Bakı qlobal məsələlərin müzakirə mərkəzinə çevrilib

12:09 - 14 Mart 2025

Bakı qlobal məsələlərin müzakirə mərkəzinə çevrilib

Azərbaycan son illərdə müxtəlif beynəlxalq platformalara ev sahibliyi edərək qlobal siyasət, iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu mühüm mərkəzlərdən birinə çevrilib. Bu tədbirlər ölkənin beynəlxalq nüfuzunun artmasına, diplomatik əlaqələrinin genişlənməsinə və qlobal problemlərin həllinə töhfə verməsinə şərait yaradır. Belə mötəbər tədbirlərdən biri də, Qlobal Bakı Formudur. Qlobal Bakı Forumu ilk dəfə 2013-cü ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə təşkil olunub. Bu forumun əsas məqsədi qlobal çağırışları müzakirə etmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və siyasi, iqtisadi, sosial problemlərin həlli yollarını araşdırmaqdır. Forum hər il təşkil olunur və dünyanın müxtəlif ölkələrindən nüfuzlu şəxslərin iştirakı ilə qlobal problemlər üzrə müzakirələrin aparıldığı əsas beynəlxalq platformalardan birinə çevrilib.


Formun təşkil edilməsi səbəblərinə gəldikdə isə qeyd etməliyik ki,müxtəlif ölkələrdən dövlət və hökumət başçılarını, siyasətçiləri, alimləri və ekspertləri bir araya gətirərək beynəlxalq dialoqun inkişafına töhfə vermək, Azərbaycanı qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq platformaya çevirmək və ölkənin diplomatik mövqeyini gücləndirmək, Geosiyasi problemlər, münaqişələrin həlli, enerji təhlükəsizliyi, multikulturalizm və digər qlobal məsələlər üzrə həll yollarının araşdırılması, Azərbaycanı bir multikulturalizm və tolerantlıq mərkəzi kimi təqdim edərək müxtəlif mədəniyyətlər arasında anlaşmanı gücləndirmək.

Formun təşkil edilməsinin əhəmiyyətini təhlil edərkən isə bunları qeyd etməliyik: Qlobal Bakı Forumu müxtəlif ölkələrin sabiq və hazırkı prezidentlərini, baş nazirlərini, BMT və digər beynəlxalq təşkilatların rəhbərlərini bir araya gətirir. Forum Azərbaycanın regionda və dünyada diplomatik güc mərkəzi kimi mövqeyini gücləndirir. Azərbaycan ev sahibi ölkə kimi qlobal məsələlərin müzakirəsinə töhfə verir və bu məsələlərdə vasitəçi rolunu oynayır. Forum çərçivəsində ölkələr arasında iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi üçün yeni əməkdaşlıq imkanları yaranır. Məsələn, Azərbaycan enerji sahəsində Avropa ölkələri ilə əlaqələrini genişləndirmək üçün bu platformadan istifadə edir. Forum beynəlxalq ekspertlər və alimlər üçün fikir mübadiləsi və elmi araşdırmaların təqdimatı baxımından mühüm platformadır. Burada müasir çağırışlar və onların həlli yolları ilə bağlı müxtəlif yanaşmalar müzakirə olunur. Qlobal Bakı Forumu qlobal problemlərin həllinə töhfə verməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına və diplomatik mövqeyinin güclənməsinə xidmət edir. Forum qlobal siyasət, təhlükəsizlik və iqtisadi məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq platforma olmaqla, həm Azərbaycan, həm də dünya üçün əhəmiyyətli rol oynayır.

Prezident İlham Əliyev Qlobal Bakı Forumunun hər buraxılışında fəal iştirak edir və açılış nitqi ilə çıxış edərək, Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyini, qlobal çağırışlara yanaşmasını və regional əməkdaşlıq perspektivlərini təqdim edir. Onun çıxışları forumun strateji istiqamətlərini müəyyənləşdirir və beynəlxalq ictimaiyyət üçün vacib mesajlar verir. Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı çıxışları Azərbaycanın beynəlxalq siyasətini izah edən mühüm məqamdır. Onun strateji mesajları, Azərbaycanın enerji siyasəti, regional təhlükəsizlik, post-münaqişə dövründəki prioritetlər və multikulturalizm siyasəti kimi əsas mövzular forum iştirakçılarının diqqətini cəlb edir. Bu çıxışlar Azərbaycanın qlobal platformalarda nüfuzunu gücləndirir və ölkənin beynəlxalq siyasətdəki rolunu daha da artırır.

2025-ci il martın 13-də Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyilə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumunun açılış iclası baş tutub. Qeyd edək ki, Forumun açılış mərasimi martın 13-də "Gülüstan" sarayında baş tutub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Cari ilin martın 13-15-i tarixlərində keçiriləcək Formda aşağıdakı panel iclasları keçiriləcəkdir:

1. Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə Qarşı: Bu paneldə qlobal geosiyasi dəyişikliklər fonunda məsuliyyətli tərəfdaşlığın əhəmiyyəti və rəqabət mühitində əməkdaşlıq imkanları müzakirə ediləcək.

2. Çoxqütblü Dünya üçün Multilateralizmə Yenidən Baxılması: Paneldə çoxqütblü dünya nizamında çoxtərəfli diplomatiyanın rolu və onun yenidən nəzərdən keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

3. Gələcək üçün BMT Paktı: Yeni Qlobal Konsensusun Yaradılması: Bu sessiyada BMT-nin gələcəkdə qlobal konsensusun yaradılmasındakı rolu və yeni paktın formalaşdırılması müzakirə olunacaq.

4. Sülhə Gedən Yol: Paneldə qlobal sülhün təmin edilməsi üçün atılacaq addımlar və mövcud münaqişələrin həlli yolları araşdırılacaq.

5. Yeni Dünya Nizamında Orta Güclər: Bu sessiyada orta güclərin yeni dünya düzənindəki rolu və təsiri müzakirə ediləcək.

6. Sülh - Münaqişə Sonrası Yenidənqurma və Regional Sabitliyin Yenidən Bərpası: Paneldə münaqişə sonrası yenidənqurma prosesləri və regional sabitliyin bərpası məsələləri ətrafında müzakirələr aparılacaq.

7. Yeni Dünya üçün Yeni Texnologiyalar: Bu sessiyada yeni texnologiyaların qlobal inkişaf və təhlükəsizlik sahələrinə təsiri müzakirə ediləcək.

8. Gender-Təhlükəsizlik-İqlim Bağlantısı: Paneldə gender məsələləri, təhlükəsizlik və iqlim dəyişikliyi arasındakı əlaqələr araşdırılacaq.

9. Qlobal Səhiyyə Böhranı: Hazırlıq və Bərabərlikdə Yeni Cəbhələr: Bu sessiyada qlobal səhiyyə böhranlarına hazırlıq və bərabərlik məsələləri müzakirə ediləcək.

10. Gənclər Danışsın, Biz Dinləyək: Paneldə gənclərin fikirləri və onların qlobal məsələlərdə rolu ətrafında müzakirələr aparılacaq.

Bundan əlavə, Yaxın Şərq və Ukrayna-Avropa Birliyi məsələlərinə həsr olunmuş nahar sessiyaları, həmçinin "COP29: Belem üçün sıçrayış –Transformasiyanın sürətləndirilməsi" və "Avropanın Gələcəyi" mövzularında gecə sessiyaları keçiriləcək.

Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumunun açılışında etdiyi çıxış təkcə Azərbaycanın deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən strateji əhəmiyyətə malikdir. Bu çıxışın əsas məqamlarını və onun qlobal kontekstdə əhəmiyyətini geniş şəkildə şərh edək.

Prezident İlham Əliyev çıxışında müasir dünyanın üzləşdiyi əsas qlobal çağırışlara toxundu. Son illərdə baş verən geosiyasi dəyişikliklər, regional münaqişələr, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və beynəlxalq diplomatiyanın effektivliyi kimi məsələlər gündəmdədir. Bu məsələlərin həlli üçün beynəlxalq əməkdaşlığın, çoxtərəfli diplomatiyanın və ölkələr arasında etimadın qurulmasının vacibliyi vurğulandı. Azərbaycanın bu məsələlərdə fəal rol alması, xüsusilə enerji və nəqliyyat sahələrində beynəlxalq tərəfdaşlıqlar qurması ölkənin qlobal siyasətdə artan rolunu göstərir. Prezidentin vurğuladığı kimi, dünya düzəni hazırda yenidən formalaşır və bu prosesdə ədalətli yanaşmanın, beynəlxalq hüququn qorunmasının vacibliyi xüsusi önəm daşıyır.

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha təsdiqlədi. Ölkə regionda sülh və sabitliyin qorunmasında mühüm iştirakçıdır. Xüsusilə post-münaqişə dövründə Cənubi Qafqazda yeni reallıqların formalaşması kontekstində Azərbaycanın sülh təşəbbüsləri diqqət çəkir. Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rol da çıxışda xüsusi yer tutdu. Dövlət başçısı Azərbaycanın Avropanın enerji tədarükündə strateji tərəfdaş olduğunu vurğuladı. Xəzər hövzəsindən Avropaya təbii qaz və digər enerji resurslarının çatdırılması Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsinin əsas göstəricilərindən biridir.

Prezident İlham Əliyev çıxışında post-münaqişə dövründə Azərbaycanın regionda sülhün təmin edilməsi üçün göstərdiyi səyləri qeyd etdi. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni bir reallıq formalaşdırıb. Ərazi bütövlüyünü bərpa etmiş bir ölkə kimi, Azərbaycan indi sülh müqaviləsinin imzalanması və qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərinin qurulmasına çalışır. Dövlət başçısı beynəlxalq ictimaiyyətin sülh prosesinə daha ədalətli yanaşmalı olduğunu vurğuladı. O, bəzi ölkələrin və beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasət yürütməsinin regionda sabitliyi təhlükə altına atdığını bildirdi. Azərbaycanın isə prinsipial və obyektiv mövqeyini qorumağa davam edəcəyi bəyan olundu.

Enerji təhlükəsizliyi məsələsi Prezident İlham Əliyevin çıxışında əsas diqqət mərkəzində olan mövzulardan biri oldu. Dünyada enerji resurslarına tələbatın artdığı bir dövrdə Azərbaycan etibarlı enerji təchizatçısı kimi öz mövqeyini möhkəmləndirib. Prezident çıxışında Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı gördüyü işlərə də toxundu. İqlim dəyişikliyi və enerji keçidi məsələləri də gündəmdə idi. Azərbaycan keçən il COP29-a ev sahibliyi edib və bu, ölkənin qlobal ekoloji problemlərin həllində fəal iştirak etdiyini göstərir. Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın bərpa olunan enerji mənbələrinə investisiya yatırmağa hazır olduğunu və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etdiyini vurğulaması ilə diqqət çəkdi.

Prezident İlham Əliyevin çıxışında çoxqütblü dünya nizamına keçid və multilateralizmin (çoxtərəfli diplomatiya) əhəmiyyəti də xüsusi yer tutdu. O, qeyd etdi ki, beynəlxalq münasibətlər sistemində ədalət prinsipi bərqərar olmalıdır və BMT-nin islahatlara ehtiyacı var. Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının güclənməsi və multilateralizmin dəstəklənməsi, ölkənin qlobal siyasətdə daha təsirli bir aktora çevrildiyini göstərir.

Prezident İlham Əliyev çıxışında iqlim dəyişikliyi ilə mübarizəyə və Azərbaycanın bu sahədə fəal roluna xüsusi yer ayırdı. Azərbaycanın keçən il COP29-a ev sahibliyi etməsi, ölkənin bu sahədə qlobal liderlik iddiasını ortaya qoyur. İqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və maliyyə resurslarının ədalətli bölüşdürülməsi məsələləri çıxışın əsas vurğularından biri oldu.

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində etdiyi çıxışında Ermənistan-Azərbaycan münasibətləri və regional inkişafla bağlı bir sıra mühüm məqamlara toxundu. Prezident Əliyev Xocalı soyqırımını xatırladaraq, 613 nəfərin, o cümlədən 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyini vurğuladı. Buna baxmayaraq, o, gələcəyə baxaraq, Cənubi Qafqazda sülhə nail olmağın vacibliyini qeyd etdi. Bu baxımdan, Azərbaycanın sülh prosesinin təşəbbüskarı olduğunu və Ermənistanla müzakirə olunan sülh sazişi layihəsinin müəllifi olduğunu bildirdi. Prezident, sənədin bəndlərinin əksəriyyətinin artıq razılaşdırıldığını da əlavə etdi. Dövlət başçısı Azərbaycanın mübarizəsinin ədalət, beynəlxalq hüquq və ləyaqət uğrunda olduğunu qeyd edərək, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrinin ölkəmiz tərəfindən icra edildiyini vurğuladı. Əgər Azərbaycan öz torpaqlarını güc yolu ilə azad etməsəydi, həmin qətnamələrin daha 27 il də kağız üzərində qala biləcəyini bildirdi. Prezident, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün gücdən istifadə etməyin zəruriliyini qeyd etdi. Bu kontekstdə, Azərbaycan 2005-ci ildən etibarən güclü ordu quraraq, ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoydu. Prezident Əliyev bəzi ölkələrin Azərbaycana qarşı qarayaxma kampaniyaları apardığını və COP29 tədbirini boykot etməyə çalışdıqlarını bildirdi. Buna baxmayaraq, tədbirin uğurla keçirildiyini və 77 min iştirakçının qatıldığını vurğuladı. O, Azərbaycanın suverenliyini qorumaq əzmini və xarici təzyiqlərə boyun əymədiyini xüsusi qeyd etdi. Sonda, Prezident İlham Əliyev Azərbaycanın sülh prosesinə sadiq qaldığını və Ermənistanla sülh müqaviləsinin müzakirə edildiyini, bəndlərin əksər hissəsinin artıq razılaşdırıldığını bildirdi. O, həmçinin, Azərbaycanın gələcəyə baxaraq, Cənubi Qafqazda sülhün təmin edilməsinə çalışdığını vurğuladı. Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın regionda sülh və sabitliyə verdiyi əhəmiyyəti, beynəlxalq hüquqa hörmətini və gələcəyə yönəlmiş konstruktiv mövqeyini bir daha nümayiş etdirdi.

XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyev ABŞ-ın keçmiş Prezidenti Cozef Bayden və keçmiş dövlət katibi Antoni Blinkenin rəhbərliyi altında olan administrasiyanın yarıtmaz siyasətini tənqid edərək, bəzi məsələlərə diqqət çəkdi. Prezident, Bayden və Blinkenin siyasətinin Azərbaycan üçün qeyri-konstruktiv və bölgədəki ədalət prinsiplərinə zidd olduğunu bildirdi. Xüsusilə Bayden administrasiyasının, Ermənistan-Azərbaycan münaqişəsi və Cənubi Qafqazdakı məsələlərə dair yanaşmalarını tənqid olundu. O, ABŞ-ın bəzi bəyanatlarının və fəaliyyətlərinin Azərbaycanla münasibətlərə mənfi təsir göstərdiyini, xüsusilə Ermənistanın işğalçı siyasətini dəstəkləyən və Azərbaycanın ərazi bütövlüyünü tanımayan yanaşmaların bölgədəki sabitliyə mane olduğunu qeyd etdi. Prezident, Blinkenin və Baydenin idarəçiliyindəki bu siyasətin daha balanslı və obyektiv olmalı olduğunu vurğuladı. O, ABŞ-ın Azərbaycanla münasibətlərini daha ədalətli və konstruktiv bir şəkildə inkişaf etdirməli olduğunu, eyni zamanda Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyan bir siyasətin zəruriliyini bildirdi.

Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı, Azərbaycanın beynəlxalq siyasətdə və qlobal çağırışların həllində aktiv rol aldığını nümayiş etdirdi. Bu çıxış, Azərbaycanın regional lider kimi rolu ilə yanaşı, qlobal məsələlərdə də təşəbbüskar olduğunu göstərdi. Forumda səsləndirilən fikirlər yalnız Azərbaycan üçün deyil, həm də qlobal diplomatiya, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və multilateralizm üçün əhəmiyyətli idi. Beləliklə, Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı həm Azərbaycan üçün strateji əhəmiyyət daşıyan, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan mühüm bir mesaj idi. Bu çıxış, Azərbaycanın müstəqil siyasət yürütməkdə davam edəcəyini və qlobal problemlərin həllində fəal iştirak edəcəyini göstərdi.

Zahid Cəfərov

BDU-nun Hüquq fakültəsinin professoru, h.e.d, YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri,  Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri


Xəbər xətti

14 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin