Azərbaycanlı gənc dizayner Milan Moda Həftəsində - FOTOLAR

14:29 - 3 Mart 2025

Azərbaycanlı gənc dizayner Milan Moda Həftəsində - FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə istedadlı gənc dizayner Qalib Həsənov  Milan Moda Həftəsində (Milan Fashion Week - 2025) uğurla iştirak edib.


Manset.az xəbər verir ki, o, bu nüfuzlu tədbirdə İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin də dəstəyi ilə “Institution” adlı brendi altında yeni kolleksiyasını təqdim edərək böyük maraq doğurub.

Qalib Həsənovun kolleksiyası 30 unikal geyimdən ibarət olub və hər bir dizayn onun müasir yanaşmasını, innovativ baxışını və incəsənətlə modanın sintezini nümayiş etdirib. Dizaynerin işləri zəriflik, struktur və konseptual ifadə gücü ilə fərqlənib. Xüsusilə, kolleksiyada Azərbaycanın zəngin mədəni irsini və estetik dəyərlərini əks etdirən milli motivlər geniş yer alıb.

Onun təqdim etdiyi geyimlər klassik və futuristik üslubların harmoniyasını özündə birləşdirərək həm sənətsevərlərin, həm də moda ekspertlərinin diqqətini çəkib. Eyni zamanda kolleksiyada milli kimliyə vurğu edilməsi Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir. 

Qeyd edək ki, Milan Moda Həftəsi dünyanın ən nüfuzlu moda tədbirlərindən hesab olunur və bu platformada solo debüt etmək istənilən dizayner üçün böyük nailiyyətdir.



Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin