Tarixi məhkəmə prosesi başlayır - Gözlər BAKIDA!

09:30 - 14 Yanvar 2025

Tarixi məhkəmə prosesi başlayır - Gözlər BAKIDA!

Azərbaycan İsraildən sonra ikinci dövlətdir ki, xalqına qarşı terror edənləri özü tapıb mühakimə edir; Ermənistanın isə Avropa Məhkəməsindən gözləntisi var - rəy  


Bu həftə (yanvarın 17-də) Bakıda tarixi məhkəmə prosesi başlayacaq. Qarabağdakı xunta rejiminin keçmiş və son rəhbərləri, hərbi cinayətkarlar ilk dəfə hakim qarşısına çıxarılacaq. “Yeni Müsavat” bildirir ki, irəli sürülən ittihamlar toplusu onların hamısına ən ağır cəzalar, o sırada ömürlük həbs vəd edir. 

Manset.az Musavat.com-a istinadən bildirir ki, bu arada Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan bildirib ki, İrəvan “Azərbaycan tərəfindən həmin şəxslərə qarşı aparılan qanunsuz (?! - red.) məhkəmə prosesləri ilə bağlı” ayrıca məhkəmə işi başladıb. Onun sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvarın sonuna kimi Bakıda saxlanılan erməni hərbi cinayətkarlarla haqqında tam məlumat verməsini tələb edib. “Qeyri-qanuni (? - red.) həbs edilmiş erməni hərbi əsirlərin azad edilməsi ilə bağlı məhkəmə işlərində Ermənistan Avropa İnsan Haqları Məhkəməsinə müvafiq tələblər təqdim edib”, - Kirakosyan bildirib. 

O, məsələnin guya BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) də müzakirə olunduğunu deyib: “Hazırkı mərhələdə AİHM Azərbaycan üçün konkret müddət müəyyən edib - yanvarın sonuna qədər bütün saxlanılan şəxslər haqqında məlumat vermək. Bütün saxlanılan şəxslərlə bağlı ətraflı məlumat veriləcəyini gözləyirik. Xüsusilə onların səhhəti, hüquqları və saxlanma şəraiti haqqında”. Görəsən, Kirokosyan hansı qanunsuz həbsdən dəm vurur? Azərbaycan dövlətinə illərlə meydan oxumuş, xalqımıza qarşı saysız cinayətlər, o sırada soyqırımları törətmiş caniləri sərbəst buraxmalı idik? Bəs ayrıca “məhkəmə işi başlatmaqla” İrəvan nəyə nail olmaq istəyir? Bakı AİHM-ə onun qərarı əsasında yanvarın sonunadək məlumatı verəcəkmi?   

Çingiz Qənizadə: Prezidentin parlament qarşısında qoyduğu mühüm vəzifələr  layiqincə yerinə yetirilir - AZƏRTAC

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə qeyd etdi ki, əvvəla saxlanılan erməni hərbi canilərinin səhhəti, saxlanma şəraiti haqda tez-tez məlumat verilir, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri onlarla görüşür, ailələri ilə əlaqə saxlamaq imkanı yaradılır: “Bu məsələdə şəffaflıq təmin olunub və hər hansı narazılıq yoxdur. Azərbaycan həm yerli, həm beynəlxalq hüquqa uyğun olaraq təqsirləndirilən şəxslərlə rəftar edir, onların məhbus kimi nəzərdə tutulan hüquqları təmin edilir. O baxımdan, Avropa Məhkəməsinin ayrıca məlumat əldə etmək istəyində problem yoxdur, Azərbaycan onları təqdim etməyə hazırdır. Sadəcə, Ermənistan Avropa Məhkəməsinə müraciətlə işi beynəlxalq ictimaiyyətin diqqətində saxlamaq istəyir. Halbuki həmin hərbi cinayətkarlar Azərbaycan ərazilərində qanunsuz əməllərlə, terrorçuluqla məşğul olublar, onların mühakiməsi də daxili işimizdir. Əgər bir narahatlıq varsa, Azərbaycan saxlanılan separatçı liderlər haqda məlumat verə bilər”.

Ç.Qənizadə bildirdi ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakıda həbsdə olan hərbi cinayətkarların cinayət işi ilə bağlı Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib: “Ermənistan Avropa Məhkəməsinin üstünə qaçmaqdansa, bu təklifi dəyərləndirib istintaq qrupu göndərə bilər. Biz bu cinayət işi üzrə hər şeyin üzə çıxmasının, onların layiqli cəzalarını almalarını istəyirik. Ermənistan da Bakıya heyət göndərməklə prosesdə iştirak edə bilər. Azərbaycan bütün şəffaflığı təmin edir. Onsuz da bu şəxslərin qatil, terrorçu, Azərbaycan qanunlarına və dövlətə qarşı fəaliyyət göstərdikləri hamıya aydındır. Ermənistan ərazisində belə bir qondarma rejim olsaydı, onlar necə davranardı? Elə spiker Simonyan demişdi ki, İrəvanda olan ”artsax nümayəndələri"nin toplaşması, iclaslar keçirməsi Ermənistan dövlətçiliyinə təhdiddir və leqal hökumət olduğu yerdə ikincisi ola bilməz. Madam ki Paşinyan iqtidarı bu həqiqəti özləri üçün dərk edir, Azərbaycana gəldikdə bizim dözüm nümayiş etdirməyimizi gözləmək absurddur".

Hüquq müdafiəçisi əlavə etdi ki, məhkəməsi başlanacaq erməni terrorçuları bu maddələrlə ömürlük həbs cəzası gözləyir. Onların ekstradisiyasını hazırda mümkün hesab etməyən Ç.Qənizadə bildirdi ki, sülh müqaviləsi imzalanarsa, dövlətlər arasında diplomatik əlaqələr olarsa, iki qonşu arasında etimad yaranarsa, bəlkə nə zamansa onlar ekstradisiya edilə bilər, indisə real deyil, bu canilər xalqımıza etdikləri cinayətlərə görə ömürlük həbsdə qalmalıdırlar: “Məhkəmə istintaqı dövründə onların özləri cinayətlərini etiraf edəcəklər. 2500 epizod üzrə istintaq materialları, dəlil-sübutlar, onların etirafları və şahidlərin ifadələri var. Dünya bu prosesi izləyəcək və Avropa Məhkəməsinə də aydın olacaq ki, erməni separatçılar hansı cinayətləri törədiblər”.

Qeyd edək ki, Qarabağda, əzəli Azərbaycan torpaqlarında həmyerlilərimizə qarşı törədilən amansız, insanlıqdan kənar cinayətlər irqçi, faşist Zori Balayanın kitablarından tutmuş həmin cinayətlərdə birbaşa iştirak ermənilərin öz dillərindən də dünyanın müxtəlif mətbu orqanlarında, beynəlxalq təşkilatların hesabatlarında dərc olunub. Azərbaycan İsraildən sonra ikinci dövlətdir ki, xalqına qarşı hərbi cinayətlər və terror törətmiş şəxsləri tapır və həbs edir. Bu, Azərbaycanın legitim hüququdur. Məlumdur ki, 30 ildə torpaqlarımızın işğalına, ərazilərimizin beynəlxalq terrorçuların və beynəlxalq narkomafiyanın, silah qaçaqmalçılığının sığınacağına çevrilməsinə göz yuman beynəlxalq birlik hərbi cinayətkarların cəzalandırılması üçün hansısa addım atmırdı və atmayacaqdı. Xatırladaq ki, 2020-ci il oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşmüşdü. Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində 1 mülki şəxs şəhid olmuş və 32 mülki şəxs isə yaralanmışdı. Bununla yanaşı, oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak olmuş, 6 nəfər yaralanmış, mülki infrastruktura külli miqdarda ziyan dəymişdi. Ümumilikdə isə Bərdə rayonunda törədilən terrorlar nəticəsində 28 nəfər həlak olmuş, 108 nəfər yaralanmışdı.

 


Xəbər xətti

14 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin