Moskva Bakı və İrəvanın bu addımını alqışlayır

22:50 - 14 Mart 2025

Moskva Bakı və İrəvanın bu addımını alqışlayır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların sona çatmasına dair bəyanatla çıxış edib.

 

Manset.az xəbər verir ki, Rusiya XİN iki ölkə arasında sülh danışıqları və dövlətlərarası əlaqələrin qurulması üzrə razılaşma əldə olunmasını alqışlayıb. Bəyanatda qeyd olunub ki, Moskva 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda da nəzərdə tutulduğu kimi Bakı ilə İrəvan arasında əlaqələrin hərtərəfli normallaşması yolunda atılmış bu vacib addımı dəstəkləyir.

Rusiya XİN rəsmisi bildirib ki, Moskva gələcəkdə də sülh prosesi, sülh sazişinin imzalanması, nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və digər humanitar aspektlər kimi Azərbaycanla Ermənistan arasında qalan məsələlərin həllinə hər iki tərəf üçün məqbul sayılacaq həddə dəstək verməyə hazırdır.

Bəyanatda, həmçinin qeyd olunub ki, Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev müvafiq müzakirələrin aparılması üçün Bakı və İrəvana səfər etməyə hazırdır.

Bundan başqa Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, həmçinin sülh sazişinin imzalanması məsələləri üzrə danışıqların aparılması üçün məkan təklif etdiyini təsdiq edir.


Xəbər xətti

15 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin