Yolun ortasında sürücünü döyənlər həbs edildi
13 Mart 2025
16:02 - 12 Mart 2025
Martın 11-də Azərbaycan Universitetində akademik, Xalq yazıçısı Kamal Abdullanın və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin birgə yazdıqları “Qeyri-səlis məntiq və dil-nitq” kitabının təqdimat mərasimi keçirilib.
Manset.az xəbər verir ki, Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduqlarını bildirib.
Çıxışında Lütfi Zadənin əsasını qoyduğu qeyri-səlis məntiq nəzəriyyəsinin fəlsəfi mahiyyəti haqqında yığcam məlumat verən rektor, dünya şöhrətli alimin keçən əsrin 60-cı illərində səsləndirdiyi “Real dünya ilə riyazi dünya arasındakı uçurumu aradan qaldırmaq üçün nə isə etmək lazımdır” fikrini sitat gətirərək qeyd edib ki, Lütfi Zadənin məntiqi bu istiqamətdə aparılan elmi axtarışların məhsuludur. Günümüzdə isə qeyri-səlis məntiq humanitar elmlərə sirayət etməyə başlayıb. Belə ki, akademik Kamal Abdulla ilə professor Rafiq Əliyevin birgə fəaliyyəti nəticəsində “Kitabi- Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və dil-nitq” kimi çox dəyərli iki elmi əsər ərsəyə gəlib. Bu əsərlərin tədqiqatçılar üçün yeni üfüqlər açdığını bildirən rektor tədbirin işinə uğurlar arzulayıb.
Akademik Kamal Abdulla və professor Rafiq Əliyev kitabın ərsəyə gəlmə prosesi haqqında danışıblar. Rafiq Əliyev Lütfi Zadənin məşhur nəzəriyyəsindən bəhrələnən kitabların ideya müəllifinin Kamal Abdulla olduğunu və qeyri-səlis məntiqin dilçilik sahəsinə tətbiqinin məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni cığır açdığını diqqətə çatdırıb. Kamal Abdulla bildirib ki, qeyri-səlis məntiqin başqa elm sahələrinə də tətbiq olunması Lütfi Zadənin ən böyük arzusu olub. Birinci kitab təkcə Azərbaycanda deyil, Türkiyə və Almaniyada da çap olunub və Lütfi Zadənin missiyasının təbliğində böyük rol oynayır. Hazırda yeni əsər üzərində iş gedir və trilogiyanın sonuncu kitabı “Uşaqlar üçün qeyri-səlis məntiq” mövzusuna həsr olunacaq.
Daha sonra çıxış edənlər Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, akademiklər Vaqif Abbasov, Muxtar İmanov, professorlar Qorxmaz Quliyev, İsmayıl Məmmədov, Tahirə Allahyarova kitabla bağlı fikirlərini səsləndiriblər.
Qeyd olunub ki, Lütfi Zadəninin dünya elminə bəxş etdiyi məşhur nəzəriyyəni humanitar elmlərə tətbiq olunması mühüm bir hadisədir. Lütfi Zadənin məşhur nəzəriyyəsindən bəhrələnən Kamal Abdulla və Rafiq Əliyev qeyri-səlis məntiqin nitqdə necə təzahür etdiyini, dilin özünəməxsus xüsusiyyətlərini izah etməyə çalışaraq, yeni tədqiqat sahələrini işıqlandırırlar.
Kitabın elmi əhəmiyyəti yalnız bu nəzəriyyənin tətbiqi ilə məhdudlaşmır, eyni zamanda, geniş tədqiqat istiqamətlərinə yol açaraq, dilçilik və məntiqi sintez edən yeni üfüqlər formalaşdırır. Bu fundamental tədqiqat L.Zadə tərəfindən təməli qoyulan qeyri-səlis məntiqin gələcəkdə dilçilik və digər sosial elmlərdə daha geniş tətbiq olunacağını işarələyir.
Görüş tələbələrin sualları ilə davam edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin