planlaşdırır. O, həmçinin
konsert proqramlarında mətnlərin tərcüməsinə dəstək göstərə biləcəklərini,
xarici səfərlər zamanı Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində əməkdaşlığa
hazır olduqlarını vurğulayıb.
Universitetin
Qarabağ müharibəsi dövründə 20-dən çox ölkəyə Azərbaycan həqiqətləri ilə bağlı
məktublar göndərdiyini xatırladan rektor, məzunlarla əlaqələrin davam etdiyini
və Şəki, Qax, Qəbələ, Zaqatala, Balakən rayonlarında müəllim kimi çalışan məzunlarla
keçirilən görüşləri də bu istiqamətdə mühüm addım kimi qiymətləndirib.
Xalq
artisti Mənsum İbrahimov çıxışında layihədə ilk iştirakçısı olmaqdan məmnunluğunu
ifadə edib. O, Milli Konservatoriya ilə ADU arasında bu əməkdaşlığın davamlı
olacağına inandığını bildirib və Muğam-xanəndə kafedrasının müdiri kimi Azərbaycanda
keçiriləcək 9-cu muğam televiziya müsabiqəsinin seçim mərhələlərinin artıq
başlandığını qeyd edib. Mənsum İbrahimov Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyevanın bu layihəyə dəstəyini xüsusi vurğulayaraq, Qarabağda artıq
güllə səslərinin deyil, muğamın səsləndiyini sevinclə bildirib.
Konsert
proqramı tələbə və müəllim heyəti tərəfindən böyük maraq və alqışlarla
qarşılanıb.