Azərbaycanlı gənclərin İstanbul məcarası: “Ər-arvad münasibətində idik”

23:06 - 10 İyun 2021

Azərbaycanlı gənclərin İstanbul məcarası: “Ər-arvad münasibətində idik”

İsmayıllı rayonunda 1993-cü il təvəllüdlü Rahib yetkinlik yaşına çatmayan həmyerlisi Səbinə (ad şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

Manşet.az Teleqraf.com-a istinadən xəbər verir ki, Rahib 2002-ci il təvəllüdlü Səbinənin on altı yaşına çatmadığını bildiyi halda 2017-ci ildə evlənmək məqsədi ilə özünün razılığı ilə İstanbul şəhərində ünvanı məlum olmayan kirayə götürdüyü evə aparıb.

Onlar həmin vaxtdan birlikdə yaşamağa başlayıb, göstərilən ünvanda ər-arvad münasibətlərində olduqları zaman təbii yolla cinsi əlaqədə olublar.

Bundan bir qədər sonra onlar İsmayıllı rayonu Uştal kəndinə gəliblər. Səbinənin razılığı ilə dəfələrlə cinsi əlaqədə olub, mütəmadi seksual xarakterli digər hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Rahibin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

“Qaçmağı təklif etdim”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rahib elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2015-ci ilin mayında işləmək məqsədi ilə İstanbula gedib və orada mebel sexində usta kimi fəaliyyət göstərib:

“2017-ci ilin fevralın əvvəllərində həmin şəhərdəki “Takstil” paltar fabrikində işləyən Səbinə ilə tanış oldum. Söhbət zamanı onun əslən Şahbuz rayonundan olduğu, anası Naibə (zərərçəkmişin ailə üzvlərinin adları şərti verilib – red.) və qardaşı Xəyyamla birlikdə işlədikləri məlum oldu. Səbinədən xoşum gəldiyindən həmin şəhərdə yaşayan xalam qızı Aydan vasitəsi ilə ona evlənmək təklifi etdim.

Aydan Səbinəyə fikrimi çatdırdı, Səbinə razılaşdı. Bir həftədən sonra Səbinəyə evlənmək məqsədi ilə qoşularaq qaçmağı təklif etdim. Biz birlikdə İstanbul şəhərindəki kirayə yaşadığım evə getdik”.

“Nikaha daxil ola bilmədim”

Rahibin sözlərinə görə, həmin evdə Səbinənin razılığı ilə cinsi əlaqədə olaraq onun bakirəliyini pozub: “Həmin gün Səbinənin 15 yaşı olduğunu bilmişəm. Onu evlənmək məqsədi ilə qaçırdığımı anam da bilib. Üç-dörd gün sonra həmin evdən çıxaraq xalam qızı Aydanın və qardaşım Rəcəbin kirayə yaşadığı evə köçdüm. Orada Səbinə ilə ər-arvad münasibətlərində yaşadıq.

Səbinənin anası və qardaşı bizim yaşadığımız evə gələrək barışıq etdilər, evlənməyimizə etirazlarının olmadığını bildirdilər. İki aya yaxın İstanbul şəhərində yaşadım. Qayınanam həmişə bizim ailə işlərimizə müdaxilə etdiyindən Səbinə ilə birlikdə Azərbaycana qayıtdıq.

İsmayıllı rayonu Uştal kəndində atamın evində ər-arvad münasibətlərində yaşamağa başladıq. Səbinənin yaşı az olduğundan onunla nikaha daxil ola bilmədim”.

“Qayınanam da bizə gəldi”

Rahib qeyd edib ki, Uştal kəndinə qayıdandan sonra toyları olub: “Toyda Səbinənin anası və dayıları iştirak etdilər. 2018-ci ildə qayınanam gələrək Səbinəni Naxçıvana, oradan isə Türkiyə Cümhuriyyətinə apardı. 2018-ci ildə bizim övladımız dünyaya gəldi. Birgə razılıq əsasında uşağın adını Səməd qoyduq.

2019-cu ildə Səbinə azyaşlı oğlu birlikdə Uştal kəndinə qayıdaraq yenidən mənimlə birlikdə yaşamağa başladı. 2020-ci ildə qayınanam bizə qonaq gəldi və müəyyən müddət bizdə qaldı.

Qayınanam bu müddətdə dəfələrlə mənə valideynlərimdən ayrılmağımı və Səbinə ilə ayrı yaşamağımı bildirdi”.

“Ər-arvad münasibətindəyik”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, buna görə 2020-ci ildə aralarında mübahisə baş verib: “Qayınanam qızı Səbinəni və azyaşlı oğlumu Uştal kəndində yaşayan qohumlarının evinə, oradan isə Naxçıvan Muxtar Respublikasına apardı. Bir müddət sonra mənim Səbinə ilə olan qeyri-rəsmi nikahından ikinci övladım da anadan oldu.

Törətdiyim cinayət əməlini könüllü etiraf etdim, əməlimdən səmimi peşman oldum. Səbinə ilə tanış olduğum vaxtdan onunla ailə qurmaq niyyətində olmuşam və hal-hazırda da ər-arvad münasibətindəyik. Səbinəni öz arvadım kimi yaşadığım evə qeydiyyata salmışam və hazırda həmin evdə qeydiyyatda olmaqla birlikdə yaşayırıq”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinə Rahiblə olan münasibətindən, daha sonra intim münasibətində ər-arvad kimi yaşamaqlarından danışıb. O, ifadəsində Rahiblə aralarında olan soyuq münasibətdə barədə də ifadə verib: “2020-ci ilin fevralında anam yenidən bizim evə gəldi və Rahibə ayrıca ev tutaraq ata evindən çıxmağı təklif etdi. Rahib razılaşmadı, buna görə də polis şöbəsinə gedərək Rahibin 16 yaşına çatmadığımı bildiyi halda mənimlə cinsi əlaqədə olduğuna görə barəsində qanuni tədbir görülməsini xahiş etdim. Elə həmin gün Şəki rayon Mərkəzi Xəstəxanasında ikinci uşağım anadan oldu”.

Səbinə daha sonra qeyd edib ki, Rahiblə barışıb, birgə nikahlarından iki azyaşlı övladları var. Onun ifadəsinə görə, Rahib onu öz arvadı kimi yaşadığı evdə qeydiyyata salıb və o, hazırda həmin evdə qeydiyyatdadır. Səbinə Rahibə qarşı şikayəti olmadığını bildirib.

Bu cinayət işinə İsmayıllı rayon Məhkəməsində hakim Rəfayel Şirinovun sədrliyi ilə baxılıb.

Rahibin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza verilib.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin