Rusiyadan gözlənilməz TƏLƏBLƏR

22:50 - 28 Mart 2025

Rusiyadan gözlənilməz TƏLƏBLƏR

“Hazırkı danışıqlardan bəhs etdikdə obyektiv şəkildə demək olar ki, vəziyyət hələ də sülh sazişi imzalanacaq nöqtədən çox uzaqdır. Rusiya məsələyə belə yanaşır ki, xüsusi hərbi əməliyyat başlamazdan əvvəl qoyulmuş bir neçə konstruktiv məsələ həll olunmalıdır. Bu məsələlər Rusiyanın qlobal təhlükəsizliyinə, Avropada təhlükəsizliyini təmin etmək üçün bütün suveren hüquqlarına maraqla yanaşılmasına aiddir”.

 

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov deyib.

Rusiya-Ukrayna arasında mümkün sülh sazişi barəsində danışan Solonnikov qeyd edib ki, iki ölkə arasında sülh yalnız iki ölkənin razılığından asılı deyil.

Həmçinin Qərb və Aİ (Avropa İttifaqı) də məsələyə təminatçı olmalıdır.

“NATO qoşunlarının Rusiyanın sərhədlərinə yaxınlaşmaması, Qərbi Avropa ilə Rusiya arasında qarşıdurmanın gərginliyinin azaldılması da əsas məqamlardan biridir. Bununla yanaşı, mövcud Ukrayna rejiminin denasifikasiyası, hazırda Ukraynada liderlər hesab olunan faşist tərəfdarlarının fəaliyyətinin dayandırılması, milli, dini və ya dil prinsipinə görə Ukraynada həyata keçirilən soyqırımın aradan qaldırılması məsələsi də gündəmdədir. Ukraynada denasifikasiyaya dair dəyişikliklər də müzakirə olunur”, - deyə analitik bildirib.

Bəs iki ölkə “Minsk-3” (red: daha əvvəl Ukrayna və Rusiya arasında iki dəfə Minsk anlaşması olub) razılaşmasına imza ata bilərmi?

“Bu, daha çox gələcəkdə imzalanacaq mümkün sazişlərə dair söhbətdir. Rusiya çox yaxşı bilir ki, Minsk razılaşmaları aldadıcı idi. Rusiya anlayır ki, Minsk razılaşmaları Qərblə məhz ona görə imzalanmışdı ki, əslində müharibənin qarşısını almaq niyəti yox idi və həmin razılaşmalardakı bəndlər yerinə yetirilmədi. Bu səbəbdən yeni Minsk razılaşmaları haqqında söhbət belə gedə bilməz.

Rusiya başa düşür ki, Qərb yalan danışır və konstruktiv deyil. ABŞ bu mövqedən müəyyən qədər uzaqlaşsa da, ümumilikdə onların əvvəlki yanaşması eyni qalırdı. Halbuki Minsk danışıqlarında Fransa və Almaniya təminatçı ölkələr kimi çıxış etməli idilər. Lakin Avropa hazırda hər hansı yeni təminat vermək haqqında danışsa da, Rusiya bu təminatlara inanmır və Avropanı münaqişənin neytral tərəfi kimi qəbul etmir”, - deyə Solonnikov əlavə edib.


Xəbər xətti

31 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin