Azərbaycanda bu şəxslərə aylıq 250 manat veriləcək

10:10 - 3 Mart 2025

Azərbaycanda bu şəxslərə aylıq 250 manat veriləcək

"Nazirlər Kabineti "Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi" Qaydasını təsdiq edib. Yeni sənəd rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını, şərtlərini müəyyən edir".

 

Manset.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov "Facebook" hesabında paylaşım edib.

O bildirib ki, sənədə əsasən, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına 250 manat məbləğində aylıq pul kompensasiyası ödənilir: "Qaydaya əsasən, rotasiya olunanla birgə yaşayan hər bir ailə üzvü üçün bu 125 manat ödəniləcək. Əmək Məcəlləsinə əsasən, işğaldan azad edilmiş ərazilərində qulluq keçmək üçün rotasiya olunanlara ödənilən kompensasiyalara 1.5 əmsal tətbiq edilir, yəni, aylıq 375 manat ödənilir:

"Rotasiya olunanlara minimum aylıq əməkhaqqının üç misli məbləğində, yəni 1 200 manat birdəfəlik ödənişin verilməsi də nəzərdə tutulur. Bu vəsait köç və digər zəruri xərclərin ödənilməsi məqsədilə verilir.

Yeni qaydanı keyslər üzərindən izah edək: Birinci halda, Sumqayıt şəhərində qeydiyyatda olan dövlət qulluqçusu rotasiya qaydasında Bərdə rayonunda işini davam etdirir və onun ailəsinin dörd üzvü var. Bu zaman həmin şəxsə 1 200 manat birdəfəlik ödəniş və 625 manat (250 manat + 125 manat X 3) aylıq kompensasiya ödənilir. Bu kompensasiya maaşdan əlavə ödənilən vəsaitdir.

İkinci halda, Sumqayıt şəhərində qeydiyyatda olan dövlət qulluqçusu rotasiya qaydasında Füzuli şəhərində, yəni işğaldan azad olunan ərazimizdə işini davam etdirir. Bu halda həmin şəxsə 1 200 manat birdəfəlik ödəniş və 937.5 manat (250 manat + 125 manat X 3 X 1.5) aylıq kompensasiya ödənilir. Bu kompensasiya da maaşdan əlavə ödənilən puldur".

"Qeyd edək ki, kompensasiyaların verilməsində əsas məqsəd dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rotasiya prosesinə marağın artırılması və dövlət qulluqçularının yaşadığı inzibati ərazi vahidindən kənarda qulluq keçməyə həvəsləndirilməsidir", - deyə deputat qeyd edib.


Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin