Rumıniyada Xocalı faciəsinə həsr olunan təqdimat keçirildi - FOTO

16:35 - 28 Fevral 2025

Rumıniyada Xocalı faciəsinə həsr olunan təqdimat keçirildi - FOTO

26 fevral 2025-ci il tarixində Azərbaycan Dillər Universitetinin əməkdaşları - İngilis dilinin qrammatikası kafedrasının f.f.d., dosent Röya Abdurahmanova və İngilis dilinin üslubiyyatı kafedrasının f.f.d, dosent Afaq Eminli Rumıniyanın ilk ali məktəbi olan  Aleksandr İohan Kuza Universitetində Azərbaycan Multikulturalizm mərkəzinin direktoru Lyudmila Bejenarunun dəstəyi ilə Xocalı faciəsinə həsr olunmuş təqdimat keçiriblər.

 

Manset.az xəbər verir ki, təqdimat zamanı 1992-ci ilin 26 fevralında baş vermiş qanlı hadisənin tarixi, səbəbləri və nəticələri barədə ətraflı məlumat verilib. Təqdimatda Xocalı soyqırımı zamanı həyatını itirən günahsız insanların xatirəsi yad edilmiş və bu faciənin insanlıq əleyhinə törədilmiş ağır cinayət olduğu vurğulanıb. Tədbir zamanı foto və video materiallar vasitəsilə faciənin dəhşətli mənzərələri əyani şəkildə təqdim edilib.

Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və müxtəlif sahələrdən olan qonaqlar iştirak edib. Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasının vacibliyi bir daha qeyd olunub.

Qeyd olunub ki, Azərbaycan Dillər Universiteti Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində fəaliyyətini davam etdirəcək.

 


Xəbər xətti

28 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin