Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirildi - FOTOLAR

13:00 - 24 Yanvar 2025

Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirildi - FOTOLAR

Yanvarın 24-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) XI qurultayı keçirilib. Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda gerçəkləşən tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, ABİ-nin İdarə heyəti, tanınmış mədəniyyət xadimləri iştirak ediblər. 

Manset.az xəbər verir ki, qurultayda qurumun sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadənin hesabat məruzəsi dinlənilib. Firəngiz Əlizadə Azərbaycan bəstəkarlarının son illərdə qazandığı uğurlardan, ittifaq tərəfindən həyata keçirilən layihələrdən, gənc musiqiçilərə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, 2019-2024-cü illəri əhatə edən hesabat dövründə bəstəkar və musiqişünaslar öz yaradıcılıqları ilə Azərbaycan musiqi mədəniyyətini inkişafına töhfə veriblər. 

Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycan musiqi sənətinin qədim tarixə və zəngin ənənələrə malik olduğunu bildirib. Qeyd edib ki, mədəniyyətimizin himayədarı olmuş Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə ölkəmizdə musiqi sənətinin inkişafını diqqətdə saxlayıb, onun bir sıra bəstəkarlarımızla dostluq münasibətləri olub. Ulu öndər bəstəkarlarımıza qayğı ilə yanaşıb, onların yaradıcılığının təbliğinə daim dəstək verib.  

Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi qayğıdan danışan Adil Kərimli deyib ki, ölkəmizdə ayrı-ayrı sənətkarlarla yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqının da fəaliyyətinə dəstək verilir. Bu qayğının sayəsində klassik və müasir bəstəkarlarımızın əsərləri dünyanın məşhur səhnələrində səsləndirilir. 

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi və şanlı Ordumuzun qəhrəmanlığı sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Tarixi Qələbəmiz digər yaradıcılıq istiqamətləri ilə yanaşı, musiqi əsərlərində də yaşadılmalı, Vətən övladlarının misilsiz qəhrəmanlığı musiqinin dili ilə vəsf olunmalıdır.

Adil Kərimli çıxışının sonunda ABİ-yə fəaliyyətində uğurlar arzulayıb. 
 



Xəbər xətti

24 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin