Azərbaycanda bu şəxslər mükafatlandırılacaq
21 Fevral 2025
14:00 - 19 Fevral 2025
İnzibati Xətalar Məcəlləsinə yeni 452.2-1 maddəsi əlavə edilib. Belə ki, reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməməsinə görə - 200 manat cərimə edilir. Bu dəyişiklik 14 iyul 2023-cü ildə “Dərman vasitələri haqqında” AR qanununa edilmiş dəyişikliklə bağlıdır. Belə ki, həmin qanuna 13.6 maddəsi əlavə edilməklə qeyd olunur ki, reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməlidir. Burada qanuna imperativlik əlavə olunur. Buna uyğun olaraq da, qanunun həyata keçirilmədiyi təqdirdə də, inzibati xəta üzrə sanksiya müəyyən olunmalı idi. Qeyd olunan dəyişikliklə bu hal üzrə cərimə müəyyən olunmuşdur.
Bəs nə üçün bu qanuna gərək var idi, nə üçün əlavə edildi və əhəmiyyəti nədir?
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Manset.az-a bildirib ki, pasiyentə yazılan reseptdə qeyd olunan təsiredici vasitə müxtəlif adlar altında, fərqli firmalar tərəfindən, fərqli qiymətlərlə təklif edilə və bu zaman ciddi qiymət fərqləri də yarana bilər.
Onun sözlərinə görə, yəni aptek təşkilatında satıcı daha bahalı olan dərmanı təklif edərək, daha ucuzu haqqında məlumatları, onun mövcudluğu və ya qiyməti barədə məlumatı gizlədə bilər: “Bu, vətəndaşın həm məlumat almaq hüququnu pozur, həm dərmanlara əlçatanlığın qarşısını alır, həmçinin, vətəndaşı maliyyə yükü ilə qarşı-qarşıya qoyurdu. Yəni, müəyyən kommersiya maraqlarına görə, vətəndaşlar əziyyət çəkirdi. Bu kimi halların qarşısının alınması üçün inzibati xəta zamanı sanksiya məbləği müəyyənləşdirildi. Təbii ki, burada satıcı aptek təşkilatı, yəni hüquqi şəxs məsuliyyət daşıyır. Dəyişiklik qanunun çəkindiricilik gücünün artırılması məqsədi daşıyır. Elektron reseptlər də bu sahədə şəffaflığı təmin edəcəkdir”.
Deputat söyləyib ki, bu yanaşmalar, istehlakçıların hüquqlarının qorunmasına dövlət nəzarətinin gücləndirilməsinə və əhalinin keyfiyyətli səhiyyə xidmətləri ilə təminatında onların maliyyə yükünü azaltmağa xidmət edir:
“Bu qanunda edilən digər dəyişiklik isə bioloji aktiv qida əlavələri ilə bağlıdır. Belə ki, həmin məhsulların üzərində “dərman vasitəsi deyildir” qeydi olmalıdır. Bu qeyd olmadan qida əlavələrinin satışına, idxalına və istehsalına görə cərimə müəyyən edilir. Bioloji aktiv qida əlavələri reseptə yazılmamalıdır. Yazılarsa, buna da cərimə müəyyən edilir. Dərmanların təlimatının azərbaycan dilində olmamasına görə və həmin dərmanın dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən aptek təşkilatının azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə cərimələr müəyyən edilib. Əgər həmin təlimatı istehlakçı istədiyi halda, verilməməsinə görə aptekə 50 manat cərimə tətbiq olunur”.
“Həmin Məcəlləyə reklam haqqında qanunun tələbələrinin pozulmasına görə də - 428.4 maddəsi üzrə dəyişiklik olunub. Belə ki, bioloji aktiv qida məhsullarını dərman olmaması və müalicə üçün nəzərdə tutulmaması qeydini etmədən reklam etməyə görə cərimə müəyyənləşib. Həmçinin, qeydiyyat nömrəsi göstərilmədən, resept olmadan buraxılan dərman vasitələrinin və tibbi texnikadan istifadənin həkim məsləhəti olmadan istifadəsinin əlavə təsirləri qeyd edilmədən reklam edilməsinə sanksiya müəyyənləşib.
Digər bir əlavə ilə Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə yeni dəyişikliklər edilib. Belə ki, Məcəllənin 221.1-ci maddəsində “Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına” dair cərimələr müəyyən edilib. Belə ki, inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək cərimə edilir.
Bu məsuliyyətin müəyyən edilməsi sözügedən sahədə sui-istifadə hallarının qarşısının alınmasında çəkindirmə funksiyası məqsədini daşıyır. Bu məsuliyyətin müəyyən edilməsi dövlət büdcəsi hesabına alınmış dərman preparatlarının qanunsuz dövriyyəsinin qarşısının alınmasına da töhfə verəcək faydalı addımdır”, - Pərvanə Vəliyeva əlavə edib
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin