Baş bankir oğurlanmış 80 minin tez tapılmasına aydınlıq gətirdi

12:58 - 22 Yanvar 2025

Baş bankir oğurlanmış 80 minin tez tapılmasına aydınlıq gətirdi

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bir neçə gün əvvəl Milli Qəhrəman Hökümə Əliyevanın atasının kartından 80 min manatın oğurlanması və aidiyəti bankın dərhal addımlar ataraq balansdan oğurlanan məbləğin geri qaytarılması ilə bağlı sualı cavablandırıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında danışıb.

AMB sədrinin sözlərinə görə, informasiya və kibertəhlükəsizlik vacib amillərdir:

“Əksər hallarda vətəndaşlara qarşı dələduzluq məbləği aşağı olur. Bir çox hallarda bu dələduzluq halları xaricə gedib çıxır. Onu araşdırmaq, analiz etmək vaxt alır. Lakin bu dələduzluq ölkə daxilində olub. Ona görə də təcili araşdırılıb və tədbir görülüb”.

AMB-nin sədr müavini Vüsal Xəlilov əlavə edib ki, nağdsız ödənişlərin sayının artması ilə kiberdələduzluq halları da artır:

“Bu say təəssüf ki, Azərbaycanda da çoxalır. Bir çox hallarda bu, vətəndaşların özlərinə məxsus məlumatların, OTP kodlarının qarşı tərəfə verilməsi ilə bağlıdır.

Artıq mart ayından maliyyə sektorunda kibertəhlükəsizliklə bağlı yeni qaydalar tətbiq olunacaq. Paralel olaraq, biz mediada maarifləndirici məlumatlar yayımlayırıq. Düşünürük ki, bütün bu görülən tədbirlərin dələduzluq hallarının azaldılmasında təsiri olacaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından 80 507 oğurlanıb.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb. Oğurlanan vəsait geri qaytarılıb.


Xəbər xətti

22 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin