Bu gün ilaxır çərşənbədir
18 Mart 2025
22:20 - 17 Mart 2025
Corciya Universitetinin alimləri diqət çəkən araşdırma aparıblar. Elm adamları müəyyən ediblər ki, işlək yolların yaxınlığında yaşamaq səs-küy və havanın çirklənməsi səbəbindən demensiyanın inkişaf riskini 10% artırır. Araşdırmanın nəticələri Aging Research Reviews (ARR) jurnalında dərc olunub.
Manset.az xəbər verir ki, araşdırmalara görə, ətraf mühitin çirklənməsi çoxsaylı sağlamlıq problemlərinə səbəb olur və həmçinin vaxtından əvvəl ölüm riskini artırır.
Bu amilin idrak qabiliyyətlərinə və beyin sağlamlığına necə təsir etdiyini öyrənmək üçün alimlər mövzu ilə bağlı əvvəllər dərc olunmuş 21 elmi məqalənin nəticələrini təhlil ediblər.
Alimlər bildirirlər ki, demensiya xəstəliyinin inkişaf riski havadakı təhlükəli toz və yüksək miqdarda azot oksidi ilə təmasda olduqda artır. Bu çirkləndiricilər atmosferə avtomobillərin qazı, kömür, neft, dizel yanacağı, təbii qaz və tütün məmulatlarının yanması ilə daxil olur. Qaz sobaları və kerosin qızdırıcıları da azot oksidi buraxır.
“Bu insanın uzun həyat yaşamasına əngəl yaradır”
Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyir ki, meqapolislərdə nəqliyyat vasitələrinin sıx hərəkətdə olduğu yol kənarlarında yaşamaq insan sağlamlığına mənfi təsir göstərir, ömrün qısalmasına səbəb olur:
“Halbuki sakit və nəqliyyat vasitələrinin az hərəkətdə olduğu, habelə atmosfer havasının daha təmiz saxlanıldığı yerlərdə uzunömürlülərin sayının çox olması statistik göstəricilərlə təsdiqlənib. Yolda hərəkətdə olan avtomobillərdən yanacaq tullantısı kimi atılan zərərli qazlar atmosfer havasını çirkləndirməklə havada sıx konsentrasiya yaradır. Bunun fonunda atmosfer havası çirkənir, tənəffüs zamanı oksigenlə birlikdə zəhərli azot qazları, karbon və digər nitrit birləşmələri də orqanizmə daxil olur, nəticədə toxumalarda metabolizm prosesi pozulur.
Metabolizmin pozulması orqanizmdə immun sistemi zəiflədir, həm də toxumalarda mühit reaksiyası neytraldan turşu və qələvi istiqamətində dəyişməklə bufer sistemlərinin pozulmasına səbəb olur.
Bufer sistemin pozulması isə insanın ömrünün uzun olmasına əngəl yaradır.
Eyni zamanda, avtomobillərin sıx hərəkət etdiyi yolların kənarında yaşayan insanların sinir sistemində həmişə oyanıqlıq müşahidə olunur. Sinir sistemi oyanıqlığı paralel olaraq humoral sistemin pozulmasına səbəb olur. Bu da öz növbəsində hüceyrələrdə enerji balansının tükənməsinə yol açır ki, bu hal da ömrün qısalmasını şərtləndirən amillərdəndir”.
“Yuxu rejimi pozulur və xroniki yorğunluq sindromu əmələ gəlir”
Müsahibimiz əlavə edib ki, yolda hərəkətdə olan avtomobillərin səs-küyünün orqanizmə oyadıcı təsiri normal yuxunu pozur:
“Bunun fonunda da insanlar aktiv istirahət edə bilmirlər. Ardıcıl səslərin gəlməsi mərkəzi sinir sisteminin oyanmasına və beyin mediatorlarının miqdarının pozulmasına səbəb olur. Seratoinin miqdarı azalır, yuxu rejimi pozulur və xroniki yorğunluq sindromu əmələ gəlir. Bu da orqanizmin yaşlanmasına və ömrün qısalmasına səbəb olur”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin