Konqoda şiddətli döyüşlər gedir, sülhməramlılar ölüb

23:15 - 26 Yanvar 2025

Konqoda şiddətli döyüşlər gedir, sülhməramlılar ölüb

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Şimali Kivu əyalətində bazar günü hökumət qüvvələri ilə 23 Mart Hərəkatı (M23) qruplaşmasının üsyançıları arasında şiddətli döyüşlər davam edib.

 

Manset.az xəbər verir ki, bu barədə Konqonun “Okapi” radiostansiyası məlumat yayıb.

Qərbdə Konqo ordusu üsyançıları Qomadan 27 km məsafədə yerləşən strateji əhəmiyyətli Sake şəhərindən sıxışdırıb çıxarmağa çalışır. Üsyançılar tərəfindən ələ keçirilən şəhərə hücumun yaxın saatlarda başlayacağı gözlənilir. BMT-nin ölkəyə yardım missiyasının da istifadə etdiyi Qoma hava limanı iflic olub.

Bu arada BMT-nin Konqo Demokratik Respublikasındakı missiyasının 13 sülhməramlısı döyüşlərdə həlak olub, on biri isə yaralanıb. BMT-nin Baş katibi Antonio Quterreş Konqonun şərqində zorakılığın artmasından dərin narahat olduğunu və Ruanda tərəfindən dəstəklənən M23 qrupunun hücumunu pislədiyini söyləyib.

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi Ruanda prezidenti Pol Kaqame ilə telefon danışığında Ruanda ilə Konqo Demokratik Respublikası arasındakı sərhəddə gərginliyin azaldılmasına nail olunmasının zəruriliyindən danışıb.

Qomadan mülki əhalinin kütləvi şəkildə köçürülməsi, itkilər və BMT sülhməramlılarının ölümü ilə nəticələnən hücumlardan dərin narahatlıq keçiririk. Mən Pol Kaqame ilə danışdım, Ruanda və KDR-in danışıqlar masasına qayıtmasının təcili ehtiyacını vurğulayaraq gərginliyi azaltmağa çağırdım”, - deyə, nazir bildirib.


Xəbər xətti

27 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin