Bu halda ürəyiniz qəfil dayana bilər - Həkimdən həyəcan təbili

16:20 - 31 Mart 2025

Bu halda ürəyiniz qəfil dayana bilər  - Həkimdən həyəcan təbili

Son zamanlar gənclər və orta yaşlı insanlar arasında ürək-damar xəstəlikləri, o cümlədə qəfləti ürək ölümü artmışdır. Bəs, buna səbəb nədir? Belə hal baş verərsə, hansı ilkin yardım göstərilməlidir?

 

Mövzu ilə bağlı Manset.az-a danışan kordioloq Arzuman Talıbov bildirib ki, ürək -damar xəstəlikləri içərisində qəfləti ölümə ən çox ürəyin işemik xəstəliyi (ÜİX) ,xüsusən onun kəskin təzahürü olan miokard infarktı səbəb olur.

"ÜİX-nin( miokard infarktı) artmasına oturaq həyat tərzi, qeyri- sağlam qidalanma ( xüsusən sadə karbohidratlar, fast food qidalara üstünlük vermək), hipertoniya, siqaret, diabet, piylənmə, stress kimi risk faktorları səbəb olur. Xüsusən də son zamanlar insulinərezistentlik, metabolik sindrom, piylənmə, diabet kimi risk faktorlarının gənclər arasında artması ürək xəstəliklərinin yaşını aşağı salır.

Qeyd etdiyimiz kimi ən çox qəfləti ürək ölümünə ÜİX -nin kəskin formaları (miokard infarktı) səbəb olur. Miokard infarktı ürək əzələsini qidalandıran tac arteriyalarının tıxanması nəticəsində ürək əzələsinə oksigen getməməsi ilə yaranır. Bu da ürək əzələsi hüceyrələrinin ölümü ilə (nekrozu) nəticələnir. Bu zaman, xüsusilə ciddi aritmiyalar yaranarsa qəfləti ürək ölümü baş verə bilər".

A.Talıbov qeyd edib ki, son zamanlar gənclər arasında energetik içkilər qəbulunun artması müşahidə olunur:

"Bu içkilər ciddi aritmiyalar yaratmaqla qəfləti ürək ölümünə səbəb ola bilər. Bundan başqa bəzi viruslar (covid 19, qrip və s.) ürək əzələsini zədələyərək ürək əzələsinin iltihabına (miokarditə) səbəb olmaqla qəfləti ürək ölümünə yol aça bilər. Covid 19 pandemiyasından sonra belə halların (miokarditin) artması müşahidə olunur.

Qəfləti ürək ölümü zamanı yardım (xəstənin huşu yoxdursa, və ya normal tənəffüs etmirsə) yaxındakı insanlar tərəfindən aparılmalıdır. Dərhal ürək-ağciyər reanimasiyasına( ÜAR, CPR) başlanmalıdır. TTY çağrılmalıdır". 

 

Seyranə Quliyeva 


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin